![]()
Təhsildə əldə olunan uğurlar yalnız ayrı-ayrı ailələrin və gənclərin şəxsi nailiyyəti deyil, eyni zamanda cəmiyyətin və dövlətin gələcəyinə qoyulan mühüm sərmayədir. Universitetə qəbul olmaq, xüsusilə yüksək nəticə göstərərək ali təhsil müəssisəsinə daxil olmaq gəncin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun doğulduğu və mənsub olduğu rayon üçün də ictimai əhəmiyyət daşıyan hadisədir. Bu baxımdan tələbə adını qazanan gənclərin diqqətdə saxlanılması, onların uğurlarının ictimai şəkildə qiymətləndirilməsi və rayon rəhbərliyi tərəfindən təbrik edilməsi yalnız formal tədbir deyil, həm də gənclərə göstərilən mənəvi dəstəyin və onların gələcəyinə verilən dəyərin ifadəsidir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərin gələcək inkişafında əsas rol oynayacaq gənc nəslin uğurlarının diqqətdə saxlanılması mühüm məsələdir. Kəlbəcər kimi tarixi, mənəvi və milli yaddaşımızda xüsusi yeri olan bir rayonun gələcəyi də məhz savadlı, dünyagörüşlü, peşəkar və vətənpərvər gənclərdən asılıdır. Buna görə də Kəlbəcərli gənclərin ali məktəblərə qəbul olunması yalnız şəxsi uğur kimi deyil, Kəlbəcərin gələcəyinə dair ümid və perspektiv kimi qiymətləndirilməlidir.
Bu məsələyə münasibət bildirərkən məqsəd hər hansı şəxsi münasibəti ön plana çəkmək deyil. Əsas məqsəd rayon rəhbərliyinin gənclərlə münasibətində diqqətin, bərabər yanaşmanın və ictimai məsuliyyətin nə dərəcədə əhəmiyyətli olduğunu gündəmə gətirməkdir. Çünki idarəçilik yalnız inzibati qərarlar və rəsmi tədbirlərlə məhdudlaşmır. İdarəçilik həm də insanların sevincini bölüşmək, onların uğurunu qiymətləndirmək, xüsusilə də gələcəyin qurucuları olan gənclərin yanında olmaq məsuliyyətidir.
Məhz bu baxımdan Kəlbəcərdən ali məktəblərə qəbul olunan gənclərlə bağlı keçirilən görüş və bu görüşün formatı ətrafında yaranan suallar ictimai müzakirə üçün diqqətçəkən məqamdır.
Bir neçə gündür ki, şəhər və rayonlarda icra hakimiyyəti orqanlarının əməkdaşları və millət vəkilləri universitetlərə qəbul olunan tələbələrlə görüşlər keçirirlər. Yerli pərəstlik olmasın, sözün düzü, mənim də gözüm Kəlbəcərdən universitetə qəbul olunan və tələbə adını qazanan gənclərlə hər hansı görüşün keçirilməsi barədə xəbəri axtarırdı.
Kəlbəcər səhifəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin bir neçə tələbə ilə görüş keçirməsi barədə xəbəri oxudum. Təəssüf hissi ilə qeyd edirəm ki, bu barədə yazı yazmağı düşünmürdüm. Lakin paylaşımın altında yazılan bir neçə rəy bu yazını qələmə almağa məni vadar etdi.
Onsuz da Azər Qocayevin komandası tərəfindən Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində və Azər Qocayevə məxsus “Vətənsevər” səhifəsində şəhidlərimizin çap olunmamış kitabları ilə bağlı müraciətimdən sonra bloklanmışam. Təəssüf edirəm ki, rəhbərlik etdiyi rayonun sakinini bloklamaqla icra başçısı problemin həlli yolunu tapdığını düşünür.
Bu gün isə tələbə adını qazanan gənclərdən yazacağam.
Bir rayonun rəhbərliyi 50 və yaxud 100 tələbəni ətrafına yığıb tədbir keçirmək imkanına malik deyilmi? Bu gənclərlə – tələbə adını qazanan, Kəlbəcərin və Azərbaycanın gələcəyi olan gənclərlə görüş keçirmək niyə mümkün olmamalıdır?
