
Sözün dəyəri, solacaq gül kimi olmadığı üçün mən də sözdən təbrik göndərdim, hədiyyəniz heç zaman solmasın, əmioğlu, ay elimizin, obamızın, Vətənimiz Azərbaycanın dəyərli ziyalısı! 100 yaşınız Kəlbəcərimizdə-Otaqlı kəndimizdə qeyd edək! balalarınla , doğma-dostlarla birlikdə!
YUBELEYƏ DAĞLARDA ÇATA BİLƏYDİK!
Sabiqlər haqqında yazmaq heç də asan deyil, lakin bunu bacaracağıma əminəm. Uşaqlıqdan bugünədək tanıdığım Sahib Əkbərovun həyatı və fəaliyyəti gözlərim qarşısında sənədli kino lentinə dönüb
Sahib İsmayıl oğlu ƏKBƏROV!
Bu gün dağlardasız!
Buna şükür!
2021-ci ildə yazdığım bu məqaləyə, əslində, Sizin yubiley yazınıza əlavə edəcəyim bircə cümlə var: “Arzularınızın hamısına çatasınız!”
Dağlardan səsiniz gəlir!
Sahib ƏKBƏROV!
Təkcə doğmaların-qohum-əqrabanın deyil, bütünüklə kəlbəcərlilərin sevimlisisiniz!
Sevinirəm ki, əmioğlumsunuz!
Sevinirəm ki, kəlbəcərlisiniz!
Sevinirəm ki, Kəlbəcərimizin Sizin kimi dəyərli ziyalıları var!
Tək deyilsiniz!
Sizin kimi dətərli kəlbəcərlilərimiz nə qədər çox olarsa, o qədər Azərbaycan xalqı qazanmış olur!
Sahib müəllim!
“Yubileyə dağlarda çata biləydik” arzumuz çin olub!
Sizin səsiniz Kəlbəcərdən həmişə gəlsin!
O diyar sizin rəhbər olduğunuz illərdə məşəqqətli günlərini yaşayıb, amma, sən demə, elə ən xoşbəxt illərimiz imiş!
Yeni qurulan Kəlbəcərimizdə Sizə cansağlığı, balalarla, nəvərlə xoş istirahət arzulyırıq.
Hörmətlə:
Məhəmməd və İbrahim qardaşları
Tarixin yaddaşına yazılanları dünyanın bəxtəvəri sayırlar. Doğrudanmı onlar bəxtəvərcəsinə ömür sürürlər? İctimaiyyət arasında sayılıb-seçilənlər el-obanın qayğısını çəkənlər, cəmiyyətin inkişafına öz töhfəsini verənlər də tarixin yaddaşına imza atırlar.
Kəlbəcərdə də belə ziyalıların odlu ürəklərinin işığına və istisinə yetişən gənclik təlim-tərbiyəsi ilə seçilib. Ötən əsrin ortalarından başlayaraq, Kəlbəcərdə elmə, təhsilə maraq daha kütləvi hal almışdı. Ailələr var idi ki, burada böyüyən uşaqları yalnız oxumaq, elmə, biliklərə yiyələnmək düşündürürdü. Belə ailələrdən biri də Kəlbəcər “şəhər”inin ikiaddımlığındakı Otaqlı kəndində idi. Dili Quran kəlməli Əkbəroğlu İsmayılın (kənd-kəsəkdə belə adlanırdı-M.N.) ailəsini deyirəm. Bu ailənin başçıları İsmayıl əmi ilə gənclikdən o yana ömrü yetməyən, dünyanı gəlin yaşlarında tərk edib, balalarını böyütmək imkanından uzaq düşən, ən çox da sonbeşiyi Qətibə balasını südəmər, ana üzünə həsrət qoyub gedən, əliqabarlı Bənövşə xala idi. Hər ikisinin də xatir-hörməti başdan aşırdı, sadəlikləri ilə yanaşı, əsl qonşu adamı oldumaqlarına görə.
