
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda savaşan, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini hər zaman anmağa borcluyuq. Qusar rayonunda da şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur.
Yanvarın 22-də Qusar rayonunun Hil kəndində şəhid Cavadov Rəşad Fərzəli oğlunun anım mərasimi keçirilib. Mərasimdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsi ziyarət olunub, icra başçısı şəhid ailəsinin problem və qayğıları ilə maraqlanıb.
Azərbaycan Ordusunun əsgəri olmuş Cavadov Rəşad Fərzəli oğlu 22.01.2021-ci il tarixdə Xocavənd rayonu ərazisində mina partlayışı zamanı şəhid olmuşdur. Ölümündən sonra “Füzulinin azad olunmasına görə medalı”, “Xocavəndin azad olunmasına görə medalı”, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Yanvarın 22-də Hil kəndində şəhidlərimiz: Rzayev Zahir Zakir oğlu və Ramazanov Rail Arif oğlunun da məzarları ziyarət olunub, xatirələri yad edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

.

.

Subyekt.az