![]()
151 illik Azərbaycan mətbuatına açıq məktub
22 iyul… Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü.
Bir əsrdən artıq tarixi olan bu peşənin əsas missiyası həqiqəti müdafiə etmək, cəmiyyətin səsi olmaq, haqqı demək və susdurulanların harayını eşitdirmək idi. Həsən bəy Zərdabinin qoyduğu məktəb də məhz buna xidmət edirdi.
Amma bu gün informasiya məkanına baxanda istər-istəməz insan özündən soruşur:
Biz doğrudanmı Zərdabinin yaratdığı mətbuatın davamçılarıyıq?
44 günlük Vətən müharibəsində səngərlərlə yanaşı informasiya cəbhəsində döyüşən, Şuşadan dünyaya Azərbaycan həqiqətlərini çatdıran media ilə bu gün sosial şəbəkə fenomenlərinin həyatını ölkənin əsas gündəminə çevirən media arasında uçurum qədər fərq var.
Bir ananın həbs edilməsini qətiyyətlə pisləyirəm.
Baş vermiş ağır yol-nəqliyyat hadisəsində həyatını itirən insanın faciəsi də, məhkəmə qarşısına çıxarılan tərəfin hüquqi məsuliyyəti də dövlətin qanunları çərçivəsində qiymətləndirilməlidir. Məhkəmə qərarlarını hüquq müəyyən etməlidir, sosial şəbəkələrin emosiyaları yox.
Lakin məni düşündürən məsələ məhkəmə prosesi deyil.
Məni düşündürən odur ki, ölkənin aparıcı media qurumları “Arzum 999” kimi tanınan tiktokerin ev dustaqlığına buraxılmasını günün əsas hadisəsinə çevirməyi özlərinə peşə uğuru hesab etdilər. Studiyalarda sevinc ifadələri, sosial şəbəkələrdə hay-küy, “Arzum” şüarları…
Doğrudanmı milli mətbuatın arzusu budur?
Bu gün Azərbaycanın minlərlə əlili, şəhid ailəsi, qazisi, ağır xəstəsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşı görünməz vəziyyətə salınıb.
Çünki onların TikTok izləyicisi yoxdur.
Onların reytinq gətirən canlı yayımları yoxdur.
Onların milyonlarla baxış toplayacaq sensasiyalı görüntüləri yoxdur.
Amma onların həyat mübarizəsi var.
Onların ağrısı var.
Onların haqq səsi var.
Və həmin səs eşidilmir…
Əgər doğrudan da jurnalist olduğunuzu düşünürsünüzsə, bir gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşısına gedin.
Orada hər gün Azərbaycanın bütün bölgələrindən gələn yüzlərlə insanın taleyi yazılır.
Əlil arabasında saatlarla gözləyən insanlar…
Əqli və fiziki məhdudiyyətli övladını qucağında gətirən analar…
Yaşlı valideynini günün altında növbəyə dayandıran övladlar…
İllərlə dəyişməyən diaqnozunu yenidən sübut etməyə məcbur edilən vətəndaşlar…
Bax, əsl xəbər budur.
Əsl jurnalistika da məhz buradan başlayır.
Ömürlük əlilliyi təsdiqlənmiş insan niyə yenidən müayinədən keçməlidir?
Amputasiya olunmuş əza yenidən bitəcəkmi?
Əlil arabasında yaşayan insan sabah yeriyəcəkmi?
Yox!
O zaman bu qədər insan niyə yüzlərlə kilometr yol qət edərək Bakıya gəlməyə məcbur edilir?
Bu sual təkcə sosial deyil.
Bu sual hüquq dövlətinə verilən sualdır.
Bu sual humanizmə verilən sualdır.
Bu sual dövlət idarəçiliyinə verilən sualdır.
Bu gün Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müraciət edirəm.

Cənab nazir!
Bir gün əvvəlcədən xəbər vermədən tabeliyinizdə fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə baş çəkin.
İnsanların üzünə baxın.
Onların gözlərindəki ümidsizliyi görün.
Əlil arabasında saatlarla gözləyən vətəndaşın nə düşündüyünü dinləyin.
Əminəm ki, gördükləriniz sizi ciddi qərarlar verməyə vadar edəcək.
Əks halda cəmiyyət belə nəticəyə gələcək ki, problem yalnız Agentlikdə deyil, bütövlükdə idarəetmə mexanizmindədir.
Yerlərdə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyaları hansı funksiyanı yerinə yetirir?
Əgər son qərarı yenə Bakı verəcəksə, həmin strukturların saxlanılmasına dövlət büdcəsindən ayrılan milyonlarla manatın səmərəliliyi barədə ictimaiyyətə aydın izahat verilməlidir.
Sosial siyasətin məqsədi vətəndaşı yormaq deyil.
Sosial siyasətin məqsədi insanı qorumaqdır.
Bu gün yüzlərlə insan dövlətə yox, bürokratiyaya uduzur.
Ən təhlükəlisi isə budur ki, vətəndaşın narazılığı dövlətə yönəlir.
Halbuki dövlət anlayışı məmurun davranışı ilə eyniləşdirilməməlidir.
Məmur vətəndaşla dövlət arasında körpü olmalıdır, sədd yox.
Milli mətbuatın əsas vəzifəsi də məhz bu körpünü qorumaqdır.
Jurnalistika hakimiyyətə qarşı deyil.
Jurnalistika cəmiyyət naminə həqiqətin tərəfində olmalıdır.
Çünki susan media gec-tez cəmiyyətin vicdanını da susdurur.
Bu gün “Arzum” adı ilə gündəm quranlar bir şeyi unutmasınlar.
Azərbaycan insanının əsl arzusu nə sensasiya, nə də sosial şəbəkə fenomenidir.
Azərbaycan insanının arzusu ədalətdir.
Ləyaqətdir.
Qanunun aliliyidir.
İnsana hörmətdir.
Bir tikə halal çörəkdir.
Və bu arzunu görməyən media tarix qarşısında da, vicdan qarşısında da cavabdeh olacaq.
Vicdan hissinizi itirməyin. Çünki vicdanını itirən jurnalist qələmini də itirmiş olur.

Rövşən Hüseynli
Subyekt.az