![]()
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad olunmuş ərazilərdə də yeni həyatın təməlini qoyur. Bu strateji kursun uğurlu davamçılarından biri kimi, Kəlbəcər rayonuna xüsusi nümayəndə təyin olunmuş hörmətli Bəşir Hacıyev, qısa müddət ərzində bölgənin hərtərəfli inkişafında mühüm və əvəzsiz rol oynayıb.
Xüsusi nümayəndənin fəaliyyəti nəticəsində Kəlbəcər təkcə bərpa edilmir, eyni zamanda müasir və dayanıqlı gələcəyin şəhərinə çevrilir. Yol infrastrukturu, kənd təsərrüfatı, ictimai xidmətlər, turizm və mədəni irsin qorunması sahələrində sistemli və mərhələli şəkildə işlər həyata keçirilir.
Zəngin təbiəti, şəfalı su ehtiyatları, mineral bulaqları və dağ-məkan turizmi potensialı baxımından Kəlbəcər bu gün Azərbaycanın gələcəkdəki aparıcı turizm bölgələrindən birinə çevrilməkdədir. Bəşir Hacıyevin rəhbərliyi ilə bölgədə turizm infrastrukturu formalaşdırılır, təbii sərvətlər qorunur, Kəlbəcər şəhərinin mükəmməl layihəsinə uyğun tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
1993-cü ildə törədilmiş və xalqımızın yaddaşına əbədi həkk olunmuş Başlıbel faciəsinin unudulmaması, qurbanların əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində də ciddi addımlar atılır. Faciə baş vermiş, eyni zamanda füsunkar təbiəti ilə seçilən Başlıbel kəndinə gediş-gəliş qismən bərpa edilib, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq anım tədbirləri təşkil olunur. Bu yanaşma bölgənin tarixi yaddaşını, əxlaqi dəyərlərini və vətəndaş məsuliyyətini yaşatmaq baxımından xüsusi önəm daşıyır.
Kəlbəcərdə 1993-cü ildə itkin düşmüş və uzun illərdir axtarışda olan şəhidlərimizin nəşlərinin tapılması və şəhid adına layiq şəkildə dəfn olunması istiqamətində aparılan işlər, dövlətimizin və onun yerli nümayəndələrinin Vətənə, şəhid ailələrinə olan dərin hörmətini göstərir.
Rayonun zəngin tarixi-mədəni irsinin bir hissəsi olan qədim Alban kilsələrinin qorunması və mühafizəsi də Bəşir Hacıyevin fəaliyyətində xüsusi yer tutur. Bu abidələrin bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər bölgənin tarixi kimliyini yaşatmağa xidmət edir.
Kəlbəcərin mürəkkəb dağ relyefinə baxmayaraq, yeni yollar salınır, kəndlərarası əlaqələr bərpa edilir, əhalinin gediş-gəlişi asanlaşdırılır. Paralel olaraq, kənd təsərrüfatında – xüsusən arıçılıq, maldarlıq və əkinçilik sahələrində – fermerlərə dəstək tədbirləri həyata keçirilir. Kənd icmaları ilə birbaşa ünsiyyət, onların problemlərinin yerində araşdırılması və operativ həlli uğurlu və effektiv idarəçilik modelinin əsasını təşkil edir.
Bütün bu tədbirlərin mərkəzində xalqa yaxınlıq, şəffaf idarəetmə və strateji yanaşma dayanır. Kəlbəcər bu gün təkcə fiziki baxımdan deyil, ideoloji və mənəvi baxımdan da dirçəlir. Rayonun hər dağı, hər daşı doğmalarını gözlədiyi kimi, dövlət də bu gözləntiyə cavab verən real addımlar atır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonunun Zar kəndində təməlini qoyduğu 855 evlik yaşayış məhəlləsinin ilkin mərhələdə 547 evinin tikintisinə artıq başlanılıb. Bu, bölgənin müasir şəhər mühitinə inteqrasiyasının daha bir sübutudur.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bölgədəki daşıyıcısı olan Bəşir Hacıyev, qətiyyətli, ardıcıl və çevik idarəçilik yanaşması ilə Kəlbəcəri Azərbaycanın strateji və turizm baxımından ən mühüm bölgələrindən birinə çevirir. Tarixə hörmət, şəhidlərə ehtiram, xalqa xidmət və müasir inkişafın sintezindən doğan bu model, gələcəyin Kəlbəcərini inşa edən nümunəvi dövlətçilik təcrübəsidir.
Xüsusi nümayəndə Bəşir Hacıyev kənd icmaları ilə mütəmadi təmasda olur, əhalinin problemlərini yerində dinləyir və birgə həll yolları axtarır. Şəffaf və məsuliyyətli idarəçilik prinsipinə əsaslanan bu yanaşma, əhalinin dövlətə olan inamını artırmaqla yanaşı, dövlət–vətəndaş münasibətlərini daha sağlam platformaya daşıyır.
Kəlbəcərdə tikilən binalar, şəhərin yeni görkəmi və həyata keçirilən abadlıq işləri, sakinlərə birbaşa Prezident İlham Əliyevin xüsusi diqqət və hörmətinin bariz göstəricisidir. Bu gözəlliklər gələcək nəsillərin Kəlbəcərdə yaşaması üçün mühüm əhəmiyyət daşıyır.
Kəlbəcər rayonunda Azərbaycan Respublikasının Xüsusi Nümayəndəsi və onun rəhbərlik etdiyi kollektivin əməyi, rayon sakinləri tərəfindən yüksək dəyərləndirilir.
Başda hörmətli Bəşir Hacıyev olmaqla, müharibənin acı və qəddar üzünü görmüş Vətənimizi qısa zamanda abad və yaşanılacaq bir cənnətə çevirən bu fədakar kollektivə dərin təşəkkürümü bildirirəm.
















Xüsusi olaraq Subyekt.az üçün, Kəlbəcərdən – Kəlbəcər sakini
Səbuhi Ağayev
(Səbuhi Kamran)
#Kəlbəcər #BöyükQayıdış
Subyekt.az