Bəlkə sizi qorxudan odur ki, bu gənclər yaxşı ali təhsil alaraq gələcəkdə sizin kreslolarınızı əlinizdən alacaqlar? Bəlkə elə indidən bu qorxu və həyəcanı yaşayırsınız ki, bu gəncləri Kəlbəcərlilər və cəmiyyət tanımasın?
Bir yaxşı-yaxşı düşünün: bu qədər ayrı-seçkiliklə hara qədər gedəcəksiniz və nə əldə edəcəksiniz?
Siz bir rayona rəhbərlik edirsiniz. Tələbə adını qazanan hər bir gənc həmin təbrikə layiqdir. Quru təbriklərinizi, hədiyyə və mükafatlarınızı özünüzə saxlayın. Əsas məsələ bu gəncləri bir araya gətirmək, onların uğurunu bölüşmək və mənəvi olaraq yanlarında olduğunuzu göstərməkdir.
Belə bir görüş keçirməklə həm özünüzə hörmət qazanar, həm də ictimaiyyət qarşısında müsbət imic formalaşdırardınız. Həmçinin həmin gənclər rayon rəhbərliyinin diqqətini hiss edərək sevinər və böyük arzularla ali məktəblərə qədəm qoyardılar.
Azər Qocayev, siz Kəlbəcərlilərə, öz elinizə nə qədər ucuz və “gözlə” baxacaqsınızsa, digərləri tərəfindən sizə göstərilən hörmət də o səviyyədə olacaq.
Atalarımızın belə bir deyimi var: “Nə əkərsən, onu da biçərsən.”
Kəlbəcərdə və Kəlbəcərlilərə edilən “hörmət” hər zaman elin və camaatın dilində olur. Elinə güvənməyən arxasız qalar. Bunu unutmayın.
Kəlbəcərli adını daşıyan hər bir gənc Kəlbəcərin böyük gələcəyidir. Bunu heç zaman unutmaq olmaz.
İcra başçısı təyin edildiyiniz dövrdə sizə ilk təbrik yazan və uğur diləyən Kəlbəcərlilərdən biri olmuşam. Mənsub olduğunuz Şəmşir ocağına olan hörmət və izzət əlaməti olaraq, eyni zamanda babalarımızın dostluğuna və kəsdiyi çörəyə xatir sizə münasibətim hər zaman hörmət üzərində qurulub.
Babanız Bakı kişinin babama bağışladığı alaçıq keçəsi Kəlbəcər işğal edilən dövrə qədər bizim yaylağa köç etdiyimiz zaman istifadə etdiyimiz əşyalardan biri olub. Bu, bizim ailələrimizi birləşdirən keçmişin, dostluğun və mənəvi bağların kiçik, lakin qiymətli bir xatirəsidir.
Mənim sizinlə və mənsub olduğunuz ocaqla heç bir ədavətim yoxdur. Bizi hər zaman dostluq bağları birləşdirib.
Lakin bu gün atdığınız addım bir icra başçısı kimi nüfuzunuza xələl gətirir. Kəlbəcərli gənclərə belə diqqətsizlik etməklə siz öz imicinizi zədələmiş olursunuz.
Məsələ yalnız bir görüşdən, bir tədbirdən və ya bir neçə fotoşəkildən ibarət deyil. Məsələ Kəlbəcərin gələcəyi olan gənclərə verilən dəyərdən, onların rayon rəhbərliyi tərəfindən görülməsindən və diqqətdə saxlanılmasından gedir.
Bu gənclər işğaldan sonra yenidən qurulan Kəlbəcərin gələcəyidir. Onların hər bir uğuru yalnız ailələrinin deyil, bütün Kəlbəcərin uğurudur. Ona görə də tələbə adını qazanan hər bir Kəlbəcərli gəncin uğuru rayon rəhbərliyinin diqqətində olmalıdır.
Kəlbəcərli tələbələrə təbrik
“Subyekt.az” kollektivi adından tələbə adını qazanan bütün Kəlbəcərli gəncləri ürəkdən təbrik edir, ali təhsil yolunda onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.
Siz bizim doğma Kəlbəcərimizin və Azərbaycanın gələcəyisiniz. Yolunuz açıq olsun!
Vətənimiz Azərbaycana layiqli vətəndaş olmağınızı arzu edirik. Harada olmağımızdan asılı olmayaraq, Azərbaycan adını ucaltmaq nəsibiniz və qismətiniz olsun.









Rövşən Hüseynli
Kəlbəcər
Subyekt.az