![]()
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı müasir Azərbaycanın ən mühüm dövlət layihələrindən biridir. Bu proqram təkcə dağıdılmış şəhər və kəndlərin bərpasını deyil, həm də on minlərlə vətəndaşın doğma yurduna ləyaqətli şəkildə qayıdışını təmin etməyi hədəfləyir.
Bu məqsəd dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və milli həmrəyliyinin təzahürüdür.
Lakin cəmiyyəti düşündürən əsas suallardan biri budur:
Böyük Qayıdış proqramı həqiqətən Prezidentin müəyyən etdiyi prinsiplərlə icra olunur, yoxsa bəzi maraq qrupları bu tarixi layihəni şəxsi gəlir mənbəyinə çevirməyə çalışırlar?
Qarabağda tikinti meydanı, yoxsa milyonların bölüşdürülməsi?
Son illər Qarabağ və Şərqi Zəngəzurda yüzlərlə tikinti, bərpa və infrastruktur layihəsi həyata keçirilir.
Bu layihələr dövlət büdcəsindən ayrılmış milyardlarla manat vəsait hesabına maliyyələşdirilir.
Məhz buna görə də hər qəpiyin necə xərcləndiyi ictimai nəzarətin predmetidir.
Cəmiyyət arasında tez-tez belə iddialar səslənir ki, bəzi iri layihələrin icrası zamanı tenderlər ətrafında qeyri-rəsmi maraqlar formalaşır, layihələr bir şirkətdən digərinə ötürülür və nəticədə faktiki işi yerinə yetirən icraçı layihənin yalnız kiçik hissəsini əldə edir.
Əgər bu kimi iddialar həqiqəti əks etdirirsə, nəticə olduqca təhlükəlidir.
Çünki dövlət büdcəsinin böyük hissəsi vasitəçilər arasında bölüşdürülür, layihələrin keyfiyyəti aşağı düşür, tikinti müddətləri uzanır, ən əsası isə Böyük Qayıdış prosesinin sürəti ləngiyir.
Dövlət vəsaiti müqəddəs əmanətdir
Qarabağ uğrunda minlərlə şəhid canından keçib.
Bu torpaqların bərpasına ayrılan dövlət vəsaiti sadəcə maliyyə deyil.
Bu vəsait şəhidlərin qanı bahasına azad edilmiş torpaqların dirçəldilməsi üçün xalqın Prezidentə etibar etdiyi milli sərvətdir.
Belə bir layihədə hər hansı korrupsiya, israfçılıq və ya vəzifədən sui-istifadə yalnız iqtisadi cinayət deyil.
Bu, dövlətin strateji məqsədlərinə zərbə vurmaq deməkdir.
Xüsusi nümayəndəliklərin fəaliyyəti də ictimai etimad çərçivəsində qiymətləndirilməlidir
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda xüsusi nümayəndəlik institutunu yaradarkən əsas məqsəd idarəetmənin çevikliyini artırmaq idi.
Lakin dövlət idarəçiliyində heç bir qurum ictimai nəzarətdən kənarda ola bilməz.
Əgər cəmiyyət arasında hər hansı xüsusi nümayəndəliyin fəaliyyəti ilə bağlı narazılıqlar, suallar və ya iddialar mövcuddursa, onların araşdırılması həm həmin qurumların nüfuzunun qorunması, həm də ictimai etimadın möhkəmləndirilməsi baxımından vacibdir.
Şəffaf fəaliyyət göstərən qurum üçün audit və yoxlama təhlükə deyil.
Əksinə, bu, etimadın təsdiqidir.
Layihələr niyə dəfələrlə əl dəyişir?
Tikinti sektorunu yaxından izləyən mütəxəssislər qeyd edirlər ki, bəzi iri layihələrdə baş podratçı ilə faktiki icraçı arasında bir neçə vasitəçi şirkət olur.
Belə hallarda layihənin ilkin büdcəsi mərhələlərlə azalır.
Nəticədə son icraçı keyfiyyəti qorumaq üçün kifayət qədər maliyyə resursuna malik olmur.
