![]()
Çağdaş Azərbaycan ədəbiyyatı və ictimai fikri həm bədii təfəkkürün, həm də milli-mənəvi dəyərlərin, ümumtürk birliyinin tərənnümçüsü olan imzalarla zəngindir. Bu imzalar içərisində şair-publisist, ictimai xadim Əkbər Qoşalının özünəxas yeri, çəkisi və xidmətləri var.
Əkbərin – adı kimi böyük düşünən aydınımızın yenə sözü – yeni sözü tutub məni; bu xoş tutqu ilə onun “Yollar gərək qutlu olsun!..” adlı yeni poemasından söz açmaq istəyirəm. (https://edebiyyatqazeti.az/news/poeziya/14914-yollar-gerek-qutlu-olsun)
…Əkbər Qoşalının ictimai və publisistik fəaliyyəti ilə yanaşı, onun poeziyası dərin fəlsəfi axtarışların, sufizm və dərvişlik fəlsəfəsinin həm də çağdaş boyalara bürünmüş ifadəsidir. Müəllifin “Yollar gərək qutlu olsun!..” adlı əsəri bu baxımdan onun poetik dünyagörüşünü, insan və zaman, haqq və yol haqqındakı fəlsəfi qənaətlərini anlamaq üçün mükəmməl bir bədii örnəkdir.
Şair əsərdə birbaşa Şərq mistisizminin və müdrikliyinin simvolu olan “dərviş” obrazına üz tutur. Şairin dərvişə verdiyi sual zahirən məişət xarakterli görünsə də, daxilən dərin fəlsəfi təzada əsaslanır:
“Bu gün mənim sualım var –
Sualım var dərvişə.
Dərviş, görüm
saqqalına qırov düşsün,
sözün yerə düşməsin…
Söylə, dərviş,
uzanınca yatağına
sən o yorğun saqqalını
yorğanın üstə qoyursan,
yoxsa yorğan altına?..”
Dərvişin bu suala verdiyi cavab şairin zaman konseptini ortaya qoyur. Müdrik dərviş saqqalını “illərin üstə” qoyduğunu deyir. Bu, ömür yolunun, qazanılan mənəvi təcrübənin yaddaş süzgəcindən keçərək uzanmasıdır. Ən əsası isə dərviş nə qışda, nə də yayda naxələf söz gəzdirmədiyini açıqlayır, bax, bu, yazarın özünün yaşam amalı olan sözə sadiqlik prinsipinin poetik təzahürüdür:
“Qış düşüncə saqqala da
qırov düşər, gəzəryiyik;
amma nə qış, nə də yayda
naxələf söz gəzdirmədik.
Saqqalımı soruşursan –
nə yorğanın üzərinə,
nə altına qoyuram.
Mən onu qoymuşam illərin üstə…
“Uzun, incə bir yol”dursa yolumuz,
saqqal özü yaddaş kimi hey uzanar, uzanar…
Şair dərvişin dili ilə insan xarakterinin mürəkkəbliyini və zamanın ironiyasını ustalıqla ifadə edir. “Atı tərsinə nallayan hara getsə, izi başqa səmtə çəkər” misrası dünyadakı ikiüzlülüyün, daxili və xarici dünyası tərs mütənasib olan insanların bədii ifşası deyilmi? – Lakin bu mənzərənin qarşısında dərviş sarsılmaz bir həqiqəti xatırladır: “Amma kim aldadar yolu? Yol ayağı tanıyar…” Yolun ayağı tanıması – insanın öz taleyindən, əməllərindən və niyyətindən qaçmağının qeyri-mümkünlüyünə işarədir. İnsan yolu aldada bilmez, çünki haqq yol ancaq ona layiq olan saf addımları qəbul edir:
“Sonra, sonra nə söylədi
bizim dərviş? – Dedi dərviş:
“Atı tərsinə nallayan hara getsə,
izi başqa səmtə çəkər…
Dünya elə adamlarla doludur:
özləri bir yana gedər,
kölgələri başqa yana…
Amma kim aldadar yolu?
Yol ayağı tanıyar…”
Şeirdə mistik və romantik ruhun birləşdiyi ən gözəl məqamlardan biri “gül suyu” metaforasıdır. Çox uzaq şəhərdə olan çox yaxın birinin göndərdiyi bu pay, əslində fiziki məsafələrin mənəvi yaxınlıq qarşısında əhəmiyyətsizliyini göstərir. Dərviş gülün və suyun hər ikisinin ayrı-ayrılıqda “haqq” olduğunu, lakin onlar qarışanda fərdi varlıqların qeyb olub vahid bir adın – eşqin, vəhdətin yarandığını vurğulayır:
“Dərviş sonra yavaş-yavaş
keçdi təzə söhbətə:
Gül suyunu soruşurdun…
Gül də haqdı öz yerində,
su da haqdır, su da haqq.
Qarışınca bir-birinə
ikisindən bir ad doğur,
qeyb olur qeyb olasılar,
qalır orda qalasılar.”
Bu sətirlər təsəvvüfdəki “fənafillah” (haqqın içində ərimək) və əbədiyyət fəlsəfəsinin poetik dillə şərhidir. Yəni, keçici olan maddiyyat yox olur, əbədi olan mənəviyyat və sevgi isə qalır.
“Dərviş elə susa bilir, dərviş elə danışır –
Deyərsən ki, iki dodaq aralanan iki dünya kimidi…” – Məncə, bu, şeirin kulminasiya nöqtəsidir! – Bu iki dünya arasından çıxan son nəsihət isə şeirin qəhrəmanı ilə yanaşı, bütün bəşəriyyətə ünvanlanmış bir yaşam fəlsəfəsidir:
“Mənim cavabımın ardınca getmə.
Özünə ver sualını;
Düz cavabı axtaranlar
bir gün, əlbət, dayanar.
Düz sualı axtaransa
ömrü boyu yol gedər…”
Müəllif bu möhtəşəm sonluqla insana öz iç dünyasını sorğulamağı, daim axtarışda olmağı məsləhət görür. Çünki hazır cavab tapan insan dayanır, inkişafdan qalır; lakin doğru sualı axtaran insan ömrü boyu təkmilləşir, mənəvi ucalığa doğru “yol gedir”.
Əkbər Qoşalının həm ictimai, yaradıcı fəaliyyəti, həm də bu əsərdə nümayiş etdirdiyi poetik təfəkkürü bütöv bir bilgin qətiyyətinin təzahürüdür. O, tərtib etdiyi kitablarla, qurduğu ədəbi körpülərlə Türk dünyasının bir növ səpələnmiş dəyərlərini bir araya gətirdiyi kimi, poeziyasında da insanı öz iç dünyası ilə üz-üzə qoyur. Yaradıcılığında həm birinci ali təhsilindən gələn elmi dəqiqliyi, həm də yaradıcılığından gələn dərvişanə fəlsəfəni yaşadan Əkbər Qoşalının axtardığı “düz suallar” və söz yolları hər zaman qutlu olsun!

Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü
Subyekt.az