![]()
Mayın 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən Bülbülə qəsəbəsində yerləşən 226 nömrəli tam orta məktəbdə vətəndaşlarla növbəti səyyar qəbul keçirilib.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, aidiyyəti dövlət qurumlarının yerli idarələrinin nümayəndələri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşlar əsasən içməli su təchizatında yaranmış problemlər, kanalizasiya şəbəkəsinin qurulması, məhəllədaxili yolların və küçələrin asfaltlaşdırılması, mənzil-məişət məsələləri, eləcə də digər sosial problemlərlə bağlı müraciətlərini səsləndiriblər.

Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar, bəzi məsələlərlə bağlı sakinlərə ətraflı izahatlar verib.
Görüş zamanı çıxış edən Adil Əliyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində respublikanın bütün bölgələrində olduğu kimi, Bakı şəhəri və onun qəsəbələrində də genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial və infrastruktur layihələri uğurla icra olunur. Qeyd olunub ki, dövlət proqramları çərçivəsində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, içməli su və kanalizasiya sistemlərinin müasirləşdirilməsi, yeni sosial obyektlərin tikintisi, yaşayış məhəllələrinin abadlaşdırılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Rayon rəhbəri vurğulayıb ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması, insanların problemlərinin yerində dinlənilməsi və həlli istiqamətində tədbirlərin görülməsi dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə səyyar qəbulların keçirilməsi və qaldırılan məsələlərin həlli daim nəzarətdə saxlanılır.
Subyekt.az