Bu isə:
– tikintinin keyfiyyətinin aşağı düşməsi;
– ucuz materiallardan istifadə riski;
– layihələrin gecikməsi;
– dövlət büdcəsinin səmərəsiz xərclənməsi kimi problemlər yarada bilər.
Əgər belə hallar baş verirsə, aidiyyəti dövlət qurumları tərəfindən hüquqi qiymət verilməlidir.
Kəlbəcər nümunəsi düşündürür
Kəlbəcərin su təchizatı ilə bağlı müxtəlif suallar ictimai müzakirələrə səbəb olub.
Bəzi yerli sakinlər bildirirlər ki, uzun illər bölgəni keyfiyyətli içməli su ilə təmin edən təbii bulaq mənbələri mövcud olduğu halda alternativ marşrutların seçilməsi əlavə maliyyə xərclərinə səbəb olub.
Əgər bu kimi qərarlar həqiqətən texniki zərurətdən deyil, əsassız maliyyə yükü yaratmaq məqsədilə qəbul edilibsə, bu məsələlər müstəqil mühəndis və maliyyə ekspertləri tərəfindən araşdırılmalıdır.
Çünki dövlət layihəsinin əsas meyarı daha çox vəsait xərcləmək deyil, daha səmərəli nəticə əldə etməkdir.
Maliyyə auditi zərurətə çevrilir
Mövcud iddialar fonunda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iri dövlət layihələrinin maliyyə və texniki auditdən keçirilməsi ictimai maraqlara uyğun addım ola bilər.
Belə yoxlamalar aşağıdakı məsələlərə aydınlıq gətirə bilər:
– ayrılmış vəsaitin faktiki təyinatı;
– podratçı və subpodratçı münasibətləri;
– layihələrin real dəyəri;
– texniki keyfiyyət standartlarına əməl olunması;
– tikinti materiallarının uyğunluğu;
– büdcə vəsaitinin səmərəliliyi.
Əgər hər şey qanunauyğundursa, audit bunu təsdiq edəcək.
Əks halda isə qanun qarşısında hər kəs məsuliyyət daşımalıdır.
Şəffaflıq Böyük Qayıdışın əsas şərtidir
Böyük Qayıdış yalnız ev tikmək demək deyil.
Bu proqram dövlətə inamın bərpasıdır.
Əgər hansısa vəzifəli şəxslər, podratçılar və ya maraq qrupları bu tarixi missiyanı şəxsi qazanc vasitəsinə çevirməyə çalışırlarsa, onlar ilk növbədə dövlətə, cəmiyyətə və şəhidlərin xatirəsinə qarşı məsuliyyət daşıyırlar.
Heç bir vəzifə toxunulmazlıq yaratmır.
Heç bir status qanundan üstün deyil.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət vəsaiti müqəddəsdir və ondan səmərəsiz istifadə yolverilməzdir.
Bu prinsip Qarabağ layihələrinə də eyni dərəcədə şamil olunmalıdır.
Qarabağın bərpası Azərbaycanın XXI əsrdə həyata keçirdiyi ən böyük milli layihədir.
Bu layihənin uğuru yalnız tikilən yolların, binaların və körpülərin sayı ilə deyil, həm də şəffaf idarəetmə, qanunun aliliyi və dövlət vəsaitinə vicdanlı münasibətlə ölçüləcək.
Əgər haradasa korrupsiya, israfçılıq və ya vəzifədən sui-istifadə halları mövcuddursa, onlar hüquqi prosedurlar çərçivəsində obyektiv araşdırılmalı, faktlar təsdiqini tapdığı halda qanun qarşısında məsuliyyət müəyyən edilməlidir.
Şəhidlərin qanı bahasına azad olunmuş Qarabağ heç kimin şəxsi qazanc meydanı olmamalıdır.
Bu torpaqların hər daşı Azərbaycan dövlətinin ləyaqətini, xalqın etimadını və gələcək nəsillərin ümidini təmsil edir.
#İlhamƏliyev #BöyükQayıdış #Qarabağ #ŞərqiZəngəzur
Rövşən Hüseynli
Subyekt.az