HALAL EDİN…
Bir qərinə ayrılığın sonu çatdı-
od-alovlu “İstisuyun” suyu gəldi
Bakımıza,
On il qabaq desəydilər, söyləyərdim-“zarafatdı…”,
bu möhtəşəm qələbələr heç gəlməzdi ağlımıza.
Rəhmət sizə, Dərgahdakı əzizlərim;
halal edin mərcan “İsa bulağının”,
azad olmuş çeşmələrin sularını,
halal edin- yarı şikəst, yarı sağlam ömür sürən Qazilərim,
Yaylaqların baharını, yaylarını!
Halal edin; didərginə qaytarılmış obasını,
Şuşamızda cəhcəh vuran bülbüllərə yenilənmiş yuvasını,
halal edin qanınızla isinərək alovlanan
kor edilmiş ocaqların həlim- doğma havasını,
Halal edin; Dərgahdakı unudulmaz əzizlərim,
yarı sağlam, yarı şikəst qazilərim,
azad, xürrəm yaşadığım hər anımı,
halal edin şöləsində nəğmələrim bəstələnən çırağımı…
Vahid ƏZİZ
Subyekt.az