![]()
Dekabrın 2-də Qvatemalanın Antigua şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 93-cü sessiyası öz işinə başlayıb. Sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə ÜGT-nin Baş katibi, Katibliyin yüksək vəzifəli rəsmiləri, təşkilata üzv dövlətlərin gömrük administrasiyalarının rəhbərləri, eləcə də beynəlxalq tərəfdaş qurumların nümayəndələri iştirak edirlər.
Sessiyanın gündəliyinə ÜGT-nin 2025–2028-ci illər üçün Strateji Planının icra vəziyyəti, Təşkilatın yenilənmiş idarəetmə modeli çərçivəsində həyata keçirilən islahatlar, Harmonik Sistem (HS) üzrə aparılan modernləşdirmə prosesləri, qlobal e-ticarət axınlarının tənzimlənməsi istiqamətində görülən işlər, “Yaşıl Gömrük” təşəbbüslərinin genişləndirilməsi, təchizat zəncirinin bütövlüyünün təmin edilməsi və potensialın gücləndirilməsi ilə bağlı əldə olunmuş nəticələr daxildir.
Bununla yanaşı, Siyasi Komissiyada ÜGT-nin rəqəmsal transformasiya gündəliyinin əsas prioritetləri, sərhəd idarəçiliyində müasir texnoloji həllərin tətbiqi, eləcə də təşkilatın İş Planı və İcra Planına təklif olunan dəyişikliklər müzakirə ediləcək.
İclaslarda həmçinin qlobal ticarət dinamikasında müşahidə olunan dəyişikliklər, qeyri-qanuni ticarətin yeni formaları, risklərin idarə olunmasının təkmilləşdirilməsi, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, gömrük administrasiyaları arasında məlumat mübadiləsinin genişləndirilməsi və daha səmərəli koordinasiya mexanizmlərinin formalaşdırılması kimi məsələlər də diqqət mərkəzində olacaq.
Həmçinin sessiya çərçivəsində ÜGT Baş katibi tərəfindən Strateji Planın icrası ilə bağlı geniş təqdimat və müvafiq hesabatlar nümayiş etdiriləcək. Panel müzakirələr zamanı üzv dövlətlər təşkilatın maliyyə dayanıqlılığının təmin edilməsi, uzunmüddətli maliyyə sabitliyinin möhkəmləndirilməsi və mövcud maliyyə mexanizmlərinin təkmilləşdirilməsi üzrə mümkün yanaşmaları ətraflı şəkildə nəzərdən keçirəcəklər.
Sessiya 4 dekabr tarixinədək davam edəcək. İclasın yekununda qlobal gömrük sistemlərinin dayanıqlılığını, şəffaflığını, rəqəmsal transformasiyasını və modernləşdirilməsini dəstəkləyən bir sıra mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

.

Subyekt.az