![]()
Bu gün Türk dünyasının böyük şairi, Kəlbəcər həsrətinin söz yaddaşı olan Məmməd Aslanın məzarını ziyarət etdim. Ruhu şad olsun. Hər misrası Kəlbəcər ətirli olan bu böyük sənətkar 2015-ci ildə el-obasının nisgili ilə Haqqa qovuşdu. İnanıram ki, bu gün onun ruhu şaddır. Çünki canından artıq sevdiyi Kəlbəcər torpağının düşmən tapdağından azad olunmasından artıq beş il keçir.
Bu gün məzarı başında ruhu ilə xəyalən söhbətləşdim. Ona Kəlbəcərə getdiyimi söylədim. Yorğun, amma həsrətlə dolu bir səslə cavab verdi sanki:
“Laçınıma, Laçınqayama salam apar. Cismim burada olsa da, ruhum yurda dönən yurddaşlarımla birlikdə o dağlardadır.”
Dedim ki, Məmməd əmi, Kəlbəcərə məktəblilərlə görüşə gedirəm. Bir qədər toxdamış, səsinin ahəngi dəyişmiş halda, özünəməxsus tərzdə dilləndi:
“Nə gözəl… Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəb gör nə qədər Məmmədlər yetişdirəcək.”
Bu an kövrəldim. Bir anlıq öz-özümlə danışdığımı dərk etdim. Məmməd Aslan təbirincə desək:
“Qayıtmaz o Kəlbəcər, qayıtsa da yüz Kəlbəcər…”
Bəs bu şagirdlər Məmməd Aslan ola biləcəklərmi? İnanıram ki, onların arasından bir Məmməd Aslan çıxmasa da, onun ruhunda, onun söz yanğısında onlarla davamçısı yetişəcək. Çünki Məmməd Aslanı Türk dünyasının tanınmış şairinə çevirən Kəlbəcər dağları yenə də öz övladlarına o təbi, o ruhu, o söz yanğısını verəcək.
Onun şeirlərində Kəlbəcər təkcə bir məkan deyildi — tale idi, alın yazısı idi:
“Dağlar mənim ömrüm boyda,
Ömrüm mənim dağlar boyda…”
Bu gün Məmməd Aslanın ruhu Kəlbəcərdədir. O, azad dağların qoynunda, dumanlı zirvələrdə dolaşır. Onun sözü torpağa qarışıb, nəfəsi yelə dönüb.


Ruhun şad olsun, ustad!
Sözün Kəlbəcər qədər uca, xatirən dağlar qədər əbədidir.
Rövşən Hüseynli
Bakı, Masazır qəbiristanlığı – Kəlbəcər
Subyekt.az