
“Şəhid Xalidin keçirilməyən “Ad Günü” və müqəddəs ziyarət…
…44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə, döyüşkən ordumuza, xüsusən də Şüşa fatehlərinə minnətdarlığımızı ifadə etməklə öz borcumuzu belə ödəyə bilmərik!
İşğaldan azad edilmiş tarixi ata-baba yurd yerlərimizi, düşmən tərəfindən darmadağın edilən, söndürülən ocaq yerlərimizin ziyarətinin isə əvəzi yoxdur!
Kəlbəcərin Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1988-93-cü illər ərzindəki mühasirə, 1993-2020-ci illərdə əsarətdə qaldığı müddətdə bu ulu ozan yurdu, cənnət məkanın azad edilməsi uğrunda yüzlərlə kəlbəcərli igid canından keçib, şəhidlik zirvəsinə ucalıb, minlərlə dağlar oğlu isə yarımcan qalıb, qaziyə çevrilib…
Belə kəndlərimizdən biri də Nadirxanlıdır. Nadirxanlı kəndində dünyaya göz açmış qəhrəman, igid, vətənpərvər oğullardan (PDM komandiri Məlikov Natiq Siyavuş oğlunun (02.10.1962-28.03.1993); çavuş Abbasov Müşfiq Dilqəm oğlunun (01.10.1971-04.04.1993); əsgər Bəxtiyarov Qahir İsgəndər oğlunun (17.11.1973-03.04.1993); əsgər Hacıyev Mürvət İzzət oğlunun (27.05.1974-06.04.1993) nəşi hələ də müəyyən edilərək dəfn edilməmişdir.
Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış oğullardan biri də baş leytenant, qərargah rəisi olmuş Hümbətov Xalid Əli oğlu idi ki, 20 may 1961-ci ildə Alçalı kəndində anadan olmuş, 15 fevral1994-cü il tarixində “Murovdağ əməliyyatı”nda şəhadətə yüksəlmiş, lakin bu günədək nəşi tapılaraq dəfn edilməmişdir.
Vətən müharibəsinin şəhidi, gizir, taqım komandiri Məmmədli İsmayıl Mahir oğlu isə (01.01.1996-14.12.2020) 2020-ci il 1 oktaybr tarixdə Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 74 gündən sonra nəşi müəyyən edilərək Göygöl rayonunda dəfn edilmişdir.
Nazirlər Kabineti Aparatının sektor müdiri, əslən Nadirxanlı kəndindən olan Qurban Sadıqovun təşəbbüsü ilə bu kəndin yetirməsi, iş adamı Qismət Bəxtiyarov tərəfindən Xatirə lövhəsi hazırlanıb 2022-ci ilin iyun ayında şəhidlərin ailə üzvlərinin iştirakı ilə kənddə quraşdırılaraq, əziz xatirəsi yad edilmişdir. Ziyarətiniz qəbul olsun!
Məhəmməd Nərimanoğlu,
“Yenilik-press” qəzetinin baş redaktoru
Subyekt.az