![]()
Yağışın yağması təbiətin dəyişməz qanunudur. Hər il, hər fəsildə yağış, qar və ya dolu yağır və bu proses dünya durduqca davam edəcək. Təbiət öz işini görür. Problem isə ondadır ki, biz – xüsusilə də məsuliyyət daşıyan qurumlar – öz işimizi görmürük.
İllərdir eyni bəhanəni eşidirik: “yağıntı normadan artıq olub”. Halbuki məsələ yağışda deyil. Yağıntı öz normasına uyğun yağır. Normadan artıq olan yalnız səhlənkarlıq, məsuliyyətsizlik və dövlət vəsaitlərinə münasibətdə acgözlükdür.
Hər dəfə yağış yağanda eyni mənzərə təkrarlanır: müəyyən əraziləri su basır, yollar yararsız hala düşür, evlərə və dövlət obyektlərinə ziyan dəyir. Bu artıq təsadüf deyil – bu, sistemli problemdir. Ən acınacaqlısı isə odur ki, bu problemlər illərdir məlumdur, lakin onların həlli istiqamətində real və davamlı addımlar atılmır.
Yağış dayanandan sonra isə hər şey unudulur. Növbəti yağıntıya qədər. Və növbəti yağış gələndə yenə eyni problemlər, eyni bəhanələr, eyni səhlənkarlıq…
Bu vəziyyət təkcə idarəetmə zəifliyi deyil, həm də ictimai etimada və cənab Prezidentə xəyanətdir. Dövlət büdcəsi şəxsi maraqlara qurban verildikcə, nəticədə zərəri sadə vətəndaş çəkir. Dağılan yollar, yararsız infrastruktur, su altında qalan evlər – bunların hamısı birbaşa məsuliyyətsizliyin nəticəsidir.
Bələdiyyələr torpaq satışı ilə məşğul olur, icra strukturları isə bəzən vətəndaşın ən elementar ehtiyaclarını belə bürokratiya və qeyri-rəsmi ödənişlər vasitəsilə çətinləşdirir. Amma həmin ərazilərdə tikilən evlərin təhlükəsizliyi, infrastrukturun dayanıqlığı kiminsə diqqət mərkəzində deyil.
Sual yaranır: bu qədər vəsait xərcləndiyi halda niyə nəticə yoxdur? Niyə dünən çəkilən asfalt bu gün dağılıb gedir? Niyə eyni ərazilər hər dəfə daşqın riski ilə üz-üzə qalır?
Bu suallar cavabsız qaldıqca, “normadan artıq yağıntı” kimi ifadələr sadəcə məsuliyyətdən yayınmaq vasitəsinə çevrilir.
Artıq reallığı qəbul etməyin vaxtıdır: problem təbiətdə deyil, idarəetmədədir.
İslahatlar qaçılmazdır. Hesabatlılıq, şəffaflıq və real məsuliyyət mexanizmləri olmadan bu problemlərin həlli mümkün deyil. Dövlət strukturları və vəzifəli şəxslər anlamalıdır ki, onların fəaliyyəti yalnız vəzifə deyil, həm də etimaddır – cənab Prezidentin, xalqın və dövlətin etimadı.
Bu gün qalib ölkənin vətəndaşları olaraq biz daha məsuliyyətli idarəetmə, daha dayanıqlı infrastruktur və daha dürüst yanaşma tələb edirik. Çünki yağış yenə yağacaq. Amma nəticənin necə olacağı artıq bizim seçimimizdir.
Rövşən Hüseynli
Subyekt.az