![]()
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində keçirilən elmi seminar milli-mədəni irsin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və işğaldan azad olunmuş ərazilərdə mədəniyyət ocaqlarının bərpası məsələləri ilə yadda qaldı. Tədbirdə çıxış edən tanınmış ziyalı Ramiz Nəcəfli Kəlbəcərin zəngin tarixi irsindən, vaxtilə yaradılmış muzeyin taleyindən və onun yenidən bərpasının vacibliyindən danışdı.
Ramiz Nəcəfli qeyd etdi ki, Kəlbəcər muzeyi zamanında mərhum Şamil Əsgərovla birlikdə böyük zəhmət və fədakarlıq hesabına qurulub. O, Şamil müəllimin Azərbaycan mədəniyyətinə və tarixinin araşdırılmasına verdiyi töhfələri xüsusi ehtiramla xatırlayaraq, onun xatirəsinin daim yaşayacağını vurğuladı.
Çıxış zamanı bildirildi ki, Kəlbəcər muzeyi təkcə eksponatların nümayiş etdirildiyi məkan olmayıb, eyni zamanda bölgənin qədim tarixini, folklorunu, etnoqrafiyasını və milli yaddaşını özündə yaşadan mühüm mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. İşğal dövründə dağıdılan və talan edilən bu irs nümunəsinin yenidən bərpası bu gün dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biri kimi dəyərləndirilib.
Ramiz Nəcəfli çıxışında əminlik ifadə edib ki, ziyalıların, elm adamlarının və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində, yaxın gələcəkdə Kəlbəcərdə müasir tələblərə cavab verən yeni muzey yaradılacaq. Bildirilib ki, həmin muzey Kəlbəcərin qədim keçmişini, erməni işğalı nəticəsində yaşanan köçkünlük faciəsini və Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm Zəfəri dolğun şəkildə əks etdirəcək.
Seminarda səsləndirilən fikirlər bir daha göstərdi ki, muzeylər xalqın tarixi yaddaşının qorunmasında, milli kimliyin formalaşmasında və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Beynəlxalq Muzeylər Günündə verilən bu mesajlar həm də Azərbaycanın öz mədəni irsinə sahib çıxmaq əzminin növbəti ifadəsi kimi dəyərləndirildi.






Rövşən Hüseynli
Subyekt.az