![]()
Sənin sevgin dünyamı isidən yeganə günəşdir. Bilirəm heç vaxt işığını itirməyəcəksən. Mən sənin varlığından xoşbəxtəm.
Ana və Vətən!
Bu iki müəqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb, ayrılsalar cənnət cəhənnəmə dönər. Bəlkə elə buna görə peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirir, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Tarix boyu qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında fəal iştirak edir, taleyüklü milli məsələlərin həllinə öz töhfələrini verirlər. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bir daha təsdiq edir.
Gənc nəslin çoxəsirlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində də Azərbaycan qadınlarının rolu danılmazdır. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır.
Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar.

Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
Subyekt.az