![]()
Şuşalı tar ustası Qurban Verdiyevin ev və emalatxana şəraitinə dəstək lazımdır!
Bərdənin Musafaağalı kəndindən ucalan səssiz haray: qədrini vaxtında bilək!
Unudulmaqda olan bir sənəti yaşatmaq, sadəcə peşəyə deyil, bir xalqın ruhuna, tarixinə və kimliyinə sadiqlikdir. Bərdə rayonunun Musafaağalı kəndində məskunlaşan, 54 ildir ömrünü milli musiqi alətlərimizin — xüsusən tarın hazırlanmasına və bərpasına həsr edən şuşalı sənətkarımız Qurban Verdiyev məhz belə fədakar insanlardandır.
O, dövlətinə və dövlətçiliyinə sonsuz sadiqliyi ilə seçilən, lakin bu günə kimi lazımi dəstəyi ala bilməyən, buna baxmayaraq, heç bir çətinlik qarşısında öz amalından dönməyən əvəzolunmaz bir sənətkardır. Usta Qurban üzləşdiyi bu ağır vəziyyətlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da daxil olmaqla, müvafiq dövlət qurumlarına dəfələrlə rəsmi müraciətlər edib, sənədlər təqdim edib. Lakin neçə vaxtdır ki, bu müraciətlərinə müsbət cavab verilməyib, problem öz həllini tapmayıb.
Böyük bir sənətkarın rəsmi qapılarda cavabsız qalması, tavanı uçub-tökülən, rütubətli və yararsız bir məkanda ehtiyac içərisində yaşaması onu tanıyan, əməyinə dəyər verən hər bir insanı dərindən sarsıdır. Bizi biz edən dəyərləri yaradan əllərin belə köməksiz qalması mənəvi borcumuzu xatırlatmalıdır.
Biz, Subyekt.az olaraq inanırıq ki, dövlətimiz və ya xalqının dəyərlərinə sahib çıxan imkanlı iş adamlarımız bu səsə biganə qalmayacaq, usta Qurbana layiq olduğu lazımi dəstəyi göstərəcəklər.
Milli irsimizi göz nuru ilə yaşadan belə sənətkarların vaxtında qədrini bilək, onları sağlığında dəyərləndirək:
Müraciətlərə baxılması və şəraitin bərpası: Qurban müəllimin rəsmi müraciətlərinin nəzərə alınması, yaşayış və emalatxana şəraitinin təcili təmir olunması üçün aidiyyəti qurumlar və xeyriyyəçilər hərəkətə keçməlidir.
Milli irsə və sənətkara dəstək: İllərdir hazırladığı, Azərbaycan mədəniyyətinin incisi sayılan tar və saz alətlərinin qorunması, onun əməyinə layiq olduğu dəyərin verilməsi hər birimizin borcudur.
Bir sənətkarın səssiz fəryadına biganə qalmayaq. Vaxt getmədən, gec olmadan böyük ustaya sahib çıxaq!




Subyekt.az