
Sentyabrın 7-8-də Şamaxının Meysəri kəndində növbəti ənənəvi “Üzüm və Şərab Festivalı” keçiriləcək.
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin, eləcə də bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasından ibarətdir.
Bu dəfəki festivalda da üzüm istehsalı, şərabçılıq, eyni zamanda ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər təşkil ediləcək. Festival çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində 23 şərab brendi təqdim olunacaq. Bununla yanaşı festival ərazisində sərgi, əyləncə, müxtəlif ustad dərsləri zonaları və məhşur restoranların pavilyonları quraşdırılacaq.
Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli, zavod qiymətinə əldə etmək, ustad dərslərinə qoşulmaq, həmçinin şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.
Festival şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Eyni zamanda festival günlərində maraqlı şou proqramlar da təşkil olunacaq.
Qeyd edək ki, festivala iTicket.az saytında qeydiyyatdan keçərək, qoşulmaq olar. Ziyarətçilərin festival məkanına çatdırılması və geri dönməsi üçün Heydər Əliyev Mərkəzinin qarşısından nəqliyyat da ayrılacaq. Bakıdan çıxış saat 11:30-da nəzərdə tutulub.
Subyekt.az