![]()
27 Sentyabr – Anım Günü ilə əlaqədar gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, Vətən müharibəsinin əhəmiyyətinin daha dərindən dərk olunması və milli məsuliyyət hissinin formalaşdırılması məqsədilə “Tarixi yaddaşdan milli məsuliyyətə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin müqəddəs ruhuna ehtiram ifadə olunaraq onların xatirəsini yaşatmağın hər birimizin mənəvi borcu olduğu vurğulanıb. Təlimçi Fərid Mustafayev çıxışında 27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən, Vətən müharibəsinin başlanmasına səbəb olan hadisələrdən, 44 günlük müharibədə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən danışıb. Bildirilib ki, 27 Sentyabr həm də xalqın iradəsinin, milli həmrəyliyin və dövlətin siyasi iradəsinin təcəssüm etdiyi mühüm tarixi gündür. Çıxış zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi rəhbərliyi, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən fəaliyyət, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın həmrəyliyi Qələbəni şərtləndirən əsas amillər kimi qeyd olunub. Vurğulanıb ki, 2020-ci il Qələbəsini bütövlükdə anlamaq üçün bu amillər bir-birini tamamlayan bütöv tarixi proses kimi nəzərdən keçirilməlidir.
Təlimdə şəhid ailələrinə xüsusi ehtiram göstərilməsinin, onların övladlarına diqqət və qayğı ilə yanaşılmasının cəmiyyətin mənəvi məsuliyyətinin mühüm göstəricisi olduğu bildirilib. Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin də daim diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb və qeyd edilib ki, qazi Azərbaycanın müasir tarixinin canlı şahididir. Təlimdə arxa cəbhənin fədakarlığına da geniş yer verilib. Müharibə dövründə həkimlərin, müəllimlərin, sürücülərin, jurnalistlərin, könüllülərin, sahibkarların, dövlət qulluqçularının, fəhlələrin, tələbələrin, anaların və ataların öz imkanları daxilində Vətənə verdikləri dəstək xüsusi qeyd olunub. Bildirilib ki, müharibə səngərlə yanaşı, xalqın birlik və həmrəyliyi ilə arxa cəbhədə də aparılıb.Həmçinin müharibə zamanı həyatını itirmiş mülki şəxslərin xatirəsi yad olunub. Vurğulanıb ki, müharibə tarixini yalnız hərbi hadisələr və xəritələr üzərindən deyil, insanların taleləri və yaşadıqları ağrılar kontekstində də öyrənmək vacibdir.
Təlimin mühüm istiqamətlərindən biri gənclərin milli məsuliyyəti olub. Fərid Mustafayev qeyd edib ki, Vətənə xidmət yalnız hərbi xidmətlə məhdudlaşmır. Yaxşı təhsil almaq, elm yaratmaq, savadlı və vətənpərvər nəsil yetişdirmək, insanlara xidmət etmək, vicdanla çalışmaq, özünü inkişaf etdirmək və cəmiyyətə faydalı vətəndaş olmaq da milli məsuliyyətin müxtəlif formalarıdır. Sosial şəbəkələrdə informasiya məsuliyyəti məsələsinə də toxunulub. Şəhid, qazi, müharibə, dövlət və milli təhlükəsizliklə bağlı məlumatların paylaşılması zamanı mənbələrin yoxlanılmasının vacibliyi diqqətə çatdırılıb və bildirilib ki, milli məsuliyyət həm də informasiya məsuliyyətidir. Təlimin əsas mesajı “Tarixi yaddaşdan milli məsuliyyətə” keçidin təmin olunması olub. Gənclərə beş əsas istiqamət təqdim edilib: tarixi öyrənmək, şəhidlərimizi unutmamaq, qazilərimizə hörmət etmək, dövlət və cəmiyyət üçün faydalı vətəndaş olmaq, gələcəyi qurmaq. Vurğulanıb ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların bizə əmanət etdiyi gələcəyə layiq olmaqdır. Tədbirin sonunda şəhidlərimizin müqəddəs ruhuna ehtiram ifadə olunub, qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və güc arzulanıb. Təlimin keçirilməsinə göstərdikləri dəstəyə və təşəbbüsə görə təşkilatçılara təşəkkür bildirilib.
Təlimin əsas çağırışı belə ifadə olunub: Tariximizi unutmayaq, şəhidlərimizi və qazilərimizi daim xatırlayaq, milli yaddaşımızı gələcək nəsillərə çatdıraq və bu yaddaşı milli məsuliyyətə çevirək.

.

Subyekt.az