![]()
Qarabağda yeni reallıq, köhnə siyasi ritorika
Vardan Voskanyanın mövqeyi Ermənistanın iflasa uğramış separatizm narrativini yeni ideoloji və siyasi müstəvidə yaşatmaq cəhdi kimi diqqət çəkir
“Vaska” adından bəlli olduğu kimi, bir tikə çörək üçün “fars” rejiminə tulalıq edən Vardan Voskanyandan yazacağam.
Bəlkə də bəziləri deyəcək: kimliyi adından bəlli olan birinə bu qədər zaman ayırmağa dəyərmi?
Bəli, dostlar, dəyər.
Ona görə ki, Azərbaycan–Ermənistan sülh prosesinin gerçəkləşməsi üçün məsuliyyətli yanaşmanın tələb olunduğu bir dövrdə özünü İranşünas kimi təqdim edən Vardan Voskanyanın fəaliyyətində Azərbaycanla Ermənistan arasında münasibətlərə və regiondakı siyasi proseslərə münasibət baxımından diqqət çəkən məqamlar var.
Yerevan Dövlət Universitetinin rəsmi məlumatına əsasən, Vardan Voskanyan həmin universitetin İranşünaslıq kafedrasının rəhbəri və professorudur. O, 2014-cü ildən bu vəzifəni daşıyır. Universitetin məlumatlarında onun İranşünaslıq, İran dilləri, İran tarixi, ədəbiyyatı və mədəniyyəti üzrə akademik fəaliyyət göstərdiyi qeyd olunur.

Vardan Voskanyan
Məhz buna görə onun siyasi xarakterli açıqlamalarına və yazılarına diqqət yetirmək lazımdır.
Tarix saxtakarlığı sevmir!
Bir neçə həftə əvvəl diplomatik korpus nümayəndələrinin iştirakı ilə Qarabağa təşkil olunmuş səfər zamanı Azərbaycanın mövqeyinin və bölgədə aparılan bərpa-quruculuq işlərinin beynəlxalq nümayəndələrin diqqətinə çatdırılması, görünür, bəzi dairələrdə ciddi narahatlıq yaradıb.
Hikmət Hacıyevin müşayiət ilə keçirilən həmin səfərin əsas əhəmiyyəti ondan ibarət idi ki, illər ərzində müxtəlif siyasi və ideoloji müstəvilərdə formalaşdırılmış təsəvvürlərin əvəzinə diplomatik nümayəndələr Qarabağdakı mövcud vəziyyəti yerində görmək imkanı əldə etdilər.
Əslində Hikmət Hacıyev aparılan danışıqlara və sülh prosesinin gedişinə kölgə salmamaq naminə bir sıra faktları diplomatik korpus nümayəndələrinin diqqətinə çatdırdı.
Bizim üçün kiçik görünən həmin faktların bəzi dairələrdə böyük rezonans yaratması isə ayrıca məsələdir.
Çünki illərlə formalaşdırılmış siyasi miflər real mənzərə ilə üz-üzə qalanda onların nə qədər dayanıqlı olduğu da ortaya çıxır.
Tarix saxtakarlığı sevmir!

Bir bağın açılışı niyə siyasi polemikanın predmetinə çevrilməlidir?
Bu Voskanyanın diplomatik korpusun Qarabağa səfəri ilə bağlı yazdığı tənqidi məzmunlu yazıya kiçik bir baxışdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın regionlara səfərləri çərçivəsində həyata keçirilən layihələrə münasibətinə də diqqət yetirmək maraqlıdır.

