![]()
Bu gün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri – tibbi xidmət polkovnik-leytenantı Rasim Abdullayevin doğum günüdür.
Onun əziz xatirəsi doğmaları, silahdaşları, Müdafiə Nazirliyinin əməkdaşları və Kəlbəcər ictimaiyyəti tərəfindən böyük ehtiramla yad olunub. Paytaxtın İkinci Fəxri Xiyabanında şəhidimizin məzarı başına toplaşanlar ruhuna dualar oxuyub, onun şərəfli ömür yolundan, vətənpərvərliyindən, mərdliyindən və insanpərvərliyindən danışıblar. Ziyalılar və döyüş yoldaşları Rasim Abdullayevin ən çətin məqamlarda belə geri çəkilmədiyini, yaralı əsgərlərin həyatını xilas etmək üçün öz həyatını təhlükəyə atdığını xüsusi vurğulayıblar.
Subyekt.az-ın məlumatına görə, Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub. 1993-cü ildə doğma yurdunun işğalı nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşasa da, Vətənə xidmət amalından bir an belə uzaq düşməyib. 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirən Rasim Abdullayev 2000-ci ildən etibarən könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi həkim kimi xidmətə başlayıb.
2016-cı ilin Aprel döyüşləri zamanı Gəncə Hərbi Poliklinikasının rəisi kimi döyüş bölgəsində yaralılara yerindəcə tibbi yardım göstərib. Sonrakı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsində çalışıb, daha sonra isə Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində tibb bölüyünün komandiri kimi fəaliyyət göstərib.
44 günlük Vətən müharibəsi dövründə Rasim Abdullayev müxtəlif istiqamətlərdə gedən ən ağır döyüşlərdə 100-dən çox yaralının həyatını xilas edib. 10 noyabr 2020-ci ildə, müharibənin son saatlarında Şuşa istiqamətində yaralıların təxliyəsi tapşırığını könüllü olaraq üzərinə götürüb. Hadrut-Şuşa yolu istiqamətində hərəkət edərkən düşmən pusqusuna düşən hərbi həkim son ana qədər borcuna sadiq qalıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Rasim Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün onun ocağında adı yaşadılır. Oğlu Mir Yaqub atasının yolunu davam etdirərək hərbi həkim kimi təhsil alır, digər övladı isə İdman Akademiyasında təhsilini davam etdirir. Rasim Abdullayevin adını daşıyan nəvəsi isə bu qəhrəman ocağının gələcəyini simvolizə edir.
Anım mərasimindən sonra şəhidin adına ehsan süfrəsi təşkil olunub, onun həyat və döyüş yoluna həsr edilmiş videoçarx nümayiş etdirilib.
Rasim Abdullayev ömrünü insanlara həyat bəxş etməyə həsr edən, son nəfəsində belə yaralı əsgərləri düşünən əsl Vətən oğulu idi.













Allah şəhidimizə rəhmət eləsin. Ruhu şad olsun.
Rövşən Hüseynli
Subyekt.az