Bu ailədə dünyaya göz açanlar da zəhmətkeş olmaları ilə kənd-kəsəyin diqqətini çəkirdi. Niyə belə dəqiq deyirəm? Ona görə ki, qonşu olmuşuq elə dağda-aranda, yaylağa köçəndə, kəddə qalanda da. Uşaqların böyüyü – Bəhlulu lap fağır görmüşdük. Ata-anasının hoyuna daha tez çatmışdı. Qızlardan böyüyü Minarə bacıdır. Balalarını başına toplayıb, Əbülfətlə Kəlbəcərə dönməyi gözləyirlər. Hüseyn orta məktəbi mənimlə birlikdə bitirib. Mühasib sənətinə yiyələnib, iqtisadçıdır. Rəhman qardaş-bacılarından və elə hamımızdan erkən ayrılıb haqqın dərgahına qovuşub, Allah rəhmət eləsin. Qənirə də (Qəniş demişik həmişə) mahmudoğlu Temirin ailəsinə köçüb, onlara gəlinlik edib, Zakirə isə ömür-gün dostu olub. Qardaşların “dəli-dolu”su, işbazı, işgüzarı, iş adamı, zamanın nəbzini tutmağı bacaran Zahid də ali təhsilli inşaaatçı mühəndisdir.
Bu ailənin yetirmələrindən haqqında daha ətraflı, təfəərrüatla söz açmaq istədiyim biri də var. Onu yalnız mən yox, kənd-kəsəyimiz, rayon əhalisi (kəlbəcərlilərimiz), xalqımız və dövlətimizin tanınmış simaları da yaxından və yaxşı tanıyır: Sahib Əkbərov – Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı…
QANUNPƏRST
MƏDƏT EYVAZOV və BACIOĞLU
…Kəlbəcərdə ötən əsrin otuzuncu illərində sovetlər qurulanda işğalçılıq niyyətlərini başa düşüb, onu qəbul eləməyiblər. Hətta, sovetləri boykot edən xalq üsyanı da baş vermişdi ki, neçə-neçə başıpapaqlı kəlbəcərli bu “vasstaniya”nın qurbanlarına çevrildilər ki , onlardan biri də Məşədi Cəmil idi.
Sovet hakimiyyəti illəri dövründə Kəlbəcərdə yüksək vəzifə daşıyanların arasında biri də var idi – milis rəisi Mədət Eyvazov! Bu adamın adı gələndə qanunpərəst olduğu üçün deyirdilər: “Rüşvətxorluğa qarşı amansız olan Mədət Eyvazovu hardan alım”?!
Həmin Mədət Eyvazov Sahib Əkbərovun doğmaca dayısı idi. Qanunpərəstlikdə də, deyirdilər ki, “Sahib müəllim eynən dayısına çəkib” (oğul dayıya oxşayar də-M.N.).
Sahib müəllim haqqında xüsusi bir oçerkin yazılması da, məncə, bəs eləməz ki, fikrimi, yazmaq istədiklərimi deyə bilim. O, illərdir ki, buna razı olmayıb, təvazökarlıq edib.
Bu gün Sahib müəllim ömrünün zirvəsindən boylanır, sanki Murovdağdan Kəlbəcərə – uşaqlıqdan ta rəhbər vəzifəyə ucalanadək keçdiyi dünəninə və Murovdağdan hansı zülm-zillətlə aşıb bu üzdə, Gəncəbasarda keçirdiyi qaçqınlıq-köçkünlük illərinə baxır. Yaddaşına nələr ilişib qalıb, bilmirəm. Mən öz bildiklərimi yazıram, özündən bircə kəlmə soruşmadan belə…
ŞƏXSİ ŞƏXSİYYƏT TƏK TANIDAN SÖZ!
…Deyirlər ki, insanlar yalnız əməllərində yaşamır. Onu yaxşı-pis anlamda söz də yaşadır. Sözlə ifadə olunan tarixin səhifələrinə yazılır insan övladının bütün həyat fəaliyyəti, əgər o, diqqətçəkən olubsa.
Söz mülklü karvanın sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman mütləqi-hakim olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib və qorunub saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var, dağa qaldırır, söz də var ki, dağları təpəyə çevirir, güclü və müasir texnika kimi…
Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma, nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.
Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib. Sözə “ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.
Yadigar qalacaq söz sahiblərimiz az olmayıb və nə yaxşı ki, davamçıları azalmır. Bu da əlbəttə, millətimizin və xalqımızın mənəvi sərvətlərindəndir. Bədii sözün sahibləri özlərini tarixin səhifələrində yaşada bilirlər. Lakin şəxsiyyətləri də söz sahibləri yaşatmalıdır, gələcək nəsillərə örnək kimi təqdim etməlidirlər.
