![]()
Azərbaycanın çağdaş inkişaf modelinə diqqətlə baxdıqda bir həqiqət bütün aydınlığı ilə görünür: bu ölkənin iqtisadi fəlsəfəsində kənd təsərrüfatı “sıradan bir sahə” olmayıb. O, belə deyək, sosial sabitliyin, demoqrafik davamlılığın, mədəni yaddaşın, milli təhlükəsizliyin və dövlətçilik iradəsinin strateji sütunlarından biri kimi düşünülüb. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dediyi fikirlər də məhz bu geniş dövlət fəlsəfəsinin yeni mərhələsini ortaya qoyur.
Əslində, bu müşavirə təkcə aqrar sahəyə dair texniki hesabat sayılmamalıdır; burada Azərbaycanın post-neft dönəminə hazırlanan iqtisadi-siyasi modelinin önəmli istiqamətləri görünürdü. Çünki XXI yüzildə torpaq məhsul mənbəyi olmaqla birgə həm də geosiyasi dayanıqlıq resursudur. Dünya dəyişir. Müharibələr, daşımalar zəncirinin qırılması, enerji böhranları, iqlim dəyişiklikləri artıq “qlobal xəbərlər” olmaqdan çıxıb, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilib. Müşavirədə ərzaq təhlükəsizliyi ilə bağlı vurğular da məhz bu yeni gerçəkliyin etirafıdır.
Bir zamanlar yalnız və ya əsasən neft gəlirləri ilə assosiasiya olunan ölkəmiz artıq yeni mərhələyə keçir. Bu mərhələdə kənd təsərrüfatı sadəcə kəndin yox, dövlətin gələcəyini müəyyən edən amillərdən biri kimi təqdim olunur. Burada diqqətçəkən əsas məqamlardan biri “kənddən şəhərə axın” anlayışının əksinə çevrilməsi ideyasıdır. Yəni kənddən şəhərə əhali axını olmasın, ərzaq (bolluq) axını olsun. Prezidentin “şəhərlərdən kəndlərə qayıdış prosesi başlamalıdır” fikri iqtisadi olduğundan daha çox, dərin sosial-fəlsəfi çağırışdır.
Çünki idarəedilməsə, urbanizasiya bir müddətdən sonra kəndin boşalması, torpaqla insan arasındakı bağın qırılması, ulusal yaşam tərzinin zəifləməsi deməkdir. Kənd boşaldıqca yalnız əkin sahələrimi yiyəsiz qalır? – Bəs, folklor, dilin canlı qatı, adət yaddaşı, etnoqrafik ruh da boşalmırmı? – Bax, ona görə kənd təsərrüfatına verilən dəstək əslində həm də milli-mədəni dirəniş, dirçəliş strategiyasıdır.
2004-cü ildən başlayan bölgəsəl inkişaf proqramlarının bu günkü sonuclarına baxanda Azərbaycanın kənd məkanında tamamilə yeni coğrafiya yaratdığını görürük. Qazlaşma, elektrik enerjisi, yollar, su anbarları, sosial infrastruktur, məktəblər, sağlıq evləri (xəstəxanalar) – bütün bunlar kəndin iqtisadi dövriyyəyə qayıtması üçün əsas platformanı formalaşdırdı.
Amma müşavirənin ən önəmli tərəfinin yalnız keçmiş uğurların sadalanması olmadığı bəllidir. Əsas məsələ mövcud çatışmazlıqların etiraf olunması idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, son illərdə kənd təsərrüfatındakı dinamika onu qane etmir. Bəli, inkişaf uğurlarla yanaşı, problemlərin də açıq görünməsi ilə mümkündür.
Burada diqqətçəkən digər məqam aqrar siyasətin artıq “rəqəmsal və texnoloji mərhələ”yə keçididir. Torpaq pasportları, süni intellekt, peyk texnologiyaları, elektron analiz sistemləri – bunlar artıq kənd təsərrüfatının romantik təsəvvürdən çıxaraq yüksək texnoloji sektora çevrildiyini göstərir. Bu, çox vacib keçid, önəmli dönüşümdür; çün gələcəyin kənd təsərrüfatında zəhmət ilə birgə, bilgi üstünlüyü də həlledici olacaq.
Müşavirədə səslənən rəqəmlər də düşündürücüdür. Azərbaycanın özünü buğda ilə cəmi 55 faiz təmin etməsi – haqlı olaraq – ciddi siqnal kimi təqdim edildi. Əvəzində tərəvəz, meyvə, bostan məhsulları, şəkər, yumurta kimi sahələrdə artıq ixrac potensialı formalaşıb. Yəni, Azərbaycan aqrar modelində həm daxili təhlükəsizlik, həm də ixrac iqtisadiyyatı paralel düşünülür.
Özəlliklə pambıqçılıqla bağlı vurğular ayrıca diqqət çəkir. Vaxtilə tənəzzülə uğramış bir sahənin yenidən dirçəldilməsi, məhsuldarlığın 1 tondan 3,6 tona yüksəlməsi artıq təkcə statistik göstərici olmaqdan daha çox səmərəli dövlət idarəçiliyinin nəticəsidir. Daha vacibi budur ki, Prezident artıq xammal göndərişi modelindən hazır məhsul istehsalı mərhələsinə keçidi tələb edir. – Mahlıc yox, tekstil; sadə məhsul yox, əlavə dəyər. – Bax, bu, post-neft iqtisadiyyatının əsas fəlsəfəsi, onun kulturoloji mahiyyətidir.
Bir də, su məsələsinə yanaşma isə ayrıca strateji xətt kimi görünür. Qarabağda, Zəngəzurun gündoğarında su anbarlarının bərpası, yeni kanalların çəkilməsi, Şirvan və Qarabağ kanallarının yenidən qurulması meliorasiya layihəsi olmaqdan irəli – Böyük Qayıdışın aqrar dayaqlarıdır. Su burada həm həyatdır, həm iqtisadiyyat, həm də suverenlik.
Bu müşavirədə ən önəmli çağırışlardan biri də özəl sektor və yatırımçılarla bağlı idi. Dövlət artıq yalnız subsidiya verən tərəf kimi yox, strateji istiqamət müəyyən edən tərəf kimi çıxış edir. Yerli və xarici yatırımçılar kənd təsərrüfatına milli inkişaf layihəsi kimi baxmağa çağırılır.
Əslində, burada formalaşan yeni modelin adı “aqrar çağdaşlaşma” qoyula bilər. Bu çağdaşlaşma kəndi bir növ keçmişin simvolu olmaqdan çıxarıb, gələcəyin resursu kimi təqdim edir.
Bir zamanlar şəhərlər inkişafın simvolu sayılırdı. İndi isə dünya yenidən torpağın gücünü xatırlayır. Pandemiyalar, müharibələr, enerji böhranları göstərdi ki, dövlətin həqiqi dayanıqlığı supermarketlərin vitrinində deyil, torpağın məhsuldarlığındadır.
Biz də məhz bu həqiqətin yeni mərhələsinə daxil oluruq.
Torpaq yenidən strateji anlayışa çevrilir.
Kənd isə sadəcə coğrafi məkan kimi götürülmür – o, milli gələcəyin başlanğıc nöqtəsi olur. Olsun! Xeyirli-uğurlu olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az