![]()
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevə qarşı yönəlmiş təxribat xarakterli cəhdlər cəmiyyətdə haqlı narazılıq doğurub. Bir qrup öyrədilmiş şəxsin təhlükəsizlik perimetrini pozmağa cəhd göstərməsi və təxribatçı şüarlar səsləndirməsi bütövlükdə Azərbaycan dövlətinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.
Hadisələrin diqqətçəkən tərəfi ondan ibarətdir ki, aksiyaya ilk dəstək verən qurumlardan biri ABŞ-da fəaliyyət göstərən ANCA olub. Ardınca anti-Azərbaycan mövqeyi ilə tanınan konqresmen Frank Pallonenin reaksiyası bu prosesin təsadüfi xarakter daşımadığını göstərir. Gəlinən qənaət budur ki, Vaşinqtondakı radikal qrup və onları açıq şəkildə müdafiə edən dairələr eyni ideoloji xətt üzrə hərəkət edərək ölkəmizə qarşı koordinasiyalı informasiya və siyasi təzyiq kampaniyasının tərkib hissəsi kimi çıxış edirlər.
Subyekt.az xəbər veri ki Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirib ki, bu hadisə həm də Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının yüksək səviyyədəki peşəkarlığını və ölkəmizin rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan mühüm addımları bir daha nümayiş etdirir: “Dövlət başçısı xarici səfərdə olarkən o, öz şəxsi kimliyi ilə deyil, millətin iradəsinin simvolu kimi çıxış edir. O, bayrağımızı, suverenliyimizi və dövlətçiliyimizi təmsil edir. Ona qarşı atılan hər bir təxribatçı addım, əslində, onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir.
Çünki dövlət başçısı xarici səfərdə olarkən o, təkcə siyasi bir fiqur deyil — xalqın iradəsini və dövlətin suverenliyini təmsil edən ali rəmzdir. Ona qarşı yönəlmiş hər hansı planlı hərəkət, əslində, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdidir. Bu gün Azərbaycan dövlətinin başçısının yürütdüyü müstəqil siyasət, regionda sülh reallıqlarını yaratması, dünyada nüfuz sahibi olması, Münhendə, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanan və sözün çəkisi olan lider olması çoxlarını narahat edir. Onlar öyrəşiblər ki, Azərbaycan xalqı torpaqları işğal altında olan, beynəlxalq platformalarda pozulmuş hüquqlarının bərpasına çağırışlar edən və əzilmiş xalq kimi görünsün. Amma bu gün xalqımızın qalib və başıuca gəzməsi çoxlarının yuxusunu qaçırdıb”.

Deputat dedi ki, bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz: “Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu milli satqınlar şovinizt erməni dairələrin və xarici xüsusi xidmət orqanların cızdıqları ssenarilərə uyğun şəkildə hərəkət edirlər. Mən onlara heç azərbaycanlı deməzdim. Satqının nə milləti, nə də vətəni olur. Millətin iradəsinin simvolu, suverən dövlətimizin təmsilçisi olan dövlət başçımıza qarşı edilən hər bir təxribat siyasi təzyiq yox, xalqın ləyaqətinə toxunmaq cəhdidir. Xaricdə müəyyən dairələrin himayəsi altında oturaraq dövlətimizə və millətimizə qarşı düşmən kəsilmiş bu ünsürlər, həm də onları idarə edənlər bilməlidirlər ki, xalqımızın milli birliyini və həmrəyliyini heç kim poza bilməz”.
Subyekt.az