
Qusar Rayon İcra Hakimiyyəti başçısının, 3 saylı Vergilər İdarəsi, Xaçmaz Regional Miqrasiya İdarəsi, Quba-Xaçmaz Regional Məşğulluq filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz Regional şöbəsinin, Sahibkarlıq Özəl, Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının rəhbərləri və yerli idarə rəhbərlərinin, RİH başçısı aparatının məsul işçilərinin iştirakı ilə Sosial Tərəfdaşlarla Dəyirmi masa keçirilib.
Yığıncaqda qeyri-formal məşğulluq məsələləri müzakirə olunub, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tədbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, qeyri-formal məşğulluq, yəni hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi daha çox özünü qeyri-dövlət sektorunda, tikinti və xidmət sahələrində göstərir. Qeyri-formal məşğulluq işçini qanunvericiliklə müəyyən olunmuş bir sıra əmək və sosial hüquqlarından məhrum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi təsir göstərir. Ona görə də hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir.
Bu gün ölkəmizdə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər həyata keçirilir.
Yığıncaqda Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Rayonda qeyri-formal məşğulluğun qarşısının alınması və rəsmi məşğulluğun təşviq edilməsi məqsədilə kənd yerlərində sosial infrastrukturun yaxşılaşdırılması, əmək bazarında müntəzəm monitorinqlərin aparılması, maarifləndirmə kampaniyalarının təşkili, yeni iş yerlərinin yaradılmasına köməklik göstərilməsi kimi təkliflər irəli sürülüb. 2025-ci il üçün hazırlanacaq rayonun Məşğulluq Proqramında qeyd olunan məsələlərlə bağlı təkliflərin nəzərə alınması tövsiyə olunub.

Subyekt.az