![]()
Azərbaycan xalqının taleyində silinməz iz qoymuş böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi tarixə əbədi həkk olunmuşdur. Bu gün xalqımız onun anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Çünki Heydər Əliyev adı Azərbaycan dövlətçiliyi, milli müstəqillik, siyasi sabitlik və güclü gələcək anlayışları ilə ayrılmaz şəkildə bağlıdır. Onun həyat yolu və siyasi fəaliyyəti Azərbaycan xalqına xidmət nümunəsi olmaqla yanaşı, həm də dövlətçilik məktəbi kimi qiymətləndirilir.
Heydər Əliyev Azərbaycanı təkcə idarə edən lider deyil, eyni zamanda xalqını sevən, onun gələcəyini düşünən və milli maraqları hər şeydən üstün tutan böyük şəxsiyyət idi. O, keçmiş sovet dövründə yüksək dövlət vəzifələrində çalışsa da, daim Azərbaycanın inkişafını, milli maraqlarını və xalqın rifahını düşünürdü. Hələ Sovet İttifaqı dövründə rəhbərlik etdiyi illərdə ölkəmizdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük inkişaf baş verdi. Azərbaycanın keçmiş ittifaq respublikaları arasında ön sıralara yüksəlməsi məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
Ulu öndərin siyasi uzaqgörənliyi xüsusilə milli maraqların müdafiəsində özünü açıq şəkildə göstərirdi. O dövrdə Moskvada yüksək vəzifədə çalışmasına baxmayaraq, Azərbaycanda baş verən bütün ictimai-siyasi prosesləri diqqətlə izləyirdi. 1990-cı ilin qanlı 20 Yanvar faciəsi zamanı sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətə ilk və ən sərt etiraz edən məhz Heydər Əliyev oldu. O, Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyini açıq şəkildə ittiham etdi və faciənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Bu cəsarətli addım həmin dövrdə böyük risk hesab olunurdu. Çünki sovet rejiminin sərt nəzarəti altında belə bir mövqe ortaya qoymaq böyük siyasi iradə və vətən sevgisi tələb edirdi.
Sonrakı mərhələdə Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan tarixində yeni bir dönüş nöqtəsinə çevrildi. Həmin illərdə ölkədə siyasi böhran, hakimiyyət uğrunda çəkişmələr, xaos və özbaşınalıq hökm sürürdü. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, dövlət müstəqilliyi təhlükə altında qalırdı. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu. O, qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, dövlət institutlarını möhkəmləndirdi və Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun əsas istiqamətlərindən biri güclü dövlət və güclü ordu quruculuğu idi. O, yaxşı bilirdi ki, müstəqilliyin qorunması üçün ilk növbədə dövlətin siyasi dayaqları möhkəm olmalı, milli birlik təmin edilməlidir. Məhz onun əsasını qoyduğu ordu quruculuğu siyasəti sonrakı illərdə Azərbaycanın hərbi qüdrətinin artmasına zəmin yaratdı. Bu gün Azərbaycanın regionun ən güclü ordularından birinə sahib olması ulu öndərin müəyyən etdiyi strateji yolun nəticəsidir.
Ümummilli liderin siyasi xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük nailiyyətlər əldə edib. Dövlətimizin beynəlxalq nüfuzu artıb, ölkəmiz regionun əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib.
Azərbaycan xalqının ən böyük tarixi nailiyyətlərindən biri isə 2020-ci ildə qazanılan möhtəşəm Qarabağ zəfəridir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli qürur, tarixi ədalətin bərpası və xalqımızın yenilməz ruhunun təntənəsi idi. Qarabağın azad olunması uzun illər ərzində ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri olmuşdu. Məhz buna görə də Qarabağ zəfəri ulu öndərin ideyalarının və siyasi kursunun ən böyük təntənəsi, onun arzularının ali zirvəsi kimi qiymətləndirilir.
Bu zəfər göstərdi ki, Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik siyasəti və milli birlik ideologiyası Azərbaycanı böyük qələbəyə aparan əsas amillərdən biri olmuşdur. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Azərbaycan xalqı artıq qalib xalq kimi öz tarixinin ən şərəfli dövrünü yaşayır.
Heydər Əliyev Azərbaycan xalqına sadəcə bir dövlət deyil, həm də güclü gələcəyə aparan siyasi yol miras qoydu. Bu yol milli birlik, vətənpərvərlik, dövlətə sədaqət və xalqın rifahına xidmət prinsiplərinə əsaslanır. Məhz buna görə də ulu öndərin adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onun ideyaları gələcək nəsillər üçün də örnək olacaqdır.
Bu gün hər bir azərbaycanlı böyük fəxarət hissi ilə deyə bilər ki, müasir Azərbaycanın uğurları, qüdrəti və beynəlxalq nüfuzu Heydər Əliyev siyasətinin nəticəsidir. Qarabağ zəfəri isə həmin siyasətin ən böyük zirvəsi və tarixi təntənəsidir.
Tanrı Azərbaycanı qorusun, xalqımızın birliyini və dövlətimizin müstəqilliyini daim əbədi etsin!

#TarixdəBuGün #UluÖndər #HeydərƏliyev #Azərbaycan #RövşənHüseynov #Kəlbəcər #Tatlarkəndi
Rövşən Hüseynli
Subyekt.az