
Bəlkə də bu dünyada uşaq olmaq böyük olmaqdan çətindir. Bəzən biz böyüklər körpələrin sadəcə sevgiyə və qayğıya ehtiyacı olduğunu unuduruq. Onların saf, təmiz, bütün çətinliklərdən uzaq olan dünyaları bizim dünya deyə yaşadığımız bu aləmdən o qədər təmiz, kiçik bir pislik belə bilməyən qəlbləri biz böyüklərin qəlbindən bəşəriyyət qədər böyükdür. Bizlərin nankor olduğumuz zamanlarda su kimi pak ürəklərin sahibləri kiçik şeylərlə sevinməyi, gülməyi bacarırlar. Bizlər insanları, dünyanı sevməyi, sevilməyi, bir gülüşün nələrə qadir olduğunu gözəl üzlü körpələrdən öyrənirik. İnsanlar xoşbəxtliyi o qədər fərqli yerlərdə axtarırlar ki… Amma ətraflarına baxsalar onları milyonlarla xoşbəxtliyin əhatə etdiyini, xoşbəxtliyi onlara bəxş edəcək varlıqların yanı başlarında olduğunu görərlər. Bu böyük xoşbəxtliyi əldə etmək üçün kiçicik sevgi və qayğı yetər. Bəzən isə bizlər xoşbəxt olmadığımızı deyirik… Məgər kimsəsiz bir körpəyə bir şokolad belə verdiyimiz zaman onun üzündəki o bir anlıq təbəssüm, gözlərinin sevinclə günəş kimi parlaması xoşbəxtlik deyilmi…?! Yaxud da bir ananın hələ yenicə doğulmuş körpəsini göz yaşları ilə bağrına basması dünyanın ən böyük xoşbəxtliyi deyilmi…?! Həyatımızda bu qədər gözəlliklər olduğunu bilərək gəlin xoşbəxtliyi, sevgini, təbəssümü başqa yerlərdə deyil, bu balaca fidanların gözlərində axtaraq və onların qar kimi bəmbəyaz dünyasını böyük problemlər dediyimiz, əslində, həll etməsi o qədər də çətin olmayan şeylərlə qaranlığa çevirməyək. Çünki bu körpələr biz böyüklərdən həyatı öyrənməyə çalışır, gələcəkdə kim olacaqlarını ata və analarına, müəllimlərinə, böyüklərə baxaraq öyrənirlər. Gəlin, gələcəyimiz xoşbəxtlik və sevgi dolu bir dünya olsun… Unutmayaq ki, özümüzü böyük hesab etsək də, hər birimizin qəlbinin dərinliklərində bir uşaq yatıb və o uşağı oyada bilsək inanın dünyanın ən xoşbəxt insanı bizlər olarıq, çünki uşaqlar pislik, çirkinlik nədir bilməzlər… Düşünürsən ki, gələciyinin qırılmaz, möhkəm bir körpü olması üçün sən nə edə bilərsən? Çox şey edə bilərik, əzizlərim. Bizim kiçik saydığımız şeylər körpələrin bir təbəssümünə səbəb ola bilər. Düşünürəm ki, hər kəs əlindən gələni etsə, yardıma, köməyə ehtiyacı olan, bizim hər sözümüzdə “uşaqlar bizim gələcəyimizdir” dediyimiz körpələri pisliklərdən uzaq tutsa, onlara dünyanın necə gözəl bir yer olduğunu, oxumağın, elmin hər insana lazım olduğunu öyrətsə gələcəyimiz əmin əllərdə olar. Çünki sağlam gələcək sağlam gəncliyin çiyinləri üzərində dayanır!
Hamımıza bəllidir ki, hər bir insanın əhəmiyyəti onun Vətən qarşısında borcu ilə ölçülür. Vətənin layiqli övladı olmaq üçün daha çox elmi biliklərə yiyələnmək lazımdır. Hazırda komputer əsrində yaşasaq da, elmi biliklərə yiyələnmədən mənəviyyatca saf, milli dəyərlərə sahib olmaq olmaz. Çünki, bu biliklər yetişməkdə olan gənc nəslin daha kamil inkişaf etməsi üçün vacib olan əsas ünsürlərdəndir. Çünki insan öyrənməklə formalaşır, mətinləşir, dərin biliyəyiyələnir. Bəs kamil vətəndaş necə olmalıdır? Necə yaşamalı, həyatını necə
qurmalıdır? Yetkinlik yaşına çatmamış, və müstəqil həyata qədəm qoymuş yeniyetmələr daha çox bu suallarla qarşılaşırlar: Onlara bu sualların həllində kömək edənlər sırasında isə əsas məktəb və mədəniyyət ocaqlarımızla yanaşı psixologiya mərkəzləri, kitabxanalar, da xüsusi yer tutur.
