![]()
2014-cü ildə işğal altında olan Kəlbəcərə doğma torpaqlarını ziyarət etmək məqsədilə gedərək şəhid olan Həsən Həsənovun qızı Ləman Həsənli Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Mersin Universitetinin Diş Həkimliyi ixtisasına qəbul olunub.
Bu barədə şəhidin qardaşı Nail Həsən sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Ləman Həsənli qəbul imtahanlarında yüksək nəticə göstərərək Mersin Universitetinin Diş Həkimliyi ixtisasında təhsil almaq hüququ qazanıb. Nail Həsən bu uğurun ailə üçün böyük sevinc və qürur mənbəyi olduğunu vurğulayıb.
Xatırladaq ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Həsən Həsənov 2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə işğal altında olan doğma torpaqları ziyarət etmək məqsədilə Kəlbəcərə keçib. Həmin il iyulun 11-də erməni hərbçiləri ilə qarşıdurma zamanı Həsən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülüb.
Şəhid ailəsinin sevincini bölüşən Nail Həsən Ləman Həsənlinin uğurunu qürurverici hadisə kimi dəyərləndirib və onun gələcək təhsil həyatında uğurlar arzulayıb.
Qeyd edək ki, Mersin Universitetində 19 fakültə, 5 institut və 10 peşə yüksək məktəbi fəaliyyət göstərir. Universitetdə 40 minə yaxın tələbə təhsil alır.
Şəhid qızının qazandığı bu uğur həm ailəsinin, həm də onun atasının doğma torpaqlar uğrunda göstərdiyi fədakarlığın yaddaşlarda yaşadılmasının mühüm nümunəsidir.


#Şəhid #HəsənHəsənov #Cəbrayıl #Kəlbəcər
Subyekt.az