![]()
Bayraq mənliyimizdir, bayraq şərəfimizdir!
Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət atributlarının qorunmasına və təbliğinə həssas münasibəti, 2009-cu il noyabrın 17-də hər il noyabrın 9-nun “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.
Məlum olduğu kimi, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin kiiclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina olunub. Həmin bayrağın yenidən ölkəmizin müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən biridir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatət əsasında 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edib, bununla da üçrəngli bayrağımız ölkə səviyyəsində xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənib.
Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Milli bayrağımızdakı amallara sadiqliyini nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev daxili və xarici siyasətində hər zaman ölkəmizin milli maraqlarına xüsusi önəm verib. Fərəh hissi ilə qeyd edilməlidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, eyni zamanda, regionun müstəqil siyasət yürüdən bir dövlətidir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsas qayəsini milli kimliyin qorunması ilə müasir ənənələrin ölkəmizdə tətbiqinin vəhdəti təşkil edir. İlk dəfə Naxçıvan Muxtar Respublikası ərazisində dalğalanan bayrağımız indi beynəlxalq təşkilatlarda, mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlərdə, ictimai-siyasi toplantılarda öz görkəmli yerini qoruyub saxlayır. Üçrəngli bayrağımız müxtəlif mədəniyyət tədbirlərində və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir, bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurur.
Prezident İlham Əliyevin sözləri ilə desək: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın görüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazıb, Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut edib, Ermənistanı diz çökdürüb, onu kapitulyasiya aktına imza atmağa məcbur edib. Qələbə, Zəfər işığına bürünən Azərbaycan öz əziz bayramını – Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Bu bayram gününün yaratdığı xoş ovqata bürünərək iftixar hissi keçiririk ki, dövlət bayrağımız dünya azərbaycanlılarını bir amal uğrunda birləşdirib monolit qüvvəyə çevirib.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Subyekt.az