Açığı, təəssüf edirəm ki, uzun illər Kəlbəcərdəki söz sahibləri şəxsiyyət kimi tanınan simalardan bircə cümlə belə yazmayıblar. Bunun da səbəbi, sadəcə, xəbislikdir, riyakarlıq deməzdim, qısqanclıqdır. Bu gün də davam edir həmin tendensiya, təəssüf…
***
…Kəlbəcərdə yetişən tarixi şəxsiyyətlər barəsində ayrıca söz açılmalıdır. Hələlik isə hər bir şəxsiyyətin doğulduğu ocaq, böyüdüyü kənd, xidmət göstərdiyi sahə barədə toplanan və oxucuların, geniş ictimaiyyətin diqqətinə çatdırılan xeyli sayda kitablar nəşr edilməkdədir ki, bu da alqışlanasıdır. Doğrudur, bəzən bu sahədə də müəyyən pafos özünü gizlətmir. Cəmiyyət və el-oba, doğulduğu kənd-kəsək üçün can yandırmayanlar haqqında da çəkisinə görə «Hellas»a oxşayan, sanbalına görə isə «Tarixi-Nadir»dən dəyəri çox olmayan kitablar yazdırmağa çalışır və bəzən də bu bayağılığı təbliğ edirlər.
Bəlkə də burada bir sistemlik lazımdır, axı, hər doğulan və müəyyən vəzifə sahibi olanlar cəmiyyətdə aparıcı mövqeyə sahib ola bilmirlər, onları ictimaiyyətə təqdim etmək üçün faktların zənginliyi nəzərə alınmalıdır, bir sözlə, şəxsiyyət kimi formalaşmayanlar barəsində «dastan» yazmağa dəyərmi?
Lakin elə tarixi şəxsiyyətlərimiz də olub ki, onlar fəaliyyətləri dövründə atdığı hər bir addım xalq və millətin inkişafında, güzəranının yaxşılaşdırılmasında, elm-sənət sahəsində maddi və mənəvi dayağa çevrilmişlər. Bəli, belə şəxslərin şəxsiyyətədək keçdikləri yola nəzər salmaq, örnək kimi gələcək nəsillərə saxlamaq lazımdır. Elə haqqında sayı və sanbalı çox faktlarla söz açılan, uzun illər çalışdığı sahədə el-obasının, daha sonra xalqının və millətinin sosial və mənəvi dayağına çevrilmiş, müharibə illərində od-alovun içərisindən çıxmış, yarıməsrlik bir ictimai-siyasi fəaliyyətlə də şərəfli xidmət göstərmiş Sahib İsmayıl oğlu Əkbərov da belələrindəndir.
QISA TANIŞLIQ
Sahib İsmayıl oğlu Əkbərov 27 iyul 1951-ci il tarixində Kəlbəcər rayonunun Otaqlı kəndində sadə, kəndli ailəsində dünyaya göz açıb.1968-ci ildə Kəlbəcər şəhər №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə, inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlayıb: Kəlbəcər rayonundakı Kalinin adına kolxozda sahə gözətçisi işləyib. 1970-1972-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.
1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi “Azərkəndtikinti” Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində çalışıb. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon Xalq Deputatları Sovetinin baş memarı vəzifələrində işləyən Sahib Əkbərov eyni zamanda, 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi, Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, Kənd təsərrüfatı şöbəsinin müdiri, partiya təşkilatı şöbəsinin müdir müavini, 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabrına kimi Kəlbəcər Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1991-ci ilin sentyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS-nin sədri, həmin vaxtdan may 1992-ci ilə kimi isə rayon icra hakimiyyətinin başçısı işləyib.
Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan Sahib Əkbərov 1992-ci ilin avqust ayından 1992-ci ilin noyabr ayına kimi “Azərborukəmərtikinti” trestində təhlükəsizlik üzrə mühəndis,1992-ci ilin noyabr ayından 1996-cı ilin fevral ayına kimi “Azəriqaz” Dövlət Şirkətində işlər idarəsinin rəisi,1996-cı ilin fevralından həmin ilin martına kimi “Azəriqaz” Təchizatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri,1996-cı ilin mart ayından 2006-cı ilin sentyabr ayına kimi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, yanvar 2007-ci ildən fevral 2008-ci ilə kimi Bakı şəhəri Binəqədi rayon qaz istismarı idarəsində rəis müavini vəzifələrini daşıyıb.