“Nəsimi Bağları”nın yaradılması, turizm potensialının nümayiş etdirilməsi, üzüm bağlarının salınması, şərabçılıq sahəsinin inkişafı və digər iqtisadi layihələrin həyata keçirilməsi nədən Gəncəsər monastırının polemikanın bu qədər kəskin mövzusuna çevrilməlidir?
Əcaba, Vardan həqiqətənmi narahat olub?
Yoxsa onu narahat edən başqa siyasi səbəblər var?
Mənə elə gəlir ki, bəzi siyasi dairələrin sifarişlərinin icraçısına çevrilən şəxslər müəyyən mövqeləri müdafiə etmək məcburiyyətində qalırlar.
Əks halda, böyük Azərbaycan şairi, qəzəlxanı İmadəddin Nəsiminin adını daşıyan bağın və turizm məkanının yaradılmasına bu qədər kəskin münasibət göstərilməsinin məntiqini anlamaq çətindir.
Azərbaycanın mədəni irsinə aid bir adın, bir bağın və bir turizm layihəsinin siyasi polemikaya çevrilməsi əslində həmin polemikanın müəllifi haqqında daha çox sual yaradır.
Nəsimi və Vardanyan paraleli
Voskanyan bir qədər də irəli gedərək Nəsiminin məşhur:
“Məndə sığar iki cahan, mən bu cahana sığmazam”
misrasına istinad edir və 2023-cü ilin sentyabr hadisələrindən sonra Azərbaycan tərəfindən saxlanılan Ruben Vardanyanı xatırladır.
Burada bir haşiyəyə çıxacağam.
Vardan Voskanyanın siyasi yazılarında İranşünaslıq sahəsindəki akademik fəaliyyətindən fərqli olaraq, regional siyasi proseslərə münasibətdə sərt mövqenin də özünü göstərdiyi görünür. Yerevan Dövlət Universitetinin məlumatlarında onun İranın regional siyasəti və Ermənistan–İran münasibətləri ilə bağlı akademik kurslar tədris etdiyi də qeyd olunur.
Uşaq vaxtı küçə itlərini yemləmək məqsədilə onlara çörək atardıq.
Rəhmətlik nənəm deyərdi:
— Bala, çörək atmayın, heyifdir. Bu itlər “vaskadır”.
Sözün düzü, bu sözün hərfi mənasını o zaman anlamırdım.
Nənəm sözünün ardınca əlavə edərdi:
— A bala, bu küçə itlərini nə qədər yedirtsəniz, gözü yenə əldədir. Kim bir tikə çörək göstərsə, onun yanında durub sizə hürəcək.
Nənəmin bu sözlərini uşaqlıqda gülüşlə qarşılayırdım.
Aradan illər keçdi.
Bu gün isə rəhmətlik nənəmin həmin sözlərinin fəlsəfi mənasını daha dərindən dərk etdiyimi düşünürəm.
Bəzən insanın hansı mövqedə dayandığını onun söylədiyi sözlərdən çox, hansı siyasi xəttə xidmət etdiyi barədə yaranan təsəvvür müəyyənləşdirir.
Keçmişin yükü
İşğal dövründə Azərbaycan torpaqlarında törədilmiş dağıntılar, dini və mədəni irsə münasibət, məscidlərin və müqəddəs məkanların taleyi ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü faktlar uzun illərdir siyasi müzakirələrin predmetidir.
Bu gün isə həmin keçmişə münasibət göstərən siyasi dairələrin mövqeləri də tarix qarşısında qiymətləndirilir.
Mənim fikrimcə, burada əsas məsələ kiminsə kimliyini deyil, hansı mövqeni müdafiə etdiyini və hansı arqumentlərdən istifadə etdiyini müzakirə etməkdir.
Bəzilərinin özlərinin söyləməyə cəsarət etmədikləri fikirləri başqalarının dili ilə ifadə etdirməsi isə siyasi polemikanın yeni hadisəsi deyil.
Atalarımızın belə bir deyimi var:
“İt hürər, karvan keçər.”
Tarixin hökmü
Siz nə qədər çaba göstərsəniz də, Azərbaycan dövlətinin Qarabağla bağlı formalaşdırdığı siyasi və hüquqi reallığı artıq yalnız bəyanatlarla dəyişmək mümkün deyil.
19–20 sentyabr 2023-cü il hadisələrindən sonra Azərbaycan öz dövlət suverenliyinin bütün ərazisində bərpa edildiyini bəyan etdi.
Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə isə hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması təsbit edildi. Sərəncamda 20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin edildiyi və dövlət suverenliyinin bərpa olunduğu bildirilir.
Beləliklə, 20 sentyabr artıq Azərbaycan Respublikasının rəsmi dövlət təqviminə daxil edilmiş tarixi gündür.
2023-cü ilin sentyabr hadisələri zamanı separatçı strukturların rəhbərləri və digər şəxslər Azərbaycan tərəfindən saxlanılaraq Bakıya gətirildi. Bu prosesin nəticələri Azərbaycan dövlətinin rəsmi mövqeyində dövlət suverenliyinin bərpası kimi qiymətləndirilir.
Bu gün həmin tarix Azərbaycan cəmiyyətində dövlət suverenliyinin bərpası ilə bağlı mühüm tarixi hadisə kimi qeyd edilir.
Və Azərbaycanın siyasi mövqeyinin əsas ifadəsi dəyişmir:
Qarabağ Azərbaycandır!
Tarix isə bu həqiqəti hansısa şəxsin yazdığı məqalədən, sosial şəbəkə paylaşımından və ya siyasi polemikadan asılı olmayaraq öz yaddaşında saxlayır.
Sözün sonu
Vardan Voskanyanın yazdıqları ilə razılaşmaq və ya razılaşmamaq hər kəsin hüququdur.
Lakin Azərbaycan–Ermənistan münasibətlərinin sülh mərhələsinə keçməyə çalışdığı bir vaxtda tarixi hadisələrin birtərəfli və ideoloji təqdimatı sülhün mahiyyəti barədə ciddi suallar doğurur.
Sülh yalnız gələcəyə dair sənədlərlə deyil, keçmişə obyektiv münasibətlə də qurulur.
Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyini artıq yalnız siyasi bəyanatlarla deyil, dövlət qərarları, hüquqi aktlar və ərazidə həyata keçirilən real quruculuq işləri ilə ortaya qoyur.
Bu gün Qarabağda şəhərlər yenidən qurulur, yollar çəkilir, məktəblər və sosial obyektlər yaradılır, turizm infrastrukturu inkişaf etdirilir.
Bütün bunlar siyasi polemikanın deyil, real həyatın özüdür.
Ona görə də kiminsə yazdığı yazı ilə tarixi dəyişmək mümkün deyil.
Atalarımızın dediyi kimi:
“İt hürər, karvan keçər.”
Karvan isə yoluna davam edir.
Rövşən Hüseynli
Subyekt.az