![]()
Ərəb Ələviliyi hər nə qədər ekstremist elementləri ilə tanınsa və etiqaddakı ifratçılığına görə digər İslam məzhəblərinin bir qismi tərəfindən küfrdə ittiham olunsa da, Məhərrəm ayına və Aşura gününə münasibətdə onların yanaşması daha çox mötədil və rasional xarakter daşıyır.
Bu inanca görə, Allah İmam Əlidə təzahür edərək insan surətində özünü büruzə verib. Bu səbəbdən də onun şəhadəti cism qəfəsindən azadlıq kimi qəbul edilir və yas saxlanılmır. İmam Əlini qətlə yetirən İbn Mülcəm də lənətlənmir. İnanılır ki, o, əslində Tanrı olan Əlini – ilahi mahiyyəti dünyanın əzablarından qurtarmaq üçün göndərilmiş mələk funksiyalı bir şəxs olub və ilahi missiyanı, ilahi ssenarini yerinə yetirib. Bu yanaşma İmam Əlinin yaralanarkən söylədiyi “Kəbənin Rəbbinə and olsun ki, qurtuldum!” kəlamı ilə əsaslandırılır.
Əliallahılıq inancında kəlimeyi-şəhadət “Əlidən başqa ilah yoxdur” ifadəsi ilə səsləndirilir.
Bu inancın mərasimlərində Aşura günü baş yarmaq və ya bədəndən qəsdən qan çıxarmaq kimi ayinlər mövcud deyil. Belə ənənələr Nuseyrilik təliminə və İslamın ümumi prinsiplərinə zidd hesab olunur. Nuseyrilər (Ələvilər) üçün Məhərrəm ayı və Aşura daha çox nəfsə hakim olmaq, ehsan vermək, aşurə (hədik) bişirib paylamaq kimi mənəvi dəyərlərlə yadda qalır.
Aşura günü, xüsusilə Suriya və Livandakı bu inanca mənsub icmalarda ət və buğdadan hazırlanan xüsusi ərəb yeməyi – hərisə bişirilərək insanlara paylanılır. Bu ənənə Türkiyə Ələviləri arasında da geniş yayılıb.
Matəm günlərində bədənə əzab vermək, sinə döymək, zəncir vurmaq, qan çıxarmaq və ümumiyyətlə, aktiv fiziki hərəkətlər qadağan edilir. Hətta qılınc, bıçaq, balta, mişar kimi kəsici alətlərə Aşura günü başa çatanadək əl vurmaq da qəti qadağandır.
Əliallahılıqda mərsiyyələr deyil, İmam Hüseynin şəninə mədhiyyələr oxunur. Bu mədhiyyələrdə onun qorxmazlığı, qəhrəmanlığı və cəsarəti ön plana çəkilir. Abbasilərin rəmzi hesab edildiyi üçün qara rəngdən də uzaq durulur.
Məhərrəm ayının ilk on günü oruc tutulur. Bu müddətdə mənəvi saflıq, nəfsin tərbiyəsi, səbir və dözüm əsas prinsip sayılır. Aşura günü günorta vaxtı oruc açılır və buna “matəm orucu” deyilir. Bəzi hallarda oruc daha iki gün davam etdirilərək on ikinci gün tamamlanır.
Aşura günü də daxil olmaqla üç gün anım mərasimləri keçirilir. Bu inancda 40 mərasimi gözlənilmir.
Subyekt.az