![]()
Şuşa uzun illər Azərbaycan xalqının mədəniyyət paytaxtı, Qarabağın mənəvi yaddaşı kimi tanınıb. Bu gün isə həmin şəhər yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq siyasətin, diplomatiyanın və qlobal informasiya gündəminin formalaşdığı mühüm platformaya çevrilib. Dünyanın diqqəti yenidən Şuşaya yönəlib.
IV Şuşa Qlobal Media Forumunun keçirilməsi bunun ən parlaq göstəricilərindən biridir. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media rəhbərlərinin, jurnalistlərin və ekspertlərin iştirakı ilə təşkil olunan forum Azərbaycanın beynəlxalq informasiya siyasətində artan rolunu bir daha nümayiş etdirdi. Açıq dialoq, qarşılıqlı hörmət və səmimi müzakirələr fonunda keçirilən görüşlər Şuşanın artıq təkcə Qarabağın deyil, qlobal siyasi düşüncənin də mühüm ünvanlarından birinə çevrildiyini göstərdi.
Forumdan dərhal sonra Slovakiya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri və Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək dövlət protokoluna uyğun qarşılanması şəhərin beynəlxalq diplomatik çəkisini bir daha təsdiqlədi. Bu, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasının, dövlət suverenliyinin və Azərbaycanın geosiyasi mövqeyinin real ifadəsidir.
Bu gün Şuşa artıq yalnız bir şəhər deyil. Şuşa Azərbaycanın Zəfərinin, milli iradəsinin, dövlətçilik qüdrətinin və müasir inkişaf strategiyasının simvoludur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Şuşa beynəlxalq görüşlərin, mühüm siyasi müzakirələrin və strateji qərarların verildiyi nüfuzlu məkana çevrilib.
Forum zamanı jurnalistlərdən birinin Prezident İlham Əliyevə ünvanladığı “Şuşadan dünyaya hansı mesajı verərdiniz?” sualı da diqqət çəkən məqamlardan oldu. Dövlət başçısının cavabı isə Azərbaycanın siyasi fəlsəfəsini və dövlət-vətəndaş birliyini ifadə edən mühüm mesaj idi:
“Mən 24 illik hakimiyyətim dövründə öz təvazökarlığımı qoruyub saxlamışam və bu gün də belə olacaq. Mən Azərbaycan xalqına güvənirəm, xalqım da mənə inanır. Bu birliyi heç kim sarsıda bilməz.”
Bu fikirlər Azərbaycan dövlətinin əsas dayağının xalq-iqtidar birliyi olduğunu bir daha nümayiş etdirdi. Məhz bu birlik ölkənin əldə etdiyi uğurların, tarixi Zəfərin və regionda formalaşan yeni geosiyasi reallığın başlıca təminatıdır.
Şuşa dünən Azərbaycanın mədəniyyət beşiyi idi. Bu gün isə o, beynəlxalq diplomatiyanın, media dialoqunun və siyasi iradənin rəmzidir. Dünyanın baxışları bu şəhərə yönəldikcə, Şuşa həm Azərbaycanın qüdrətini, həm də regionda formalaşan yeni siyasi reallıqları dünyaya çatdırmağa davam edir.
Rövşən Hüseynli
Subyekt.az