![]()
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu tutduğu vəzifədən ayrılıb.
Subyekt.az xəbər verir ki, bu barədə Elnur Hidayətoğlu özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, qərarı şəxsi təşəbbüsü ilə qəbul edib.
Elnur Hidayətoğlu qeyd edib ki, 5 ildən artıq müddətdə səhiyyə sahəsində ictimaiyyətlə əlaqələr (PR) istiqamətində fəaliyyət göstərib. O, 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri, 2023-cü ilin dekabr ayından isə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Paylaşımında müxtəlif səhiyyə müəssisələrində qazandığı təcrübənin onun peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayan Elnur Hidayətoğlu, bu müddətdə media ilə açıq və operativ əməkdaşlığın onun fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, son üç ilə yaxın müddətdə TƏBİB-də rəhbərlik etdiyi komanda ilə bir sıra uğurlu kommunikasiya və PR layihələri həyata keçirilib. Həmin layihələr sosial şəbəkələrdə, televiziya kanallarında və onlayn media platformalarında geniş ictimai maraq doğuraraq müsbət qarşılanıb.
Elnur Hidayətoğlu media nümayəndələrinə göstərdikləri əməkdaşlıq və anlayışa görə təşəkkür edib. O qeyd edib ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə jurnalistlərlə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin qorunmasına xüsusi önəm verib.
“İnsana qalan ən böyük dəyər yaxşı münasibət, qarşılıqlı hörmət və xoş xatirələrdir”, – deyə o paylaşımında vurğulayıb.
Elnur Hidayətoğlu çıxışının sonunda bütün media nümayəndələrinə və həmkarlarına təşəkkür edərək onlara sağlamlıq və uğurlar arzulayıb.
Subyekt.az