
1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, bu tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.
“Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Azərbaycan vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan vətəndaşının özü tərəfindən edilə bilər.
Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir.
Azərbaycan vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər”, – Xidmət rəisi qeyd edib.
Azərbaycan vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:
– Azərbaycan vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;
– Azərbaycan vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;
– qəbul edən tərəfin Azərbaycan vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.
Subyekt.az