Yetkinlik yaşına çatmayanların çoxu təhsil almadan əmək fəaliyyətinə başlayaraq cəmiyyət qarşısında müəyyən vəzifələr daşımağa başlayırlar. Bu baxımdan hələ öz hüquqlarını dərindən bilmədən, kortəbii şəkildə heç bir məsuliyyəti dərk etmədən cəmiyyətə atılırlar. Bu da onlarda hələ uşaq yaşlarından bilməyərəkdən müəyyən hüquq məsuliyyətinə cəlb olunmağına gətirib çıxarır.
Yeniyetmələrin çoxu polis, müstəntiq, hüquq, prokurorluq, idarələrinin funksiyalarını, hüquq və vəzifələrini düzgün başa düşmür. Buna görə də ətraf aləmdə baş verən hadisələrin çoxuna kortəbii münasibət bəsləyərək nəyin cinayət olduğunun fərqinə varmırlar. Yetkinlik yaşına çatmayan vətəndaşlar 18 yaşına çatmayan vətəndaşlardır.
Böyüməkdə olan nəslin tərbiyəsini təmin etmək, onun ictimai-faydalı əməyə hazırlanması üçün qayğı göstərmək Azərbaycan Respublikasının konstision borcudur. Mülki hüquqda vətəndaşların tam fəaliyyət qabiliyyətinin başlanması və bunun əsasında öz hərəkətləri ilə bütün fəaliyyət sahələrində hüquq və vəzifələr əmələ gətirmək imkanı yetkinlik yaşı ilə əlaqələndirilir.
Böyüməkdə olan gənc nəslin hüquqi baxımdan tərbiyələndirilməsi üçün:
Uşaq cinayətkarlığı ilə mübarizə:
Yetkinlik yaşına çatmayanların hüquq tərbiyəsində məktəblərin, məktəbin direktoru, pedoqoji müəsisələrin, uşaq təşkilatlarının, kitabxanaların xüsusi rolu vardır. Məhz bu kollektivlərin həyata keçirdikləri tədbirlər nəticəsində onlarda cəmiyyət hadisələri haqqında xüsusi təsəvvür yaradılaraq, həyat hadidsələrinə düzgün yanaşmaq üçün
onlara zəmin yaradılır.
Yaş artıqca yeniyetmələrdə cinayət hüquq normalarını öyrənməyə maraq da güclənir. Bu psixoloji meyl əsasən VII – IX sinif şagirdləri üçün səciyyəvidir. Belə ki, azyaşlılar barəsində cinayətetmə, onları cinayətə cəlb etmə məsuliyyəti
ağırlaşdıran hallardır. Yetkinlik yaşına çatmayanları cinayətkarlığa, alkoqolizmə, narkomaniyaya cəlb etmə, və s. görə də ciddi cəzalar tətbiq olunur. Millətin gələcəyini müəyyənləşdirən o millətin uşaqları, gəncliyidir. Dünənin uşaqları bu günün gəncləri, bu günün gəncləri isə sabahın gələcəyidir.
Sabahın idarəçiləri, sabahın ailə başçılarıdır. Ancaq bəzi problemlər var ki, bu dilindən, irqindən asılı olmayaraq, hər bir millətin problemidir. Spirtli içkilərə aludəçilik, narkomaniya, “Qics” belə problemlərdəndir.
Yetkinlik yaşına çatmamışların cinayətkarlığına qarşı mübarizəni gücləndirmək, bu sahədə görülən işlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının kabineti 6 mart 1995-ci iltarixdə “Azərbaycan Respublikasında yetkinlik yaşına çatmamışların cinayətkarlığına qarşı mübarizə” üzrə Respublika Kompleks proqramı haqqında qərar qəbul etmişdir. Bu qərara əsasən Azərbaycanda ən çox yetkinlik yaşına çatmamış uşaqların aludə olduğu dövriyyədə olan narkotik vasitələrlə mübarizənin gücləndirilməsi haqqında tədbirlər gücləndirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə bu gün ölkəmizdə ən vacib problemlərdən biri də uşaq alveri ilə mübarizə problemidir. Bu gün bütün dünya cəmiyyətlərinin əsas sosial bəlalarından birinə çevrilmiş uşaq alveri problemi Azərbaycan cəmiyyətindən də yan keçməmişdir. Müasir köləlik sayılan insan alveri artıq transmilli mütəşəkkil cinayətkarlığın növlərindən biridir. Mahiyyət etibarı ilə hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alveri artıq ümumbəşəri problemlərdən biri olmuşdur.