Bənövşə və Orxan adlı iki övladın atası, onların da balalarının sevimli babasıdır.
VƏSSALAM!
Bu yuxarıdakı tanışlıqdan sonra Sahib Əkbərovun yenidən dünəninə qayıtmaq, kəndimizdən başlamaq istəyirəm. Çünki kəndini, onun adamlarını sevmək, onlar haqqında fikir yazmaq, bölüşmək kimi bir müqəddəs mənəvi borcum var bu gün.
Elə bu fikir və düşüncələr üzərində “baş sındırırdım” ki, mobil telefonumun vatsappına Gəncədən zəng gəldi, kəlbəcərlilərin yaxşı tanıdığı kardioloq-həkim Adil Nəcəfovdan. Salam-sağoldan sonra nə yazdığımı soruşdu. Biləndə ki Sahib Əkbərovdan yazıram. Bilirsiz necə sevindi?! Kaş, bütünlüklə sabiqlərimiz haqqında söz düşəndə insanlarımız belə sevinəydi.
Adil Nəcəfov telefonda belə dedi:
-Ay Nərimanoğlu, sən haqqında yazdıqların sıravidən vəzifəlilərədək, hər biri xalqımızın, o cümlədən el-obalarımızın sevimli övladlarıdır. Nə yaxşı ki, sən varsan, belə şəxsiyyətləri indiki və gələcək nəsillərə tanıdırsan! Sahib müəllim haqqında yazmağa gecikmisən, incimə! Hər kəsdən öncə yazılmalıydı, çünki uşaqlıqdan rəhbər vəzifəyədək o adam təkbaşına addımlayıb. Sadəliyi, səmimiyyəti, camaata can yandırması ilə seçilməsi də bununla bağlıdır. Mən də Sahib müəllimi təbrik edirəm. Cansağlığı və yenidən Kəlbəcərdə qurub-yaratmaq arzulayıram!”
Baxın, əsl vədəndaş və xalq sevgisi deyilmi? Mən də buna görə yazmaq qərarına gəldim. Yazılarımın elə qəhrəmanları olub ki, onun haqqında yazdığım üçün mənə ciddi, yaxud dolayısı ilə irad da tutublar. Dözmüşəm, hər kəs hamı üçüm yaxşı adam ola bilməz,-düşünmüşəm. Sonralar səhv düşündüyümün fərqinə də varmışam: xalq, el-oba heç vaxt səhv edə bilməz!
Mədhiyyəbazlıqdan uzağam. Amma şəhidlərimizdən və şəxsiyyətlərimizdən, sənətdən və kamil sənətkarlarımızdan az yazmamışam. Bəlkə bəlağətli sözlərim də olub. Ədəbiyyat adamları bədii sözün imkanlarından istifadə edəndə, bəzən oxucu qəbul edə bilmir. Bunu da anlayıram.
İllər öncə yazmalı olduğum bu oçerki indi, Sahib müəllimin tamamilə vəzifədən uzaq olduğu, ömrünün də müdriklik çağlarında qələmə almağımı təsadüfimi sayırsız?! Sahib müəllim həm də bizim ailənin doğmasıdır: sonbeşik bacısı Qətibə xanım gəlinimizdir – qardaşımın ömür-gün yoldaşıdır.
Qardaşım İbrahim Səfərlər focebook səhifəsində Sahib müəllimi təbrik edərək yazır: “Sahib müəllim, hələ ötən əsrin 80-ci illərindən Kəlbəcərdə “Yeni şəhər”in salınmasında, rayonun baş memarı olmaqla, rayonumuzun tikini-quruculuq işlərində çox misilsiz əməyiniz olmuşdu. Keçdiyiniz ağır və çox məsuliyyətli yollar sizi yormadı. Sonra Birinci Qarabağ müharibəsi başlayan dövrlərdə Kəlbəcərin Ermənistanla bütün sərhəd boyu şəxsən özünüzün iştirakınızla tikilən Müdafiə Sərhəd Zastavaları və gecə-gündüz rayonumuzun müdafiəsi üçün dincik, rahatlıq bilmədən gördüyünüz işlər hər bir kəlbəcərlinin xatirində daim yaşayacaq və heç zaman silinməyəcək…
Sonda hər bir zəhmətiniz hədər getdi: bir qrup vəzifə düşgünlərinin səriştəsizliyi ucbatından Kəlbəcəri qoruya bilmədilər, düzgün müdafiə etməyi bacarmadılar.Tək Kəlbəcəri yox, bir neçə rayon da o məğlubuyyətin qurbanı oldu.
