![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında” Sərəncama əsasən, Vətən uğrunda göstərdiyi şücaətə və xidmətlərinə görə şəhid hərbi həkim, tibb xidməti polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Təltif olunan hərbçilər arasında yer alan Rasim Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş və Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərmiş hərbi tibb qulluqçularından biri olub. O, şəhid olan ən yüksək rütbəli hərbi həkim kimi tarixə düşüb.
Rasim Abdullayev 21 fevral 1975-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, 1982–1992-ci illərdə Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Tibb Universitetində oxuyaraq 1998-ci ildə ali təhsilini başa vurub.
Peşə fəaliyyətini hərbi tibb sahəsinə həsr edən Rasim Abdullayev xidmət etdiyi bütün dövrlərdə yüksək peşəkarlığı və insanpərvərliyi ilə seçilib. O, 2016-cı ilin 2–5 aprel tarixlərində baş vermiş Aprel döyüşləri zamanı ön xəttdə yaralanan hərbçilərə döyüş meydanında tibbi yardım göstərərək onların həyatının xilas edilməsində mühüm rol oynayıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı da polkovnik-leytenant Rasim Abdullayev ön cəbhədə xidmətini davam etdirib. Xüsusilə Şuşa uğrunda gedən ağır döyüşlərdə yaralı əsgər və zabitlərin döyüş meydanından çıxarılması, onlara operativ tibbi yardım göstərilməsi istiqamətində fədakarlıq nümayiş etdirib.
Polkovnik-leytenant Rasim Abdullayev 2020-ci il noyabrın 10-da Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib.
Şəhid hərbi həkim ailəli idi. Onun Miryaqub və İslam adlı iki övladı Vətənə əmanət qalıb.
Rasim Abdullayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi dövlətimizin şəhidlərimizin xatirəsinə və onların Vətən qarşısındakı misilsiz xidmətlərinə verdiyi yüksək qiymətin növbəti təzahürüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Subyekt.az