İlk olaraq aydınlaşdıraq ki, insan alveri dedikdə nələr başa
düşülür? Beynəlxalq hüquqa görə, insan alveri insanların istismar məqsədi ilə daşınması, ötürülməsi, gizlədilməsi, zor tətbiqi ilə hədələmə, yaxud zor tətbiq etmək, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və vəziyyətdən sui-istifadə etmək yolu ilə oğurlanmasıdır. “İnsan alveri ilə mübarizə haqqında”
Azərbaycan Respublikası Qanunda insanların istismarı məcburi əmək (xidmət), istismar, köləlik, köləliyə bənzər adətlər və vəziyyəti, orqanlarının və toxumalarının qanunsuz çıxarılması, habelə insanların digər formada istismar edilməsi kimi müəyyən edilmişdir. İnsan alverçiləri öz qurbanlarını
cəmiyyətin ən zəif təbəqələrindən seçirlər. İnsan alverinin ən dəhşətli forması isə insan orqanlarının və toxumalarının transplantasiyasıdır. Transmilli mütəşəkkil cinayətkarlıq haqqında BMT Konvensiyasına görə, insan alveri beynəlxalq mütəşəkkil cinayətkarlığın başlıca istiqamətlərindən biridir.
Dünya üzrə bu cinayətdən əldə edilən gəlir milyard dollarlarla hesablanır.
Yetkinlik yaşına çatmayanlarla cinayətkarlığa qarşı mübarizə sahəsində məktəbin və məktəb mudiriyətinin rolu böyükdür. Məktəblərdə hüquq təbliğinə dair hər hansı tədbirlərin maraqlı və canlı olmasına xüsusi diqqət yetirilir.
Bütün bunlardan irəli gələn bir sıra vəzifələr – ümumtəhsil məktəbləri qarşısında duran əsas vəzifələrindən biridir.Uşaq və yeniyetmələr arasında hüquqi biliklərin təbliği bu işdə əsas yer tutur. Qeyd etmək lazımdır ki, respublikamızın ümumtəhsil məktəblərində hüquq elminin bir fənn kimi öyrənilməsi ilə yanaşı hüquq biliklərinin təbliğini və hüquq tərbiyə işinin genişləndirmək məqsədi ilə şəhər, rayon, uşaq, və məktəb kitabxana təbliğat işləri aparmalıdır. Belə ki, hüquq məsələlərinə dair mühazirələr, viktorinalar, söhbətlər, ədliyyə, məhkəmə, polis, prokurorluq işçiləri ilə görüşlər təşkil edilməli, hüquq mövzusunda konfranslar keçirilməlidir. Bu mövzuda məktəblərin iclas zalında, kitabxanada kinofilmlərə, teatr zallarında uşaqlarla teatr tamaşalarına kütləvi baxış keçirilməsi məsləhətdir. Son zamanlar bu mövzuda məsələn, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş məhşur ingilis yazıçısı Çarls Dikkensin “Oliver Tvist” əsərinə keçirilmiş baxış keçirilmişdir. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə cinayətkarlığın geniş yayılmasından bəhs edilir. Əsərin müzakirəsi zamanı uşaqları cinayətkarlığa
necə getməsi, şəraitin mühitin rolu göstərilir.
Yetkinlik yaşına çatmayan oxucular üçün bu sahədə kitab təbliği üçün sərgilərin təşkili əhəmiyyətlidir.
Düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik və yaxud pis tərbiyə, yaşlıların pis nümunəsi yetkinlik yaşına çatmayanlarda mənfi hislərin yaranmasına səbəb olur.Yetkinlik yaşına çatmayanların tərbiyəsi cəmiyyətin əsas vəzifələrindəndir. Bununla əlaqədar qeyd etdiyimiz kitabda ( Əxlaqi- Nasir) N. Tusi uşaqların pis əməllərdən (cinayət əməllərindən ) çəkindirilməsi işində müəllimlərin xüsusi rolunu göstərir. Müasir dövrdə bu işdə kitabxançı əməyini də qeyd etmək yerinə düşər.