Çox şükür, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanının, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, o cümlədən Kəlbəcər də.
Sahib müəllim! Bu gün, Kəlbəcərə qayıdış zamanı, orada yeniudən tikinti-bərpa işlərinin aparılmasında sizin kimi memarlarımıza böyük ehtiyac var…
Allahdan Sizə möhkəm can sağlığı arzu edirik. Növbəti ad günlərinizi dədə-baba yurdunda qeyd edəsiniz. Rayonumuzun yenidən qurulması üçün yaxından kömək edəsiniz…
Allah sizi kimi ziyalılarımızı qorusun! 70 illik yubileyiniz mübarək!”
ƏSL KƏLBƏCƏRLI,
VƏTƏNPƏRVƏR ZIYALI…
Belə isti ürək sözlərini yazanlardan biri də Moskvada yaşasa da, xalqımızın sevimli şairi kimi tanınan, Rusiya Yazıçılar İttifaqının sədr müavini Nəsib Nəbioğludur. Nəsib müəllim yazır: “Hörmətli, Sahib müəllim! Sizi 70 illik yubileyiniz münasibətilə Moskvadan səmimi qəlbdən təbrik edirəm, işlərinizdə uğurlar və möhkəm cansağlığı arzulayıram. Sizin ömür yolunuz Kəlbəcərimizə, doğma camaatımıza ləyaqətlə xidmət edən dəyərli bir şəxsiyyətin həyat yoludur. Siz əsl kəlbəcərli,vətənpərvər ziyalı, bir icra başçısı kimi Kəlbəcərə məhəbbətinizi,bağlılığınızı sözdə deyil, gördüyünüz işdə, xeyirxah əməldə, çəkdiyiniz zəhmətdə, fəaliyyətinizdə nümayiş etdirdiniz. Kəlbəcərlilərin sevimlisinə çevrildiniz.
Bu gün sosial şəbəkələrdə ürək yanğısıyla yazdığınız yazıları elə-belə oxumaq mümkün deyil. Bu yazılar bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahı olan Kəlbəcərə vurğun olan bir insanın dərin məhəbbətindən irəli gəlir.
Verdiyev Səfərdən sonra Kəlbəcər camaatı tərəfindən sevilən ikinci bir rəhbər tanımıram. Bu gün Sizin adınız çəkiləndə hər bir kəlbəcərli deyir: “ Sahib müəllim kişi kimi yaşadı, kişi kimi işlədi, camaatımızı zonalara parçalamadı, neçə-neçə gəncləri qabiliyyətinə, bacarığına, dürüstlüyünə görə rəhbər vəzifələrə çəkdi. Qohumbazlıq eləmədi, kəndçibazlıq eləmədi…”
Sahib müəllim! Siz bugünkü, müasir, müstəqil, çiçəklənən Azərbaycanın qurucusu, bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında çalışdınız. Bütün fəaliyyətiniz dövründə özünüzü çox ləyaqətli, yüksək mədəniyyətli insan kimi göstərdiniz. Bu gün də Sizin camaatımız arasında böyük hörmətiniz var, ziyalılarımız arasında xüsusi nüfuza maliksiniz.
Əziz dostum, Sizi bir daha təbrik edirəm, bağrıma basıram. Kəlbəcərdə görüşmək arzusuyla!”
Sahib Əkbərov Kəlbəcərdə rəhbər vəzifələrdə çalışanların arasında barmaqla göstərilənlərdən biri olub. Yalnız vəzifəsinə görə yox. Nəsib Nəbioğlunun da qeyd etdiyi kimi, Sahib müəllim el-oba təəssübü çəkən, kasıb ailədən boy verən bir gənc kimi atılmışdı meydana. Bu o vaxtlar idi ki, Kəlbəcərdə daş üstə daş qoyulmamışdı əvvəlki rəhbərlərin Kəlbəcərə laqeydliyi ucbatından. Bəli, Səfər Verdiyevdən sonra rayona can yandıran rəhbər kadrlardan biri olub Sahib Əkbərov!
