![]()
Sentyabr… Bu ay sadəcə təqvimdə bir vərəq deyil. Bu ay Azərbaycan xalqının taleyində yazılmış şərəf dastanıdır. Sentyabr həm şəhidlərin qanı, həm mübarizələrin izi, həm də qələbələrin işığı ilə yoğrulmuş bir müqəddəs zamandır.
1918-ci ilin sentyabrı – azərbaycanlıların yaddaşına azadlıq nəfəsi kimi həkk olunub. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan igidləri Bakını işğaldan qurtardı. Qan bahasına qazanılan o qələbə millətin iradəsini gücləndirdi, üçrəngli bayrağımız ilk dəfə paytaxt üzərində əzəmətlə dalğalandı.
Aradan onilliklər keçdi… 1991-ci ilin sentyabrı xalqımızın çətin sınaqlar dövrü oldu. Qarabağ torpaqları işğala məruz qaldı, yüz minlərlə soydaşımız doğma yurdlarından qovuldu. Həmin illərin ağrısı hələ də yaddaşlarımızda yaşayır. Amma xalqımız sınmadı, əyilmədi. Əksinə, mübarizə əzmi daha da möhkəmləndi.
1994-cü ilin 20 sentyabrı isə Azərbaycanın taleyində dönüş yaratdı. Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” ölkəmizi qaranlıqdan işıqlı sabaha çıxardı. Bu müqavilə ilə Azərbaycan dünyaya güclü, etibarlı tərəfdaş kimi tanıdıldı. Hər bir azərbaycanlının qürurla xatırladığı o gün həm də iqtisadi istiqlalımızın başlanğıcı oldu.
2020-ci ilin 27 sentyabrı – Azərbaycan xalqının əbədi yaddaşına Zəfər günü kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu mübarizəyə qalxdı. Qarabağın dağlarında, düzənlərində, çaylarında igid oğullarımız qanı ilə tarix yazdı. Şuşaya bayraq sancılan gün, 8 noyabrın müjdəsi hər birimizin qəlbinə həkk olundu. O gün şəhidlərin ruhu dirildi, xalqımızın alnındakı qara ləkə silindi.
Və nəhayət, 2023-cü ilin 19–20 sentyabrında Azərbaycan tarixi ədaləti tam bərpa etdi. Qarabağda separatçılığa son qoyuldu. Xankəndidə, Xocalıda, Xocavənd, Ağdərədə üçrəngli bayrağımız dalğalandı. Qazilərimizin igidliyi, şəhidlərimizin qanı ilə Azərbaycan torpaqlarının hər qarışı azadlığa qovuşdu.
Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrünü yaşayır. Şəhidlərimizin ruhu şaddır, qazilərimiz qürurumuzdur. Sentyabr bizə həm göz yaşı, həm də sevinci yaşatdı. Lakin bu gün Sentyabr – Qələbənin, Birliyin, Müzəffər Azərbaycanın ayıdır.
Biz inanırıq ki, Zəngəzurdan Göyçəyə qədər haqq səsimiz eşidiləcək, tarixi ədalət öz sözünü deyəcək. Azərbaycan xalqını irəlidə daha böyük zəfərlər gözləyir.
Sentyabr – Azərbaycan xalqının şərəf dastanı, qürur bayramıdır!
Rövşən Hüseynli
Subyekt.az