Ümumiyyətlə yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığa qarşı mübarizə məqsədi ilə keçirilən tədbirlərlə yanaşı, Psixoloqların cəlbi, uşaqla mütəmadi söhbət seansları, məktəb direktoru tərəfindən uşağın ailə vəziyyəti, Ailəsində baş verən psixoloji-sosioloji hadisələrə daim nəzarət, lazım gələrsə ailə və məktəbin xüsusi əlaqəli şəkildə müştəkliyi və s. uşaqla səmimiyyət əsasında söhbətlərin, konfranslarının, müzakirələrin keçirilməsi zəruri haldır. Yetkinlik yaşına çatmayan şagirdlər arasında cinayət məsələlərinə həsr olunmuş bədii ədəbiyyat da böyük maraqla
oxunur. Məsələn, N.Tusi dövlət və hüquq məsələlərinə ətraflı toxunmuşdur. O, dövrün sosial problemlərinə obyektiv mövqedən yanaşmışdır. Cəmiyyətə qarşı törədilən təhlükəli əməli cəmiyyətə qarşı mənfi hal kimi qiymətləndirmişdir. O, dövlət və hüquq məsələlərinə dair görüşlərini ifadə edərkən cinayət və cəza məsələlərinə kifayət qədər ətraflı toxunmuşdur. Onun fikrincə cinayət ilk növbədə adamlara qarşı yönələn təhlükəli faktor, insanlara qarşı yönələn şər əməldir. O yazırdı:” Dava- dalaş” dünyanın nizam –intizamını pozmaq istəyən əməllərdəndir. Filosof möhtəkirləri fırıldaqçı, əliəyri, onların hərəkətlərini isə zülm adlandırırdı. Onun cinayət və cəza məsələlərinə dair fikirlərində insan və onun taleyi ön plana çəkilir.
Yetkinlik yaşına çatmayanlar arsında cinayətkarlığı artıran səbəblərdən biridə narkomanlıqdır.
Narkomanlıq… Bu təhlükəli bəladan danışarkən onunla mübarizənin təşkili məsələlərindən danışmalıyıq.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı Sərəncamı ilə təsdiq edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”ın tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı” ndan irəli gələn bir sıra vəzifələrin icrasını təmin etmək məqsədi ilə “Narkomaniyaya yox deyək!”, “ Narkomaniya- Ağ ölüm ” devizi altında tədbirlər
planına uyğun olaraq məktəblərdə, internat və uşaq evlərində tədbirlər keçirmişdir.
Həmçinin Narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə işi aparmaq məktəblərdə müdriyyətin birbaşa iştirakı ilə məqsədilə “Sağlam həyat tərzi” və s. başlıqlar altında buklet hazırlanmalıdır. Bu bukletdə Azərbaycan Respublikasının “ Gənclər siyasəti ” və “ Narkoloji xidmət və nəzarət haqqında ” qanunlarının maddələri öz əksini tapmalı, və yeniyetmələr arasında təbliğat işi aparmaq üçün xüsusi siyahısı olmalıdır.
Narkomaniyaya qarşı aparılan təbliğat işləri zamanı onları başa salmaq lazımdır ki, hər bir yeniyetmə bilməlidir ki, əgər narkotik maddə qəbul edirsə, dəhşətli ağrılar tapacaq və bu bəlada heç zaman qurtara bilməyəcək. Təəsüflə qeyd etmək lazımdır ki, azyaşlılar və yeniyetmələr arasında bu bəladan daha çox əziyyət çəkir. Və onlar daha sürətlə yayılır. Oxucularla söhbət zamanı onlara narkomaniyanın gətirdiyi bəlalar şərh olunmalıdır. Narkomaniya hamı üçün həm narkomanın özü həmdə, ətraf mühit –ailə, kollektiv cəmiyyət üçün də zərərlidir. Sirr deyil ki, mövcud cinayətlərin çoxu elə narkomaniyanın təsiri altında törədilir.
İlk olaraq məktəblər olmaqla, müxtəlif adda təhsil ocaqları, dərnək və kitabxanalarla yanaşı mətbuat, radio və televiziyalar da yetkinlik yaşına çatmayan uşaqlarla cinayətkarlığa qarşı və narkomaniyaya qarşı mübarizədə güclü təbliğat işləri ilə məşğul olmalıdır. Çünki bu problem elə bir dəhşətli problemdir ki, ona qarşı mübarizədə bütün vasitələrdən istifadə etməliyik. Xüsusən azyaşlıları və yetkinlik yaşına çatmayan uşaqlarla mübarizədə bu işi daha gücləndirməliyik. Sağlam zəkaya, fiziki qüvvəyə malik olan Azərbaycan xalqı bu ölkənin yeganə varisidir. Gəlin onları birlikdə müdafiə edək.
Abdulla Əsgərov,
Naxçıvan şəhər A.Nəzərəliyev adına 16 saylı tam orta məktəbin direktoru
Subyekt.az