AMANSIZ MUROVDAĞDA BORANA-ÇOVĞUNA DÜŞƏN
Kəlbəcərin Ağdərədən əsas magistral yolu bağlandıqdan sonra mühasirəyə salınmış kəlbəcərlilərin Ermənistan tərəfindən təcavüzünün qarşısının alınması məhz Sahiv Əkbərovun adı ilə bağlı idi. Yolsuz, işıqsız, qazssız Kəlbəcərdə gündəlik ərzağın qıtlıq illərində kəlbəcərlilərin oradan uzaqlaşıb rayonu tərk etməmələri üçün Sahib Əkbərov ilk növbədə Ermənistanla sərhəd məntəqələrinin tikintisini önə çəkdi. Bakıdan ala bilmədiyi kömək onu ruhdan salmırdı. Bunun əvəzinə, onun hər sözünü qanun hesab edən kəlbəcərlilər bu işdə könüllü şəkildə iştirak edirdi…
Təəssüf ki, o vaxtlar Azərbaycan Prezidenti olan (gizli və sirr deyil ki, respublikada vəzifə davası gedirdi, mərhum prezident Elçibəyin ətrafı onu ölkə başçısı kimi saymır, hər gün yalan informasiya verir, beləliklə də ölkədə çoxhakimiyyətlilik yaranmışdı) Əbülfəz Elçibəy onu tutduğu vəzifədən azad edilməsi sərəncamını o, Dikyurd sərhəd zastavasında, adi silahlarla sərhədi qoruyan kəndlilərinin yanında olanda radio vasitəsilə eşitmişdi.
Bu xəbər Sahib Əkbərovu daxilən sarsıtsa da, o, fərqinə varmadan, son anlaradək doğmalarının yanında oldu. 1993-cü ilin qanlı-qara aprel günlərində yenə də amansız Murovdağda borana-çovğuna düşən kəlbəcərlilərinin harayına yetən Sahib Əkbərov unudulmadı.
Yox, yox, mən Sahib Əkbərov haqqında bilmədiklərimi yaza bilmərəm. Nəyi bilirəmsə, onu yazıram və bunlara da varlığım qədər inanıram. Mən Sahib Əkbərovun rəhbər vəzifələrdə işlədiyi illərdə belə bir qəzetçi kimi yalnız üzərimə düşənləri yerinə yetirirdim. Kəlbəcərin işğal olunduğu 28 il ərzində digər vəzifəlilərimiz kimi, onun da kabinetinin qapısını döymədim, narahat etmədim. Hətta, hələ Kəlbəcərdə olarkən belə onun vəzifə sahibi olduğunu düşünüb hansısa bir şəxsi problemimlə bağlı müraciətim olmayıb.
Bunları yazmaqda məqsədim Sahib Əkbərovun kəlbəcərlilərin yaddaşına necə yazılmasını xatırlatmaq və Kəlbəcərdən uzaqlarda dünyaya göz açanlara onu da bildirməkdir ki, hər vəzifə sahibləri Kəlbəcərə can yandırsaydı, bəlkə də onu mənfur düşmənlərimizdən qoruya bilərdik. Axı, vaxtilə Məşədi Cəmilin Laçından Sultanbəydən gətirdiyi “dayandoldurum”la, ov tüfəngləriylə, adi silahlarla ermənilərin Kəlbəcərə dəfələrlə elədiyi hücumların qarşısı alınmışdı. Kəlbəcəri 1993-cü ildə də müdafiə eləmək çətin deyildi.
Sahib Əkbərovla 996-cı ilin aprelində Ulu Öndərimiz Heydər Əliyevin sərəncamı ilə Kəlbəcər RİH-nin başçısı təyin edildikdən sonra Yevlaxın Lənbərən ərazisində məskunlaşan kəlbəcərlilərlə görüşə mən də dəvət almışdım. O zaman Yeni Azərbaycan Partiyasının qəzeti olan “Yeni Azərbaycan”ın məsul katibi idim.
ƏLƏBAXIMLILIQ
YAMAN DƏRDDİR, QARDAŞ!
