![]()
4 oktyabr 2026-cı il tarixində Sumqayıt Heydər Əliyev Mərkəzində “Təhsildə Zirvə Forumu 2026” keçirilib.
Forum “Edu Line Academy”nin icraçı direktoru və “Təhsildə Zirvə Forumu”nun təşkilatçısı İlhamə Gülməmmədli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional idarəsinin rəhbəri Sevinc Qasımovanın ortaq təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi təhsil sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, müasir təhsil yanaşmalarını müzakirə etmək, peşəkar təcrübə və fikir mübadiləsinə imkan yaratmaq olub.
Forumda təhsilin idarə olunması, inklüziv təhsil, psixoloji rifah, natiqlik və kommunikasiya, STEAM və rəqəmsal inkişaf kimi aktual mövzular ətrafında təqdimatlar və müzakirələr aparılıb.
Forumun spikerləri sırasında Orxan Bəyov – təhsilin idarə olunması üzrə doktorant, Xəyalə Məmmədova – ADPU-nun pedaqogika üzrə fəlsəfə doktoru; Zaur Cahangirov – nitq təlimçisi, Aytən Kərimova – STEAM üzrə mütəxəssis-təlimçi yer alıblar.
Tədbirin xüsusi qonaqları sırasında Turab Əhmədov – Simurq Liseyinin Xırdalan kampusunun direktoru, Ülviyyə Hüseynli – inklüziv təhsil üzrə mütəxəssis, Afət Bəkir – pedaqoq və təlimçi, Aynurə Bağırova – Sumqayıt Dövlət Universitetinin baş müəllimi və Fərid Mustafayev – gənclər və ictimai maarifləndirmə üzrə təlimçi iştirak ediblər.
Tədbirin aparıcıları Murad Hümbətov və Röya Zəfərzadə olub.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin müəllimləri, Simurq Liseyinin müəllimləri, müxtəlif orta ümumtəhsil məktəblərindən olan müəllimlər, təhsil işçiləri, təlimçilər və digər sahə nümayəndələri də iştirak ediblər.
“Təhsildə Zirvə Forumu 2026” təhsil ictimaiyyətinin nümayəndələrini vahid platformada birləşdirərək yeni ideyaların paylaşılması, təcrübə mübadiləsi və peşəkar əməkdaşlıqların qurulması baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.





Subyekt.az