123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun Gəncə şəhərində yaşayan valideynlərini ziyarət edib. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, şəhid Daşqın Şəfiyevin göstərdiyi şücaət və qəhrəmanlıqlarından bəhs olunub. Mircəlil Qasımlı bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız Zəfərin sonsuz qürur hissi doğurduğunu deyib. O bildirib ki, Ali Baş Komandanın siyasəti, Ordumuzun gücü, xalqımızın birliyi, Şəhidlərimizin qanı və qazilərimizin sağlamlığı ilə Vətən müharibəsində Zəfər qazandıq.
Şəhidin valideynləri onlara göstərilən qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan şəhid Daşqın Hidayət oğlu Şəfiyev 22 avqust 1989-cu ildə Rusiyanın Krasnodar şəhərində anadan olub. 5 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüşdə şəhid olub. Daşqın Şəfiyev 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmənin diverssiya qrupunu məhv edərkən şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. Şəhidimiz “Vətən müharibəsi iştirakçısı” medalına da layiq görülüb.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Subyekt.az