![]()
Deputat Fazil Mustafa Azərbaycan Kubokunun finalında “Sabah”ın vurduğu hər iki qolu yüksək qiymətləndirərək bildirib ki, bu oyun üslubu komandanın Avropada layiqli mövqe qazanacağına ümid yaradır. Onun sözlərinə görə, qarşılaşmanın epizodlarını dəfələrlə izləyib və oyundan xüsusi zövq alıb.
Fazil Mustafa hesab edir ki, “Sabah” və “Turan Tovuz” gələcəkdə avrokuboklarda sürpriz komandalar kimi çıxış edə bilər. O vurğulayıb ki, bu il Azərbaycan futbolunun əsas hədəflərindən biri hər bir komandanın öz doğma meydanında çıxış etməsinin təmin olunmasıdır. Deputat qeyd edib ki, yalnız “Araz-Naxçıvan” klubu Zəngəzur dəhlizi açılanadək mövcud logistika çətinlikləri səbəbindən istisna təşkil edə bilər.
Millət vəkili futbolun bölgələrdə inkişafının vacibliyini də önə çəkib. Onun fikrincə, Masallı və Lənkəranı təmsil edən komandaların Premyer Liqada yer alması həm futbolun inkişafına töhfə verər, həm də regionlarda idmana marağı artırar. O, eyni zamanda “Qəbələ” və “Şahdağ” klublarının inkişafına dəstəyin gücləndirilməsinin vacib olduğunu bildirib.
Fazil Mustafa AFFA-ya da çağırış edərək təklif edib ki, komandalar meydana çıxarkən “Narkomaniyaya yox deyək!” şüarını əks etdirən pankartlar daşısınlar. Onun sözlərinə görə, bu təşəbbüs bir tərəfdən idmanı, digər tərəfdən isə sağlam həyat tərzini təbliğ etmiş olar. Deputat xüsusilə nəzərə çatdırıb ki, stadionlara gələn azarkeşlərin böyük hissəsini yeniyetmələr təşkil etdiyindən, ölkədə hər fürsətdə idman və sağlam yaşam təşviq olunmalıdır.
Subyekt.az