23 may 2024-cü il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi zamanı, 16 fevral 1994-cü il tarixində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Murovdağ yüksəkliyində itkin düşmüş, hazırda nəşi tapılan Qubadlı rayon Novlu kənd sakini şəhid Ələkbərov Cavid Fazil oğlu ilə vida mərasimi keçirildi.
Vida mərasimində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatları-İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Ülvü Quliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ağsaqqalları, ziyalıları, Sumqayıt şəhər cümə məscidinin axundu Hacı Rauf Sərdarov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, hüquq mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon ümumtəhsil məktəblərinin kollektivləri, Şəhidimizin ailə üzvləri və yaxınları, Şəhid ailələri, döyüş yoldaşları, rayon ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi orkestirinin müşaiyəti ilə dövlət himni səsləndirildi, yaylım atəşi açıldı. Sonra Şəhidin ruhuna dualar oxundu. Məzarı üzərinə əklil və gül dəstələri qoyuldu.
Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olmuşdur. 1989-cu ildə rayonun ilk şəhidlərindən olan uzun illər Nəzər Heydərov adına sovxozun direktoru vəzifəsində çalışmış babası Ələkbərov Qaçay Məcid oğlunun adını daşıyan Novlu kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə Millli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda erməni işğalçılarına qarşı gedən şiddətli döyüşlərdə əsl igidlik və fədakarlıq nümunəsi göstərmiş, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində olmuşdur.
Həmin gün Murovdağının ətəklərində və yüksəkliklərində şiddətli döyüşlər gedirdi, qəhrəman əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirdilər. Lakin səriştəsiz, təcrübəsiz komandirlərin günahı ucbatından biz də böyük itgilərə məruz qaldıq. Şəhidlərimiz də oldu itgin düşənlərimiz də. Xalqımızın igid oğlu Cavid Ələkbərov da həmin döyüşdə itgin düşmüşdür. Aparılan axtarışlar bir nəticə verməmişdir. Subay idi.
Həmçinin Birinci Qarabağ müharibəsi zamanı əmisi Ələkbərov Rafiq Qaçay oğlu və əmisioğlu Ələkbərov Füzuli Hidayət oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşlar.
Şəhidin adını daşıyan Birinci Qarabağ Müharibəsi veteranı Aqil Ələkbərovun oğlu Cavid Ələkbərov 44 günlük Vətən Müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. Vətən Müharibəsi veteranıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qubadlı Rayon İcra Hakimiyyəti adından Şəhidin ailəsinə və yaxınlarına baş sağlığı verir, Allahdan ailəsinə səbr diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Subyekt.az