![]()
Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın.
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
Təbiət öz çalarları, təzadları ilə gözəldir. İstisi-soyuğu, yaxını-uzağı, yaxşısı-yamanı ilə. Onda heç nə artıq deyil. Hamısının yeri var – fəlakətinin də, səxavətinin də. Təbiət canlı orqanizm olmaqla, insan ömrünü də, sanki özünə uyğunlaşdırıb, dörd fəslə bölüb. Uşaqlıq, gənclik, ahıllıq və qocalıq. Ulu Zərdüşt hələ çox-çox əvvəllər insan həyatı üçün ən zəruri olan dörd ünsürün (od, torpaq, hava, su) adını çəkmişdir. Doğrudan da, bu dörd ünsürdən biri olmazsa, həyat dayanar. Təbiət anadır, insan isə onun övladıdır. İnsanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da təcrid olunmuş təsəvvür etmək mümkün deyildir. Rəssam da, bəstəkar da, şair də öz əsərlərində təbiətin min bir gözəlliyini vəsf edir. Lakin onlar təbiətin yaratdığını tam əks etdirə bilmirlər. Elə buna görə biz təbiətin yaratdıqlarına təkrarsız gözəllik kimi baxırıq. Adi qanqal çiçəyinin rəng çalarlarını çəkməyə, əks etdirməyə nə rəssam fırçasının, nə də şair sözünün qüdrəti çatır. Təbiət öz sərvətlərini bizə bəxş etməklə yanaşı, eyni zamanda ruhumuza, hiss və duyğularımıza qida verir. Onun qoynuna fəsillər boyu gah qaranlıq çökür, gah nur ələnir. Təbiəti sevən adamlar mənən zəngin, həssas olur, vətəni sonsuz məhəbbətlə sevir, dostluqda, yoldaşlıqda etibarlı, sədaqətli adamlar kimi seçilirlər.
Günəşi, Ayı, ulduzu, torpağı, gül-çiçəyi, dağları, meşələri, çayları, dənizləri düşündükcə fikirlər, xəyallar bizi qanadına alıb göylərə aparır. O göyə ki, hələ də sirli-sehrli olaraq qalır.
Təbiət özü canlı bir tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq. Azərbaycan təbiəti zəngin bir muzeydir. Burada mövcud 11 iqlim qurşağından 9-nun olması onu daha zəngin və rəngarəng edib. Təbiətin Azərbaycana bəxş etdiyi zəngin yerüstü və yeraltı sərvətlər xalqımızın tarixində müstəsna rol oynamış, bu torpağın füsunkar təbiəti nadir istedad sahibi olan böyük sənətkarlarının ilham mənbəyi olmuşdur.
Yaşadığımız dünya, bizi əhatə edən təbiət gözəl və rəngarəng olduğu qədər də maraqlıdır. Biz özümüz də bu təbiətin bir zərrəsi olmaqla, zəngin bitkilər aləmindən tutmuş saysız-hesabsız xırda-böyük, vəhşi canlılar aləminin əhatəsindəyik. Əslində Yer kürəsinin şüurlu, ən ali varlıqları olan insanlarla daima təbiətin harmoniyası vardır. Dünyamızın sabahı, gələcəyimiz isə bu harmoniya ilə vəhdətimizdən asılıdır. Bir balaca bu harmoniya təbiətdə pozularsa, dünyamızda təhlükə yaranar, fəlakətə yuvarlanar. Bəs belə təhlükələrdən Yer kürəmizi, flora və faunamızı necə qorumalıyıq? Bunun üçün nə etməliyik? Onu qorumaq üçün isə təbiəti, canlıları, bitkiləri , heyvanları daha dərindən öyrənməliyik. Bu gün bütün dünya ölkələri məhz inkişafa nail olmağa çalışırlar. Ölkələrin inkişaf etməsi nə qədər texnologiyalardan asılı olsa da, insan şüuru, onun intellekti, mədəniyyəti və digər dəyərlərini daha çox tələb edir. Lakin, sənayedə, aqrar sahədə, mədənçıxarmada və b. sahələrdə baş verən inkişafla insan özündən sonra çox böyük miqdarda tullantılar qoyur. Bununla da təbiətdə enerji resursları azalır, ekologiyaya ciddi zərbələr vurulur. Bu baxımdan ölkəmizdə ekoloji problemlərin həlli ilə bağlı həmişə tədbirlər həyata keçirilir. Bu ekoloji tədbirlərin əsas məqsəd və vəzifəsi gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi üçün ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə etməklə davamlı inkişafa nail olmaqdır. Bu gün dövlətimiz bu baxımdan əhalinin ekoloji təhsilinə, maarifləndirilməsinə xüsusi əhəmiyyət verir. