![]()
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və veteranlarımızı təbrik edir, Vətənimizin müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Güclü dövlətimizin qürur mənbəyi olan Azərbaycan Ordusu daim qalib və yenilməz olsun!
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər il 26 iyun tarixində qeyd olunur. Bu əlamətdar gün xalqımızın təhlükəsizliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı olan Azərbaycan Ordusuna ehtiramın ifadəsidir. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilmiş və həmin tarixdən etibarən dövlət bayramı kimi qeyd olunur.
Azərbaycan Ordusunun inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ 1969-cu ildən etibarən onun rəhbərliyi ilə ölkədə milli hərbi kadrların hazırlanmasına başlanılmış, 1971-ci ildə isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Bu təhsil ocağı minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynamış, Azərbaycanda hərb sənətinə marağı artırmışdır.
Müstəqilliyin ilk illərində ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi halda, nizami ordu quruculuğu sahəsində ciddi problemlər mövcud idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə nizami ordu quruculuğuna başladı, ayrı-ayrı silahlı dəstələri ləğv etdi və vahid komandanlığa tabe olan güclü Silahlı Qüvvələrin formalaşdırılmasının əsasını qoydu.
1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Azərbaycan Ordusunun inkişafı daha sürətli mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, hərbi hissələrin təminatı yaxşılaşdırıldı, şəxsi heyətin peşəkarlığı və döyüş ruhu yüksəldildi. Eyni zamanda, Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirərək Silahlı Qüvvələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atdı.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. Bu siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Son illərdə ordumuzun modernləşdirilməsi, ən müasir silah və texnika ilə təchiz olunması, hərbi sənayenin inkişaf etdirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Azərbaycan Ordusunun qüdrəti 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və xalqımıza böyük qürur yaşatdı. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Ordumuz müasir silah sistemləri, pilotsuz uçuş aparatları, peşəkar xüsusi təyinatlı qüvvələr və komando briqadaları ilə təchiz olunmuşdur. Türkiyə, Pakistan, İsrail və digər tərəfdaş ölkələrlə hərbi əməkdaşlıq müdafiə qabiliyyətimizin daha da güclənməsinə xidmət edir.
Azərbaycan əsgərinin əsas gücü onun vətənpərvərliyində, Vətənə sədaqətində və xalqla ordunun sarsılmaz birliyindədir. Məhz bu birlik sayəsində Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirir və dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyur.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və veteranlarımızı təbrik edir, Vətənimizin müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Güclü dövlətimizin qürur mənbəyi olan Azərbaycan Ordusu daim qalib və yenilməz olsun!
#ÜlviyyəHəmzəyeva #YAP #MilliMəclis #Deputat #MədəniyyətKomitəsi #BabəkNaxçıvanCulfa #OrduGünü #26İyunSilahlıQüvvələrGünü
Subyekt.az