![]()
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 5-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlini qəbul edib.
Sərdar Berdiməhəmmədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamalarını çatdırmağı xahiş edib.
Dövlət başçısı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.
Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Adil Kərimli qeyd edib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına, eləcə də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova çatdırıb.
Adil Kərimli qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
Subyekt.az