
Nədən başlayıb, necə yazacağımı bilmirəm. Yenicə aldığım acı xəbərdən sarsıldım.
Yox, ola bilməz!.. Fatma anamız– Ülfətin “Milli Qəhrəman” adı verilməsini görmədən əzrayıla can verməz…
Zöhrab, Xuraman, bu nə xəbər, bu nə zarafatdır edirsiniz bizimlə?
Axı, biz görüşəcəydik… Ülfətin doğum günü ərəfəsində görüşünə gələcəkdik Fatma anamızın. Axı, Ülfəti dünyaya gətirən ananın əllərindən öpmək fəxarət, qürur idi bizlər üçün.
O qədər ümidli və inamlı idi Fatma ana. Deyirdi ki, cənab Prezident mənim igid balama da ad verəcək. Bu ümüdlə yaşayırdı igidimizin ağbirçək anası.
Axı niyə bu qədər tələsdin?
Axı niyə beşcə gün də dözərdin? Elə Ülfətin doğum gününə hədiyyə olaraq əlvida deyərdin bizlərə. Beş gün sonra Ülfətinin doğum günüdür, bəlkədə o öz övladlarına-Ülfətinə sürpriz etmək üçün beş gün əvvəl gedir görüşünə…
Bilmirəm anaların ürəyindəkini özlərindən bir də yaradandan başqa kimsə bilə bilməz. Bəs əmanətin, Ülfətin Milli Qəhrəman adının verildiyi gün o ödül, o ad kimə təqdim ediləcək? Gözləri yollarda qalan, hər zaman oğlundan, igidindən bir xəbər eşidəcək deyə otuz iki il gözü, qulağı səsdə qalan ana…
İnanmıram bu zalım fələk son ümidini, son təsəllini görmədən necə qıydı sənə?.. Yox, bəlkə də Ülfətin çağırdı səni. İgidin qıymadı, qıymadı ki, vicdanı daşa dönənlərin qabağında əyilməyəsən. Axı Ülfətin adı ilə özlərinə alqış qazanan , vicdandan, insanlıqdan xəbəri olmayanlar, kreslolarını Ülfətin halal haqqını istəməkdən üstün tutanlar bu gün görəsən az da olsa, vicdan əzabı çəkəcəklərmi? Bir şəhidin anasının gözlərini otuz iki il yollarda qoyanlar, heç olmaya bu gün, bu xəbəri eşidəndə vicdanınız sızıldayacaqmı? İnanmıram! Çətin.
Əgər bunu düşünsəydiniz, bir addım atardınız, tədbir görərdiniz, təşəbbüs irəli sürərdiniz.. Unutmayın, cənnətdə Ülfətin və Fatma anamızın əllərini sizin yaxanızdan yəqin ki, uca Tanrı belə almayacaq.
Sorğu – sual meydanında da sizi əfv etməyəcək. Yəqin ki, Fatma ana İgid balasının haqqını vermədiyiniz üçün elə ilk sizdən Allaha şikayət edəcək.
Görüşün mübarək, ana!
Axır ki, 32 illik ayrılıq, həsrət bu gün sona yetdi. Artıq Ülfətinləsən. Bəli, bu gecədən cənnətdə övladına qovuşdun artıq. Kəlbəcərdə nə qədər boyu uzun, boynu qalustuklu kişi varsa, igidinin ucaldığı, uca məqamdan çox kiçikdir. Ülfətin zirvəsinə hələ bundan sonra çətin kimsə ucala bilsin. “Kəlbəcər işğal edilsə, bilin ki, mən həyatda yoxam”- deyən şəhid anası, gözəl məramın, oğlunla görüşün mübarək.
Ülfətə bizdən şikayət etmə, qoy nankor olduğumuzu bilməsin. Bir şəhidin haqqını ala bilməyəcək qədər aciz və nankor…
Ruhunuz şad olsun. Əbədi görüşünüz mübarək olsun. Biz də gələcəyik, amma hansı üzlə, bilmirəm…
#Kəlbəcər #Milli_Qəhrəman #ÜlfətKərimov #FatmaKərimova
Rövşən Hüseynli
Subyekt.az