![]()
Azərbaycanın təbii sərvətləri sırasında su ehtiyatlarının xüsusi yeri var. Bu sərvətlər içərisində Sərsəng su anbarının strateji əhəmiyyəti isə danılmazdır. Tərtər çayı üzərində inşa edilmiş bu anbar uzun illər boyu işğal altında qalaraq Azərbaycan üçün təkcə ekoloji və iqtisadi deyil, həm də siyasi təzyiq alətinə çevrilmişdi.
1992-ci ildə Ağdərə rayonunun işğalı ilə Sərsəng su anbarı da Azərbaycanın nəzarətindən çıxdı. Bu tarixdən etibarən Azərbaycan əhalisi öz milli sərvətindən istifadə imkanından məhrum edildi. Su ehtiyatları Ermənistan tərəfindən siyasi təzyiq vasitəsinə çevrilərək bölgədə yaşayan yüz minlərlə insanın həyatına birbaşa təsir göstərdi. Yaz və yay aylarında kənd təsərrüfatının əsas su mənbəyi olan bu anbar qapadılır, əkin sahələri susuz qalırdı. Bəzən Azərbaycan məcbur edilirdi ki, qeyri-rəsmi şəkildə milyonlarla dollar ödəniş etsin ki, əhalinin minimal tələbatı ödənilsin.
Bu, sadəcə iqtisadi rüşvət deyil, həm də humanitar böhranın yaradılması idi. Çünki suyun qarşısının alınması minlərlə hektar əkin sahəsinin məhv olması, minlərlə ailənin gündəlik həyatının iflic vəziyyətinə düşməsi demək idi.
2016 Aprel döyüşlərinin səbəblərindən biri
Ermənistan tərəfinin Sərsəng və Ağdərə su anbarları üzərindəki özbaşınalığı, Tərtər çayının istiqamətinin dəyişdirilməsi cəhdləri Azərbaycan üçün dözülməz hala gəlmişdi. Bu, sadəcə su problemi deyildi – Azərbaycanın milli təhlükəsizliyi məsələsi idi. 2016-cı ilin Aprel döyüşlərinin əsas səbəblərindən biri də məhz bu su anbarı ətrafında yaranmış gərginlik oldu. Ermənistan tərəfi hər dəfə əlavə “ödəniş” tələb etməklə Azərbaycanı şantaj edir, ödəmə olmadığı halda isə anbarın qapadılması ilə hədələyirdi.
“Dəmir yumruq” və 44 günlük Zəfər
Azərbaycan dövləti uzun müddət səbr göstərsə də, hər bir səbrin sonu var. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və “dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bununla da yalnız Qarabağ torpaqları işğaldan azad olunmadı, həm də ölkəmizin strateji təbii sərvətləri – o cümlədən Sərsəng su anbarı üzərində tam nəzarət bərpa edildi.
Bu gün Azərbaycan vətəndaşları artıq öz su ehtiyatlarından sərbəst istifadə edir, kənd təsərrüfatı və ekoloji balans bərpa olunur. Sərsəng su anbarı isə həm iqtisadi inkişafın, həm də milli suverenliyin rəmzinə çevrilib.
Yeddi başlı əjdaha artıq yoxdur
Uzun illər boyu Ermənistan tərəfi su resurslarını “yeddi başlı əjdaha” kimi qorxutma və təzyiq vasitəsinə çevirmişdi. Lakin bu gün həmin əjdahanın başı birdəfəlik əzilib. Azərbaycan dövləti bütün dünyaya göstərdi ki, suverenliyinə, milli sərvətlərinə qarşı istənilən təhdidə adekvat cavab vermək gücündədir.
Sərsəng su anbarının işğaldan azad edilməsi yalnız bir infrastrukturun bərpası deyil. Bu, Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün, ədalətin və haqqın təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət sübut etdi ki, separatçılığa, işğalçılığa və şantaja Azərbaycanın ərazisində heç vaxt yer olmayacaq.


#Qarabağ #Ağdərə #SərsəngSuAnbarı
Rövşən Hüseynli
Subyekt.az