![]()
15 oktyabr – bu tarix təkcə təqvimdə bir gün deyil. Bu gün Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. 22 il öncə xalqın inamı və etimadı ilə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O gündən etibarən ölkəmiz müasir inkişafın, milli birliyin və beynəlxalq nüfuzun yeni mərhələsinə qədəm qoydu.
Bu gün İlham Əliyev təkcə bir Qafqaz ölkəsinin deyil, qlobal miqyasda qəbul olunan bir liderin simvoludur. Onun həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun ən sabit, ən dinamik inkişaf edən və söz sahibinə çevrilən dövlətlərindən biridir. Bu, hər bir azərbaycanlı üçün qürur və fəxarət mənbəyidir.
Heydər Əliyev siyasətinin layiqli davamçısı
İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətlə sadiq qalaraq, bu illər ərzində Heydər Əliyev məktəbinin şərəfli məzunu olduğunu bütün dünyaya nümayiş etdirdi. Daxili sabitlik, sosial rifahın yüksəldilməsi, regionların inkişafı və Qarabağ münaqişəsinin ədalətli həlli – bütün bunlar İlham Əliyevin dəmir iradəsinin, qətiyyətli liderliyinin və xalqına olan sevgisinin nəticəsidir.
Dünya liderləri ilə bərabər səviyyədə
Bu gün dünyanın aparıcı gücləri – ABŞ, Çin, Rusiya, Türkiyə, Pakistan və Avropanın bir çox ölkələri Azərbaycan Prezidentinin mövqeyi ilə hesablaşır. İlham Əliyevlə danışıqlar aparmaq, onun fikrini öyrənmək beynəlxalq siyasətdə mühüm əhəmiyyət daşıyır.
Bunu son iki həftə ərzində keçirilən dörd böyük beynəlxalq sammit bir daha sübut etdi:
1–2 oktyabr – Avropa Siyasi Birliyinin Kopenhagen Sammiti,
6–7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvəsi,
9–10 oktyabr – Düşənbədə MDB Sammiti,
13 oktyabr – Şərm əş-Şeyxdə Yaxın Şərq Sülh Sammiti (Qəzza Zirvəsi).
Hər birində İlham Əliyev diqqət mərkəzində idi – söz sahibi, ideya müəllifi və regionun gələcəyinə yön verən şəxsiyyət kimi.
Dəmir iradə, xalq sevgisi
İlham Əliyev bu sevgini və etimadı təkcə siyasi fəaliyyətlə deyil, insani keyfiyyətləri, səmimiyyəti və xalqla birliyi ilə qazanıb. Onun “Azərbaycan xalqı mənim dayağımdır” prinsipi illərdir dəyişməz olaraq qalır. Bu, liderlə xalq arasında qarşılıqlı inamın möhkəm dayağıdır.
Bu gün artıq hər kəs bilir ki, İlham Əliyevə nəyisə diktə etmək, onu təzyiqlərlə yönləndirmək mümkünsüzdür. O, geri addım atmayan liderdir. Bu gücü Heydər Əliyev məktəbindən, Azərbaycan xalqının birliyindən və özünün dövlətçilik məsuliyyətindən alır.
Zəfərdən Zəfərə – Böyük Qayıdışın memarı
44 günlük Vətən müharibəsində əldə olunan Böyük Qələbə bu liderliyin ən parlaq təzahürüdür. İllər boyu davam edən işğalın sona çatması, ərazi bütövlüyümüzün bərpası, azad torpaqlara Böyük Qayıdışın həyata keçirilməsi artıq reallığa çevrilib. Bu qayıdış planlı, dövlət səviyyəsində və şəffaf şəkildə həyata keçirilir – hər bir məcburi köçkün üçün müasir mənzillər, infrastruktur və iş yerləri yaradılır.
Eyni zamanda, şəhid ailələri və qazilər xüsusi diqqət və qayğı ilə əhatə olunur. Bu, dövlət başçısının öz xalqına, onun qəhrəmanlarına verdiyi dəyərin təzahürüdür.
Güclü Lider – Güclü Azərbaycan
Bu gün Azərbaycan inkişaf edir, yüksəlir, qürurla irəliləyir. Hər bir azərbaycanlı özündə bu yüksəlişin enerjisini hiss edir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük nailiyyətlərə doğru addımlayır.
Biz birlikdə güclüyük!
Yaşasın Azərbaycan!
Yaşasın üçrəngli bayrağımız!
Yaşasın Ali Baş Komandan, Prezident İlham Əliyev!

Rövşən Hüseynli
Subyekt.az