![]()
Xalqları millətə çevirən əsas amillər sırasında dil xüsusi yer tutur. Tarix sübut edir ki, dövlət sərhədləri dəyişə, siyasi sistemlər yenilənə, iqtisadi münasibətlər transformasiya oluna bilər, lakin ana dilini qoruyan xalq öz milli varlığını və tarixi yaddaşını yaşatmağı bacarır. Məhz buna görə də dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin, dövlətçilik təfəkkürünün, mənəvi irsin və mədəni suverenliyin əsas dayağı hesab edilir.
Azərbaycanda dil siyasəti dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi formalaşdırılıb. Bu siyasətin hüquqi və ideoloji əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə sistemli şəkildə müəyyənləşdirilmiş, Prezident İlham Əliyev tərəfindən isə müasir dövrün çağırışlarına uyğun olaraq ardıcıl inkişaf etdirilmişdir.
Bu baxımdan 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün müstəqil Azərbaycanın milli-mənəvi strategiyasını, dövlət dilinin nüfuzunu və latın qrafikalı Azərbaycan əlifbasına keçidin tarixi əhəmiyyətini ifadə edən mühüm siyasi və mədəni hadisədir.
2001-ci ildə ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin olunması və bunun ardınca 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi dövlətçilik tariximizin mühüm mərhələlərindən biridir. Bu qərar təkcə texniki əlifba dəyişikliyi deyildi. O, Azərbaycanın müstəqil inkişaf yolunun, milli identiklik konsepsiyasının və informasiya məkanında müasir dünya ilə inteqrasiyasının mühüm tərkib hissəsi idi.
Azərbaycan dili yüzilliklər boyu xalqımızın milli yaddaşını, ədəbiyyatını, folklorunu, dövlətçilik ənənələrini və mənəvi sərvətlərini qoruyub gəlmişdir. Nizami Gəncəvidən Füzuliyə, Molla Pənah Vaqifdən Mirzə Fətəli Axundzadəyə, Cəlil Məmmədquluzadədən Bəxtiyar Vahabzadəyə qədər böyük söz ustalarının yaratdığı zəngin irs Azərbaycan dilinin ifadə imkanlarının nə qədər geniş və mükəmməl olduğunu nümayiş etdirir.
Bu gün isə Azərbaycan dili yalnız ölkə daxilində yaşayan vətəndaşların deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli kimliyini qoruyan ən mühüm mənəvi bağlardan biridir. Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünüdərkinin əsas dayaqlarından biri də məhz ana dilidir.
Lakin qloballaşma, sürətli rəqəmsallaşma və sosial media mühiti ana dilinin qarşısında yeni çağırışlar da formalaşdırır. Xarici sözlərin həddindən artıq işlədilməsi, dil normalarının pozulması, sosial şəbəkələrdə primitiv ifadələrin geniş yayılması və orfoqrafik savadsızlıq milli dil mədəniyyətinə mənfi təsir göstərən amillərdəndir.
Ana dilini qorumaq yalnız dilçilərin, müəllimlərin və ya dövlət qurumlarının vəzifəsi deyil. Bu, bütövlükdə cəmiyyətin, medianın, təhsil sisteminin, ziyalıların və hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Xüsusilə informasiya resurslarının və media qurumlarının üzərinə böyük missiya düşür. Çünki ictimai fikir məhz söz vasitəsilə formalaşır, milli şüur isə ana dilinin saflığında yaşayır.
Bu kontekstdə hər il qeyd olunan 21 Fevral – Beynəlxalq Ana Dili Günü də xüsusi əhəmiyyət daşıyır. UNESCO-nun təşəbbüsü ilə təsis edilən bu gün dünyada dil müxtəlifliyinin, mədəni irsin və ana dillərinin qorunmasının vacibliyini xatırladır. Azərbaycan da bu beynəlxalq təşəbbüsün fəal iştirakçısı kimi dövlət dilinin inkişafını milli siyasətin prioritet istiqamətlərindən biri hesab edir.
Əgər 21 fevral bütün bəşəriyyət üçün ana dilinin qorunmasının ümumbəşəri dəyərini ifadə edirsə, 1 avqust Azərbaycan xalqının öz dövlət dili uğrunda qazandığı tarixi nailiyyətin, milli iradəsinin və müstəqil dövlətçilik düşüncəsinin simvoludur.
Dil dövlətin mənəvi sərhədidir. Bu sərhəd nə silahla qorunur, nə də istehkamlarla. Onu qoruyan xalqın milli şüuru, vətən sevgisi, mədəniyyəti və ana dilinə olan sonsuz ehtiramıdır.
Azərbaycan dili bizim tariximizdir, milli yaddaşımızdır, dövlətçiliyimizin sarsılmaz sütunudur. Bu dili qorumaq isə yalnız bugünkü nəslin deyil, gələcək nəsillər qarşısında da müqəddəs borcumuzdur.
Rövşən Hüseynli
Subyekt.az