Lənbərana çatan kimi oradakı həmyerlilərimiz Sahib müəllimin üstünə elə şığadılar: “Çörəkpulu hələ keçməyib, ay Sahib müəllim!?”
Dəhşət idi! Sanki onlara yardım gətirməli imiş. Doğma kəlbəcərlilərini yardıma öyrəşməyə qoymayan, dolayısı ilə onları öz halal əməkləri ilə dolannmağa vərdiş aşılayan Sahib müəllim dözməyib dedi:
-Mənə deyin görüm, siz Kəlbəcərdə yaşayanda da yardımla, çörəkpuluyla dolanırdınız?! Bu nə biabırçılıqdır? Burada nə qədər torpaq sahəniz var?! Bax bu meyvə-tərəvəz yetişdirdiyiniz sahədə taxıl da əkə bilərdiniz eləmi?! Niyə əkməmisiniz?! Traktorunuz, texnikanız, toxumunuz yoxdur?! Niyə bunu istəmirsiz?! Axı, heç olmasa sizin əkməyə-biçməyə torpaq sahəniz var. Bəs o uçuq-sökük binalarda-yataxanalarda məskunlaşan kəlbəcərlilər neyləsin?! Yardımla onlar birtəhər dolana bilər ey, siz yox! Məndən, hökumətdən işləmək üçün şərait tələb edin. Bədbəxt günə qalmışıq! Niyə 3 ildə bu qədər ələbaxımlığa alışmısınız?! Yardımla qarın doyar?!..
Bu fikirlər elə o zaman mənim çalışdığım qəzetdə dərc etdirdiyim məqaləmin əsas mövzusu idi: “Ələbaxımlılıq və yaxud qoltuğa sıxılmaq bədbəxtlikdir”.
Sahib Əkbərovu uşaqlıqdan tanıyıram. Bir kənddə doğulduq. Bir kənddə böyüdük, bir kənddən də qovulduq. Qovurğa kimi qovrulduq, kasıblığın hər cür çətinliklərindən keçib gəldik. Tale insanlara müxtəlif cür yazılır.
Sahib müəllim hələ orta məktəbdə oxuyandan o, gələcəkdə sayılıb-seçilən ziyalılardan biri təsiri bağışayırdı. Otaqlı ilə Kəlbəcər şəhəri az qala bitişik idi. Kəndimizin əkin-biçin sahələrinin illər uzunu qoruqçusu atası İsmayıl Əkbəroğlu idi. Mən dünyaya göz açandan, oradan qaçana kimi İsmayıl əminin yedəyində at dağda-daşda, əkin-biçin yerlərində – Pələng qayasında, Tələlərdə, Həlmənin yerində, Yaz yurdunda, Mərcanöləndə, Qətərdə, Orta burunda, Çanaqdaşda, Yazyirdunda, Meşənin içində… haralarda görmədim ki? Atasına qağa deyən balaca Sahib də kiçik yaşlarından bax beləcə boy atdı o sadaladığım yerlərdə. Həm də atası kimi – ay işığında, at yedəyində, qoruqçu kimi. Məktəbyaşlı Sahibin gələcəyi o günlərdən məlum idi. Kimi dindirirdin Sahibi nümunə çəkirdilər: “Halal olsun, vallah gələcəkdə o, bütün bu əziyyətlərinin bəhrəsini dadacaq. Belə uşaqların gələcəyi yaxşı olur”,-deyirdilər.
Sahib müəllim o illərdə əməyə, zəhmətə yaxşı qatlaşmışdı. Şahidiyəm və həm də ancaq mən yox, o, əkin-biçin sahələrini gecə yoxlamağa çıxanda da əlindəki işıq fanarını yandıraraq kitab oxuyur, sabahkı dərslərini hazırlayırdı. Bu, onun sabahına olan inam və ümidinin işarəsiymiş. Sonralar onun oxumağa, savad almağa, elmə, biliyə olan bu sevgisi bizi də belə olmağa həvəsləndirmişdi.
Sahib Əkbərov həm də Ali Sovetin deputatlarından biri oldu. Onun Ali Sovetin sessiyalarında Kəlbəcərin taleyinin dumanlı olması barədə həyəcan təbili çalması bu gün də çoxlarının yaddaşındadır.
