![]()
Slovakiya Prezidenti rəsmi sosial media hesabında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlə bağlı paylaşım edib.
Subyekt.az xəbər verir ki, Slovakiya Prezidenti paylaşımında ölkələr arasında strateji tərəfdaşlığın artıq konkret layihələr və praktiki əməkdaşlıq vasitəsilə yeni məzmun qazandığını bildirib.
O qeyd edib ki, Azərbaycana səfərinin əsas məqsədi Slovakiya–Azərbaycan strateji tərəfdaşlığını siyasi bəyanatlar səviyyəsindən real nəticələr və birgə layihələr mərhələsinə keçirməkdir. Prezident İlham Əliyevlə keçirilən görüşün bu istiqamətdə qarşılıqlı siyasi iradəni bir daha təsdiqlədiyini vurğulayıb.
Paylaşımda bildirilib ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini energetika, müdafiə sənayesi, Slovakiya ixracının təşviqi, investisiyalar, sənaye və texnoloji əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin inkişafı təşkil edir.
Slovakiya Prezidenti səfər çərçivəsində Qarabağ bölgəsində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə də tanış olduğunu qeyd edib. O, bu prosesdə Slovakiya şirkətlərinin iştirakından məmnunluğunu ifadə edərək, gələcək layihələrdə də onların fəal rol oynayacağına inandığını bildirib.
Paylaşımın sonunda Slovakiya Prezidenti Prezident İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Slovakiya ilə Azərbaycan arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.






Subyekt.az