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunlardan, beynəlxalq müqavilələrdən ibarət olub ekoloji təhsil prinsiplərini özündə əks etdirir. dövlət təhsil standartlarına uyğun olaraq fasiləsiz ekoloji təhsil və maarifləndirmə işi istiqamətində orta və ali məktəblərdə məqsədyönlü tədbirlər, maarifləndirmə işləri aparır. Yeniyetmə və gənclərdə doğma torpağına, təbiətə məhəbbət aşılandıqca tariximizə, mədəniyyətimizə vətəndaş mövqeyindən yanaşma hissi onlarda daha tez formalaşır. Sağlam düşüncəyə malik gənclərdə vətənprvərlik hisslərinin oyanmasında ekoloji siyasətin özünəməxsus rolu var. Ekoloji maarifləndirmə-ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin qarşılıqlı əlaqəsidir. Əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması mühüm məsələlərdəndir. Son illər Milli Məclis tərəfindən qəbulğ olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə mövcud olan boşluqların doldurulması üçün böyük imkanlar açır. Azərbaycan Respublikası bu günə kimi 20 konvensiyayaqoşulmuşdur. Azərbaycan təbiəti özlüyündə zəngin bir muzeydir. Burada mövcud 11 iqlim qurşağından 9-nun olması onu daha zəngin və rəngarəng edib. Təbiətin Azərbaycana bəxş etdiyi zəngin yerüstü və yeraltı sərvətlər xalqımızın tarixində müstəsna rol oynayır. “Azərbaycan 2030” Milli Prioritetlər sənədində 5 prioritetdən biri olaraq təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetdə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının alt məqsədləri müəyyən olunub. Buna uyğun olaraq imzalanış Sənədə əsasən, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu COP29 noyabrın 11- dən 24-dək Bakıda keçiriləcək. COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq. 2024-cü ilin Cənab Prezident tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili ”elan edilməsi ilə bağlı verilən sərəncama əsasən bütün sahələrdə müxtəlif tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. 25 dekabr 2023-cü ildə Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış bu sərəncam da belədir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür…

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Keçmişə nəzər saldıqda görürük ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları həmişə dəstəkləyən və buna samballı töhfə verən dövlət olub. Respublikamız 1995-ci ildə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib, Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Ölkəmiz yuxarıda qeyd etdiyimiz kimi, COP tədbirlərində fəal iştirak edir. Xatırladaq ki, Prezident İlham Əliyev keçən il dekabrın 1-də Dubay şəhərində BMT-ni iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyət Sammitinin açılış mərasiminə qatılıb. Ölkəmizin ekoloji həyatında daha bir mühüm hadisə ilə yadda qaldı. Lənkəranda qədim Hirkan meşələrinin mühafizəsi YUNESKO-nun dünya İrs siyahısına daxil edildi. Təbii ki, bu da Azərbacanda uğurlu ekoloji siyasətin daha bir təzahürüdür. Erməni quldurlarının Qarabağda həyata keçirilən soyqırım siyasəti yaşıl təbiətin məhv edilməsinin tərkib hissəsi olmuşdur. Yaşıl genosid nəticəsində əsrarəngiz Qarabağ təbiətindən bir əsər-əlamət qalmamışdı. Məhz buna görə də “Yaşıl dünya naminə həmrəylik ili” ndə Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olundu. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin mühafizəsinə də xüsusi diqqət yetiriləcəkdirir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq olunacaq, ekosistem bərpa ediləcəkdir. Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi 23saatlıq antiterror əməliyyatı ilə ölkəmiz öz suveren hüquqlarını tam bərpa etdi. İndi həmin ərazilərdə də tikinti-quruculuq işləri ilə bərabər ekosistem də bərpa olunur, böyük qayıdış proqramı çərçivəsində geniş yaşıllıqlar salınır…

Təbii fəlakətlər baş vermədən qabaqlayıcı maarifləndirici tədbirlərin həyata keçirilməsi bu gün həmişəkindən daha zəruridir. Elə buna görə də iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə bütün bəşəriyyət, eləcə də hər kəs qoşulmalı və öz əməyini əsirgəməməlidir. Əhalinin ekoloji maariflənməsi ölkəmizdə mütəmadi şəkildə aparılır. İdarə və müəssisələrdə, ali, orta ixtisas və ümumtəhsil məktəblərində bununla əlaqədar xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilir. Ekoloji biliklər həm mətbuat, həm də teleekranlarda təbliğ olunur.
Ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə başladığım fikirlərimi, elə öndərin sitatı ilə bitirmək istəyirəm:
Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq, üzərimizə düşən başlıca vəzifələrdəndir.
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri
Rövşən Hüseynov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Subyekt. az xəbər portalının təsisçi, baş redaktoru
Subyekt.az