Deyərdim ki, Əlövsət Ağalarovla Sahib Əkbərovdan başqa Kəlbəcərin dərdini sanki kimsə o zamanlar çəkmirdi. Bunu elə-belə demirəm. O zamankı dövrü mətbuatın, eləcə də TV-lərin arxiv materialları da bunu təsdiqiləyə bilər.
Sahib Əkbərov rayon icra hakimiyyətinin başçısı vəzifəsində olarkən şəhidlərimiz və doğma yurdumuzun tarixini yazdıran, kitablar buraxdıran rəhbər olub!
Sahib müəllim, el-obasından didərgin salınan yurddaşlarının xeyir-şərindən qalmayan sadə əmioğludur!
Sahib müəllim Vətənini, xalqını sevən vətəndaşdır. Xeyli müddətdir ki, təqaüddədir. İndi məclislərə getmək onun üçün daha rahatdır-vaxt baxımından. Ona görə də onu indi daha tez-tez görmək olar.
YUBİLEYƏ DAĞLARDA ÇATA BİLƏYDİK!
Sahib müəllim dövlətinə sədaqətli məmur olub! Keçmiş sovetlər birliyində olduğu kimi, milli müstəqillik illərində də Azərbaycanına və doğma xalqına sədaqətli xidmət onun borcuna çevrildi. O, vəzifədə olduğu kimi, bu gün də Ulu Öndər Heydər Əliyev siyasətinə sədaqətlidir. Sosial şəbəkələrdə fəallığı ilə seçilən sabiq məmur Ümummilli Liderin ona göstərdiyi etimadı heç vaxt unutmayır. Axı, vaxtilə Xalq Cəbhəsi tərəfindən ona edilən haqsızlıq həmin etimadla aradan qaldırılmışdı. 1996-cı ildə bir qrup kəlbəcərli ziyalılarla görüşən Ulu Öndər Heydər Əliyevin qarşısında etdiyi çıxışında da Sahib Əkbərov bunu xüsusi vurğulayırdı.
Sahib müəllimin son illər, xüsusilə də ötənilki 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə bağlı sevincləri bir daha təsdiqləyir ki, o, yalnız vəzifə başında deyil, sıravi vətəndaş kimi də xaqlına, vətəninə bağlıdır.
Sahib müəllim el-obasında boy atan qələm və söz adamlarının da sevimlisinə çevrilməyi bacaran bir rəhbər kimi tanındı. Onun ölməz söz korifeylərimizdən Bəhmən Vətənoğlu, Sücaət, Qəmkeş Allahverdi, Məmməd Aslan… kimi ustadlarla birlikdə olmaqdan daim zövq alıb.
Sahib müəllim həm də ailəsinin əzizi, istəklisidir. Qardaş-bacıları ilə yanaşı, ailəsi, ömür-gün yoldaşı Sevda müəllimə ilə birlikdə illərdir ki, Bənövşəsi ilə Orxanının balalarına – nəvələrinə şirin-şirin nağıllar danışan baba kimi də istəklidir.
Sahib müəllim haqqında bir dastan yazmaq olardı. Hərçənd o, bunun əleyhinədir. Hələ bilmirəm ki, bu yazını oxuyanda hansı hissləri keçirəcək: xəyalən uşaqlıq illərinə qayıdacaq, yoxsa o yerlərə dönmək üçün ürəyi bir az da sürətlə döyünəcək. Bildiyim odur ki, o, bu gün sevincli günlərini yaşayır, Kəlbəcərə dönmək üçün illərdir gözlədiyi arzusu çin olub axı.
Arzularınız hər zaman bahar təravətli çiçəkləsin, əziz insan, sədaqətli dost, istəkli dohum, sevimli eloğlumuz!
Bu sonuncu abzasta kimi yaşınızdan yazmadım, vaxtından əvvəl Murovun, Dəlidağın zirvəsinə bənzəyən başınızdan yazdım. Başınız daima uca olsun.
Ömrün zirvəsinə, ay Sahib müəllim!
Kaş, o dağlarda çata biləydik.
Dərib dağçiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Çəkəmmədik Kəlbəcərin nazını,
Çalammadıq ustadların sazını.
Məhəmmədə yazdıranda yazını,
Dağların ruhunu tuta biləydik,
Yubileyə dağlarda çata biləydik.
Məhəmməd Nərimanoğlu
Subyekt.az