![]()
Azərbaycan xalqının taleyində dönüş yaradan ən mühüm hadisələrdən biri Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyinə qayıdışı olmuşdur. Onun siyasi səhnəyə yenidən gəlməsi, dövlətin müstəqilliyinin qorunması və xalqımızın xilası Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

1990-cı ilin qanlı 20 Yanvar faciəsi zamanı Heydər Əliyevin sərgilədiyi qətiyyətli mövqe onun dövlətinə və xalqına sarsılmaz sevgisinin bariz nümunəsi idi. Azərbaycana qayıdışı, Naxçıvan Ali Məclisinə rəhbərliyi və 1993-cü ildə xalqın tələbi ilə Bakıya gəlməsi ölkənin siyasi həyatında böyük dönüş yaratdı. O dövrdə hökm sürən xaos və hərc-mərcliyə son qoyuldu.
AXC–Müsavat cütlüyünün təcrübəsiz idarəçiliyi nəticəsində ərazilərimizin 20 faizi işğal altında qalmışdı. Belə ağır və məsuliyyətli bir şəraitdə Heydər Əliyev böyük fədakarlıqla Azərbaycanın parçalanmaq təhlükəsinin qarşısını aldı, dövlətin mövcudluğunu qorudu.

1993-cü il 3 oktyabr tarixində xalqın bir mənalı seçimi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun 2003-cü ilə qədər həyata keçirdiyi dövlətçilik strategiyası ölkəmizin güclənməsinə, daxili sabitliyin təmininə və cəbhədə atəşkəsin əldə olunmasına gətirib çıxardı.
Tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi də məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Dövlət quruculuğu, güclü ordu siyasəti, iqtisadiyyatın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi onun əsas prioritetləri oldu. Ulu Öndər beynəlxalq təzyiqlərə rəğmən təslimçi sülhə getmədi, məcburi köçkün və qaçqınların öz torpaqlarına qayıdacağına dair əminliyini hər zaman ifadə etdi.

Ulu Öndərin müəyyən etdiyi ali siyasi xəttin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Daha sonra həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Məhz bu qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin məzarını ziyarət edərək Azərbaycan xalqının tapşırığını yerinə yetirdiyi barədə etdiyi çıxış hər bir vətəndaşın yaddaşında qürur anı kimi qalmaqdadır: “Tapşırıq yerinə yetirildi!”

Bu gün Müzəffər Azərbaycan xalqı olaraq Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadır, onun irsini qürur hissi ilə təbliğ edirik. Ruhun şad olsun, Ulu Öndər!
Rövşən Hüseynli
Subyekt.az