![]()
Türkiyə–Azərbaycan münasibətləri yalnız iki ölkənin qardaşlıq əlaqələri, təhlükəsizliyi və milli maraqları ilə məhdudlaşmır. Bu münasibətlər Avropa, Asiya, Yaxın Şərq və Türküstan (Mərkəzi Asiya) arasındakı geosiyasi, enerji və nəqliyyat balansına birbaşa təsir göstərən strateji tərəfdaşlıq modelidir.
İki ölkə arasındakı münasibətlər Xəzərdən Aralıq dənizinə uzanan enerji dəhlizləri, Orta Dəhliz, Şərq–Qərb ticarəti və regional təhlükəsizlik baxımından qlobal güc balansının da mühüm tərkib hissəsidir.
Beləliklə, bu strateji tərəfdaşlıq yalnız Ankara və Bakının deyil, həm də Avropanın enerji təhlükəsizliyindən Çinin Qərb bazarlarına çıxışına, Türküstanın (Mərkəzi Asiyanın) qlobal sistemə inteqrasiyasından Türk dünyasının iqtisadi və strateji gələcəyinə qədər bir çox region və beynəlxalq aktorun maraqlarına birbaşa təsir göstərir.
Bu baxımdan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı il noyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə Qarabağa həyata keçirdiyi rəsmi səfər həm iki ölkə arasındakı münasibətlər, həm də regional sabitlik kontekstində mühüm siyasi və diplomatik mesajlar ehtiva etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çünki Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ayrı-ayrı dövrlərdə meydana çıxan gərginliklərin təsiri ilə asanlıqla dəyişə biləcək səthi əlaqələr deyil. İki ölkənin qardaşlığı ortaq tarix, mədəniyyət, dil və qarşılıqlı etimad üzərində formalaşıb, müharibələr, siyasi dəyişikliklər və regional proseslər fonunda dəfələrlə sınaqdan çıxıb. Hər dəfə bu sınaqlardan daha da möhkəmlənərək keçib.
Bu baxımdan Prezident Ərdoğanın Qarabağa səfəri zamanı səsləndirdiyi fikirlər də iki qardaş ölkə arasındakı güclü həmrəyliyi bir daha nümayiş etdirib. Azərbaycanın Şuşa şəhərində Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında keçirilən ikitərəfli görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında Ərdoğan iki ölkə arasındakı qardaşlığın ortaq dil, tarix və mədəniyyət amillərindən daha dərin məna daşıdığını vurğulayıb. O, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə Türkiyə–Azərbaycan birliyinin sarsılmaz olduğunu və bu tarixi səfərin bütün dünyaya həmrəylik mesajı verdiyini bəyan edib.
Prezident Ərdoğanın Azərbaycana səfər proqramı da daşıdığı siyasi məna baxımından xüsusi diqqət çəkir. İki dövlət başçısının Şuşada görüşməsi, Xocalı Soyqırımı Memorialını və Xankəndi Zəfər Abidəsini birlikdə ziyarət etməsi, eləcə də Qarabağ müharibəsinin qəhrəmanları ilə görüşməsi Türkiyənin Azərbaycanın tarixi yaddaşına, dövlət suverenliyinə və Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesinə verdiyi əhəmiyyəti nümayiş etdirir.
İlham Əliyevin ev sahibliyi ilə Xankəndidə Prezident Rəcəb Tayyib Ərdoğanın şərəfinə təşkil olunan rəsmi ziyafət və burada çəkilən ailə fotosu da səfərin diplomatik məzmununu tamamlayaraq iki ölkə arasındakı birlik və bərabərliyin rəmzinə çevrilib.
Türkiyə–Azərbaycan münasibətlərini yalnız qardaşlıq ritorikası çərçivəsində dəyərləndirmək də məsələnin mahiyyətini tam əks etdirməz. İki ölkə arasındakı iqtisadi əməkdaşlıq enerji, ticarət, investisiya, nəqliyyat və müdafiə sahələrində mühüm strateji təmələ malikdir. Cənubi Qafqazda sabitliyin qorunması hər iki dövlətin iqtisadi və siyasi maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə Orta Dəhlizin səmərəli fəaliyyət göstərməsi və beynəlxalq ticarət marşrutlarının inkişaf etdirilməsi baxımından Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti həlledici amillərdəndir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının Avropa ilə Asiya arasındakı bağlantı imkanlarının genişlənməsinə də mühüm töhfə verir.
Avropanın enerji təhlükəsizliyinin təmin olunması, dünya ticarət marşrutlarının şaxələndirilməsi və Avrasiya nəqliyyat şəbəkələrinin inkişafı baxımından da Türkiyə–Azərbaycan strateji tərəfdaşlığı mühüm mövqeyə malikdir.
Bütün bunlarla yanaşı, iki ölkənin birliyi Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından da müstəsna əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Azərbaycanın Zəfər Günü münasibətilə Ərdoğan və Əliyevin Qarabağda nümayiş etdirdikləri birlik və həmrəylik mənzərəsi iki ölkənin münasibətlərini qardaşlıq hüququ əsasında daha da inkişaf etdirmək və yeni strateji mərhələyə yüksəltmək istiqamətində mövcud siyasi iradəni bir daha ortaya qoyub.
Bununla yanaşı, diqqətdən kənarda qalmamalı olan digər mühüm məqam Türkiyə və Azərbaycanın birliyinin yalnız iki dövlət arasındakı münasibətlərlə məhdudlaşmamasıdır. Bu birlik Türk dünyasının gələcəyi, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, eləcə də Avropa ilə Asiya arasındakı strateji əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarixin təcrübəsi dəfələrlə sübut edib ki, qardaş Türkiyə və Azərbaycan xalqları qarşılaşdıqları bütün sınaqlardan uğurla keçərək öz yollarını birlik və həmrəylik şəraitində davam etdiriblər. Bundan sonra da iki ölkənin ortaq gələcəyi hər iki xalqın nümayiş etdirdiyi sarsılmaz birlik iradəsi sayəsində əbədi davam edəcək.
Çünki Türkiyə ilə Azərbaycanın acısı da birdir, sevinci də!
Ahmet SAĞLAM
Subyekt.az