![]()
21–22 noyabr 2025-ci il tarixlərində Bakı “Radisson Hotel” beynəlxalq elmi əməkdaşlığın növbəti mühüm mərhələsinə ev sahibliyi etdi. Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin (AHMİB) təsis edilməsinin 6 illiyi və ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasına həsr olunan V Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi geniş elmi ictimaiyyətin diqqətini cəlb etdi.
Konqresin açılış mərasimində hematologiya sahəsinin qlobal nüfuz sahibləri çıxış etdilər. Tədbirdə iştirak edən:
Türk Hematologiya Dərnəyinin sədri Özgür Mehtap,
Türk Pediatrik Hematologiya Dərnəyinin sədri Ayşegül Ünüvar,
İtaliya Onkologiya və Hematologiya Dərnəyinin sədri Claudio Cerchione
Azərbaycanın hematologiya sahəsində son illər ərzində əldə etdiyi irəliləyişləri yüksək dəyərləndirərək, elm, təhsil və kliniki təcrübə istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.
Nitqlərdə xüsusilə qeyd olundu ki, Azərbaycan regionda hematologiyanın inkişafına sistemli şəkildə investisiya qoyan ölkələrdən biridir və beynəlxalq elmi əlaqələrin güclənməsi xəstələrin müalicə imkanlarının genişlənməsinə birbaşa təsir göstərir.
İki gün davam edən tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislər leykemiyalar, limfomalar, anemiya formaları, pediatrik hematologiya, kök hüceyrə transplantasiyası, həmçinin yeni dərman və müalicə protokolları sahəsində son yenilikləri təqdim etdilər.
Konqresin məqsədi təkcə elmi bilik mübadiləsi deyil, həm də Azərbaycan həkimlərinin beynəlxalq hematologiya cəmiyyətləri ilə daha sıx əməkdaşlığının təşviqi idi.
Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri, hematologiya sahəsində tanınmış mütəxəssis Valeh Hüseynov söz alaraq, konqresin elmi proqramına verdikləri dəstəyə görə hər üç beynəlxalq dərnək sədrinə təşəkkürünü bildirdi.
O, Özgür Mehtap, Ayşegül Ünüvar və Claudio Cerchioneyə xüsusi hazırlanmış plaketləri təqdim etdi. Bu jest beynəlxalq elmi birliyin gücləndirilməsi və gələcək əməkdaşlıqların davamlılığına verilən yüksək dəyərin simvolu kimi qiymətləndirildi.
Konqres həm yerli, həm də xarici iştirakçılar tərəfindən Azərbaycanın hematologiya sahəsinin inkişafında mühüm bir mərhələ kimi dəyərləndirildi. Tədbir elmi yeniliklərin paylaşılması, təcrübə mübadiləsi və regional əməkdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.





#hematologiyamütəxəssisləri #hematolojiuzmani #kongress #internationalkongress #leykemiya #lösemi #mieloma #baku #radisson #sondakika #sondəqiqə
Subyekt.az