123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı 23 avqust 2024-cü il tarixində Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Qabilov İsmayıl Əli oğlunun Gəncə şəhərində yaşayan ailəsini ziyarət edib. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, şəhid İsmayıl Qabilovun göstərdiyi şücaət və qəhrəmanlıqlarından bəhs olunub. Namizəd Mircəlil Qasımlı bildirib ki, ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdı. Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu.
“Biz ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Hamılıqla bu gün igid oğullarımızın xatirəsini ehtiramla və minnətdarlıqla anırıq. Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, şəhid İsmayıl Qabilov 1983-cü il iyulun 15-də Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsində yaşamağa başlayıblar. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İsmayıl Qabilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 05.12.2020-ci il tarixində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qabilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qabilov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Allah şəhidlərimizə rəhmət eləsin.
Subyekt.az