![]()
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Altay Mustafayev ABŞ-də hüquq elmləri üzrə doktorluq — SJD (Doctor of Juridical Science) elmi dərəcəsi əldə edib.
Altay Mustafayev ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Bununla da Altay Mustafayev ABŞ-də hüquq üzrə SJD elmi dərəcəsi alan ilk azərbaycanlı hüquqşünas kimi tarixə düşüb.
Bu mühüm elmi nailiyyət Azərbaycan hüquq elminin və milli vəkillik institutunun beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Uzun illərdir hüquq sahəsində peşəkar fəaliyyəti ilə seçilən Altay Mustafayev beynəlxalq müstəqil reytinq nəşrlərinin qiymətləndirmələrində Azərbaycanın aparıcı hüquqşünaslarından biri kimi tanınıb.
Onun növbəti yüksək elmi uğuru yalnız şəxsi akademik nailiyyət deyil, eyni zamanda Azərbaycan hüquq ictimaiyyəti, milli vəkillik institutu və ölkəmizin hüquq elmi üçün əlamətdar hadisədir.
Altay Mustafayevin elmi və peşəkar fəaliyyəti hüququn müxtəlif sahələrində beynəlxalq təcrübənin öyrənilməsi, müqayisəli hüquqi yanaşmaların tətbiqi və Azərbaycan hüquq elminin qlobal akademik mühitdə təmsil olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun ABŞ kimi inkişaf etmiş hüquq sisteminə malik ölkədə SJD səviyyəsində elmi araşdırma aparması və doktorluq dissertasiyasını uğurla müdafiə etməsi Azərbaycan hüquqşünaslarının beynəlxalq akademik mühitdə əldə etdiyi mühüm uğurlardan biridir.
Altay Mustafayevin bu nəticəsi Azərbaycan vəkilliyinin peşəkarlıq, elmi hazırlıq və beynəlxalq inteqrasiya baxımından inkişaf edən potensialını bir daha nümayiş etdirir. Onun qazandığı beynəlxalq səviyyəli hər bir uğur Azərbaycan hüquq ictimaiyyətinin və ölkə vəkilliyinin nüfuzunun yüksəldilməsinə xidmət edən mühüm göstərici kimi qiymətləndirilə bilər.
Hörmətli həmkarımız Altay Mustafayevin bu yüksək elmi nailiyyəti münasibətilə onu səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, elmi və peşəkar fəaliyyətində yeni uğurlar, Azərbaycan hüquq elminin və vəkillik institutunun inkişafı istiqamətində şərəfli fəaliyyətində daha böyük zirvələr arzulayırıq.

Subyekt.az